Xəbər verildiyi kimi, dünən Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək görüş olub.
Bu görüş Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyinə təsadüf etdiyindən Vladimir Putin Ulu Öndər Heydər Əliyevin vaxtilə “Ümumittifaq tikintisi” adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak etdiyini və onun reallaşdırılmasına öz töhfəsini verdiyini qeyd edib. Ulu Öndər sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daimi donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. O da faktdır ki, BAM-ın tikintisində Azərbaycanın minlərlə vətəndaşı iştirak edib. Onların çoxu sonradan Rusiyada məskunlaşıb.
Artıq bir neçə ildir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma ən yüksək səviyyədədir. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, zaman qarşılıqlı münasibətlərdəki anlaşılmazlıqları, umu-küsüləri retuşlayır. Rusiya da, Azərbaycanda gələcəyə nikbin nəzərlərlə baxır.
2022-ci ilin fevralında Kremldə imzalanmış strateji müttəfiqlik haqqında saziş bu gün də lazmi effektivliklə işləyir və tərəflər onun hər bir müddəasına riayət edirlər.
Qeyd edək ki, bu sənəd həm Rusiya, həm də Azərbaycan üçün olduqca həssas bir dönəmdə imzalanıb. Sonrakı illər göstərdi ki, bu saziş beynəlxalq arenada, xüsusilə də Avropada təklənən Rusiya üçün nə qədər əhəmiyyətlidirsə, Qarabağ üzərində öz suveren hüquqlarını bərpa etdiyinə görə bəzi Avropa ölkələrinin haqsız basqısına məruz qalan Azərbaycan üçün də çox əhəmiyyətlidir.
Hazırda Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, bir-birini dəstəkləmə və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Rusiya üçün cənub istiqamətində strateji nəqliyyat dəhlizlərindən biri Azərbaycan ərazisindən keçir və Rusiya ilə İran arasında əlaqə yaradır. Bu, yük tranziti baxımından hər üç dövlətə faydalıdır.
Belə bir gerçəklik də var ki, dövlətlər arasında nə qədər çoxtərəfli sazişlər, müqavilələr, kommunikelər imzalansa da, ölkə başçıları arasında soyuqluq varsa, o zaman o sənədlər kağız üzərində qalacaq, işləməyəcək. Xoşbəxtlikdən, hələ Ümummili Lider Heydər Əliyevlə Rusiya lideri Vladimir Putin arasında təməli qoyulan dostluq və əməkdaşlıq bu gün Prezident İlham Əliyevlə Putin arasında rəvan şəkildə davam edir.
Azərbaycanın müasir tarixində bu dostluğun real nəticələri haqqında uzun-uzadı yazmaq olar və yəqin ki, gələcəkdə daha ətraflı yazılacaq. İndilikdə onu demək olar ki, Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur.
Rusiya hərbi sənayesi, iqtisadi imkanları baxımından bizim qüdrətli qonşumuzdur. Biz bu dövlətlə eyni ittifaqda təmsil olunmuş, eyni ideologiya ilə idarə edilmiş, eyni dəyərləri bölüşmüşük. Rusiya ölkəmiz üçün geniş bazardır və bu ölkədə yaşayan milyonlarla soydaşımızın ikinci vətənidir. Ona görə də biz qonşuluğumuzdakı bu qüdrətli dövlətlə münasibətlərimizi daima mehriban qonşuluq şəraitində inkişaf etdirməliyik, keçmişə qapanıb qalmamalı, vaxtilə bu dövlətin ayrı-ayrı məsuliyyətsiz və qərəzkar rəhbərlərinin xalqımıza qarşı etdiyi pislikləri şişirdib milli doktrina səviyyəsinə çatdırmamalıyıq. Qərb qonşuluğumuzda belə edənlər, 100 il əvvəl baş vermiş hadisələrə görə hələ də böyük qonşusu ilə düşmənçilikdən əl çəkməyənlər var və onların bundan xeyir tapdıqlarını söyləmək mümkün deyil. Biz o cür səhvləri buraxmamalıyıq, keçmişimizi unutmamalı, ondan dərs çıxarmalıyıq, amma gələcək fəaliyyətimizi də müasir konyukturanın tələblərinə uyğun təşkil etməliyik.
Başqa sözlə, hər zaman ayıq-sayıq, praqmatik olmaq lazımdır. Kremldə iş təcrübəsi olan, SSRİ kimi dövlətin nə cür idarə edildiyini yaxşı bilən Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Rusiya ilə münasibətlərə ona görə yeni bir dizayn verilidi ki, bu intirqanın sonunun bizim üçün daha ağır ola biləcəyi ortada idi. Ondan sonra biz ziyanın yarısından qayıtdıq və ölkələrimiz arasında münasibətlərin normal müstəvidə inkişaf etdirilməsinə başladıq.
Həmin münasibətlərin şanlı səhifəsi 2020-ci ilin ikinci yarısından bu günə qədər davam edir. Rusiya Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 10 noyabr (2020) müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb.
Etiraf edək ki, Rusiya rəhbərliyi tam 32 ildən sonra Qarabağ münaqişəsi xüsusunda bitərəf mövqe tutmasaydı, tarixin zəfərimizin qazanılması ya baş tutmazdı, ya da qat-qat çətin olardı. Çünki Rusiyada, demək olar ki, əksər sferalarda (siyasət, iqtisadiyyat, mədəniyyət və s.) ermənilərin ciddi dəstəkçiləri vardı və onlar Kremlə təzyiq göstərirdilər ki, həmişəki kimi Ermənistanı müdafiə etsin. Ancaq V.Putin özlərini ərköyün uşaq kimi aparan erməni liderlərin fitnəsinə uyaraq rus əsgərlərini erməni döyüşçülərin əvəzinə səngərə soxmadı.
Rusiyanın neytrallığı kifayət etdi ki, biz halal haqqımızı əldə edək.
İndi əsas məsələ hər iki ölkə üçün ağır və ağrılı keçən dönəmi arxada qoymaqdır. Rusiyanın qanlı-qadalı müharibəni bitirməsindən və Azərbaycanın Ermənistanla yekun sülh sazişi imzalamasından sonra iki dövlət arasında hərtərfli münasibətlər yeni bir mərhələyə adlayacaq.
Hazırda isə Rusiyanın az qala 200 ildən sonra anladığı və əmin olduğu bir gerçəklik var: Azərbaycan dar günlərdə güvəniləsi dostdur; o, xəyanətə yuvarlanmaz, arxadan bıçaq saplamaz, nankorluq etməz. Demək, həlledici anlarda qırdı-qaçdıqlıq edənlərlə yox, Azərbaycan kimi etibarlı tərəfdaşlarla yaxın olmaq lazımdır.
Musavat.com