Macarıstanın baş naziri Viktor Orban: “Kremldə hakimiyyətə iddialı olanların hamısı Putindən daha radikaldırlar”
Macarıstanın baş naziri Viktor Orban növbəti dəfə Ukraynadakı müharibədən danışıb. Mühafizəkar nəşrləri təmsil edən jurnalistlərin suallarını cavablandıran baş nazir kifayət qədər açıq danışıb.
Orban hərbi əməliyyatlar başlayandan problem danışıqlar yolu ilə həll etməyə çağıran azsaylı dövlət başçılarından biridir. Baş nazir deyir ki, bunu “Putinin adamı” olduğuna görə yox, Avropa və Macarıstanın taleyindən narahat olduğu üçün edib.
Orbanın fikrincə, Qərb başa düşmür ki, Putin müharibəni uduzmağı özünə rəva bilməz. Çünki Putin bir ildən sonra Rusiyada keçiriləcək prezident seçkilərində iştirak etməli olacaq və seçkiyə müharibədə uduzan lider kimi gedə bilməz. Orban onu da əlavə edib ki, Kreml heç vaxt NATO-nun Ukrayna ərazisində olmasına razı olmayacaq.
Digər tərəfdən, Macarıstan lideri deyib ki, Rusiyanın Ukraynanı “fəth edə biləcəyi və ya orada özünə dost olanlardan hakimiyyət qura biləcəyi günlər çoxdan arxada qalıb”. Ona görə də Macarıstan hökumətinin başçısının fikrincə, Kremlin məqsədi Ukraynanı “nəzarət oluna bilməyən xarabalığa” çevirməkdir. Belə olan halda Qərb Ukraynaya iddia edə bilməyəcək. Orban hesab edir ki, Kreml öz məqsədinin öhdəsindən kifayət qədər uğurla gəlir. Macarıstanın baş naziri iddia edir ki, “Ukrayna müasir Əfqanıstandır”.
Macarıstan liderinin sözlərinə görə, zaman Kremlin tərəfindədir və Qərb bunu başa düşməlidir. "Rusiya nəhəng ölkədir və nəhəng ordunu səfərbər edə bilər. Ukraynanın insan resursları artıq tükənmək üzrədir. Onlara afərin, amma bu resurs tükənəndən sonra necə olacaq?"deyə, Orban jurnalistlərə xitabən soruşub.
“Əgər Rusiya ordusunun elan etdiyi hücum uğurlu olarsa, NATO ölkələri belə bir sualla qarşılaşacaqlar: Ukrayna uğrunda döyüşmək üçün qoşun göndərməlidirlərmi? İndi faktastik səslənir, amma bunu istisna etmək olmaz” deyə, o bildirib.
Bununla belə, Macarıstanın baş naziri hesab edir ki, Qərb ölkələri Rusiya ilə müharibə vəziyyətindədir. Orbana görə, Qərb Rusiya ilə müharibədə olmadığını düşünə bilər, lakin getdikcə daha çox silah göndərməklə və faktiki hərbi müdaxiləyə yaxınlaşmaqla Qərb liderləri Rusiya ilə son dərəcə təhlükəli oyun oynayırlar.
Orban Moskvanın nüvə silahından istifadə edəcəyini istisna etməyib. Ancaq o, "Varşava və Berlin üzərində nüvə göbələyi" deyil, bunun taktiki nüvə zərbəsi olacağını qeyd edir. Orban deyib: “Əgər Ukrayna NATO silahlarından istifadə edərək Rusiya sərhədlərini keçərsə, dünyanın gələcəyi o qədər “parlaq” olacaq ki, Qərb günəş eynəyi taxmalı olacaq”.
İştirak edən jurnalistlərdən biri qeyd edib ki, Rusiyanın döyüş meydanında problemləri var. Orban bununla razılaşıb, lakin əlavə etdi ki, Rusiya müharibələrə həmişə pis nəticə ilə başlayır, lakin zamanla vəziyyəti düzəltməyə nail olur, bundan sonra isə “rusları dayandırmaq çətinləşir”. Macarıstanlı siyasətçinin sözlərinə görə, Ukrayna müharibəsində də belə olacaq.
Orban Rusiya ilə Ukraynanı barışdıra biləcək liderlə bağlı fikirlərini bölüşüb. Macarıstanın baş naziri deyib ki, bu işi Benyamin Netanyahu edə bilər. O deyib ki, İsrail lideri Tehranla Moskva arasında yaranan hərbi ittifaqı dayandırmaq üçün müdaxilə etməyə məcbur olacaq.
Jurnalistlərdən biri Macarıstan liderindən Rusiyada dövlət çevrilişi ehtimalını dəyərləndirməyi, bunun nəticəsində Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılmasını xahiş edib. Orban cavab verdi ki, bu, heç nəyi dəyişməyəcək, çünki Kremldə hakimiyyətə iddialı olanların hamısı Putindən daha radikaldırlar.
Macarıstanın baş naziri deyib ki, uzunmüddətli perspektivdə Qərb dövlətləri yanlış tərəf seçiblər. Orbanın fikrincə, Rusiya daxili ehtiyatları və insan resurslarına arxalanaraq müharibədə qalib gələcək.
Orxan ƏLİYEV,
Musavat.com