Rusiya Ukraynaya atom bombası ata bilməyəcək - ilginc səbəb

Arzu Nağıyev: “Çin Ukraynaya müvafiq təhlükəsizlik zəmanətlərinin veriləcəyini təsdiq edib”

Rusiya-Ukrayna müharibəsi 28-ci ayına yaxınlaşır. Bir çox hərbi ekspertlərə görə, qarşı duran tərəflər artıq ən kritik aylara yaxınlaşır. Çünki məhz iyul-avqust ayları, ümumən yay mövsümü ərzində müharibədə mühüm dönüş olacağı gözlənilir. Bu xüsusda Rusiyanın ciddi uğursuzluğa tuş gələcəyi təqdirdə daha hansı ağlasığmaz addımı atacağı da maraqla izlənilir.  Bu arada Yaponiyanın baş naziri Fumio Kişida parlamentin aşağı palatasının komitəsində müzakirələr zamanı Çin və Ukraynanın əldə etdiyi razılaşmaları şərh edib. TASS-ın məlumatına görə, Kişida xatırladıb ki, Pekin və Kiyev 2013-cü ildə səmərəli əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənədə görə, Ukrayna Çinin “nüvə çətiri” altındadır. “Həmin vaxt yayılan birgə bəyanatda deyilirdi ki, Çin Ukraynaya müdaxilə və ya nüvə silahı ilə işğal təhlükəsi halında Ukraynaya qarşılıqlı təhlükəsizlik zəmanəti verməyə razıdır”, - deyə siyasətçi vurğulayıb.

Bu isə o anlama gəlir ki, Rusiya Çinin izni olmadan, Ukraynaya atom silahı ata bilməz. Moskvanın Pekindən getdikcə artan asılılığı fonunda Ukrayna Çinin “nüvə çətiri” altında daldalana biləcəkmi?  Moskva Pekinin razılığı olmadan nüvə avantürasına gedə bilərmi?

Arzu Nağıyev: dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli  deyil - 03.03.2023, Sputnik Azərbaycan

 Arzu Nağıyev

Deputat, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, hələ 2013-cü ildə Pekinlə Kiyev arasında əldə olunmuş razılaşmalar Ukraynanı ona qarşı nüvə silahının tətbiq edilməsindən müdafiəsini təmin edir: “O zaman dərc edilən birgə bəyanatda deyilirdi ki, hərbi müdaxilə və ya nüvə silahının tətbiqi ilə müdaxilə təhlükəsi olduqda Çin Ukraynaya qarşılıqlı təhlükəsizlik zəmanətləri verməyə hazırdır. O zaman Ukrayna prezidenti postunu tutan Viktor Yanukoviç 5 dekabr 2013-cü ildə əməkdaşlıq haqqında müqavilə və strateji tərəfdaşlığın bundan sonra da dərinləşdirilməsi haqqında bəyannamə imzalayıb. Bəyannamədə o cümlədən qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının 984-cü qətnaməsinin müddəalarına uyğun olaraq, habelə ÇXR hökumətinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi haqqında 4 dekabr 1994-cü il tarixli bəyanatı əsasında Çin tərəfi heç bir şəraitdə Ukraynaya qarşı nüvə silahına malik olmayan dövlət kimi nüvə silahını tətbiq etməmək və onun tətbiqi ilə təhdid etməmək öhdəliyini götürüb. Bundan başqa, Ukrayna nüvə silahının tətbiqi ilə təcavüzün və ya belə təcavüzün həyata keçirilməsi təhlükəsinin qurbanı olduğu halda Çin Ukraynaya müvafiq təhlükəsizlik zəmanətlərinin veriləcəyini təsdiq edib”.

Deputat deyib ki, Çin dəfələrlə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının zəruriliyini vurğulayıb: “Rusiyanın Ukraynada gerçəkləşdirdiyi "xüsusi hərbi əməliyyat"ın ildönümündə Çin Ukrayna münaqişəsindən çıxmaq üçün 12 bənddən ibarət sülh planı təqdim edib. Bu plana o cümlədən bütün ölkələrin suverenliyinə hörmət edilməsi, döyüş əməliyyatlarının dayandırılması, sülh danışıqlarının başlanması və s. bəndlər daxildir".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

20.06.2023 09:03
1165