Rusiya vətəndaşı olan azərbaycanlı niyə Ağdama buraxılmır? – Qurumlar cavab verə bilmir

Rusiya vətəndaşı olan azərbaycanlı ata yurdu Ağdam şəhərinə gedə bilmir.

Bu barədə Musavat.com-a şəxsin qardaşı Fəxrəddin Məmmədov deyib. O bildirib ki, qardaşı Nurəddin Məmmədov Qəmbər oğlu Rusiya vətəndaşıdır. O, neçə müddətdir ki, valideynlərinin məzarını ziyarət etmək üçün azad olunan Ağdama getmək istəyir. Lakin portaldan qeydiyyatdan keçə bilmir. Qardaşının dediyinə görə, buna səbəb N. Məmmədovun Rusiya vətəndaşı olmasıdır.  

“Mən özüm dəfələrlə Ağdama gedib valideynlərimin məzarını ziyarət etmişəm.  Lakin qardaşımın adı portalda görünmür. Bildirilir ki, belə şəxsin adı tapılmadı. Bununla bağlı bir çox qurumlara, Daxili İşlər Nazirliyinə, Prezident Administrasiyasına, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişəm. Lakin dərdimizə çarə tapılmır. Müraciət etdiyim qurumlar deyir ki, bu məsələyə biz baxmırıq. Hara müraciət edəcəyimizi bilmirik.  Aidiyyəti qurumlar  bizə yardım etsinlər. Qardaşım illərdir ki, Ağdamı görmək istəyir”.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Bildirildi ki, məsələ onların səlahiyyəti xaricindədir. 

Şahanə Rəhimli

Musavat.com

17.10.2024 16:20
855