Rusiya və ABŞ əsir mübadiləsi aparıb. Musavat.com “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, mübadilə Əbu-Dabidə iki ölkənin kəşfiyyat xidmətlərinin nümayəndələrinin iştirakı ilə baş tutub.
Rusiya və ABŞ vətəndaşı olan Kseniya Karelina Rusiyadakı cəzaçəkmə müəssisəsindən azad edilib. Mart ayında o, dövlətə xəyanət ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb qadının Ukrayna fonduna 50 dolların köçürməsi olub.
Nəşrin məlumatına görə, mübadilə kəşfiyyat orqanlarının işinin bir hissəsi və ölkələr arasında “etimadın möhkəmləndirilməsi əlaməti” kimi baş tutub.
ABŞ da öz növbəsində Rusiya və Almaniya vətəndaşı Artur Petrovu azad edib. O, 2023-cü ildə ikili təyinatlı mikroelektronik məhsulları qeyri-qanuni ixrac etməyə cəhddə ittiham edilərək Kiprdə həbs edilib.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Karelina artıq evə gedir. O, prezident Donald Trampın xaricdə saxlanılan digər ABŞ vətəndaşlarının azad edilməsi üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Musavat.com