Rusiya-Ukrayna müharibəsində ən gərgin faza - yeni hücum hazırlanır

Kursk vilayətində əsas təchizat xətti olan üçüncü körpü də vuruldu, “Əhməd” batalyonunun komandanı Ukraynanın daha bir istiqamətdə hərəkətə keçəcəyini açıqladı, Donbasda da qırğın gedir; Lukaşenko nüvə bombası anonsu verdi

Ukrayna Silahlı Qüvvələri (USQ) Kursk yaxınlığında Seym çayı üzərindəki üçüncü körpüyə zərbə endirib. Məlumata görə, hazırda Kursk vilayətində körpünün üç girişi də dağıdılıb. Sərhəd bölgəsindəki Rusiya hərbçiləri tamamilə ponton körpülərlə təmin edilir ki, bu da dinc sakinlərin təxliyəsini davam etdirməyə imkan verir. Habelə, Ukraynanın Kursk vilayətinə pilotsuz uçuş aparatları ilə növbəti həmləsinin qarşısı alınıb. Rusiyanın Müdafiə Nazirliyi belə məlumat yayıb. Bundan əlavə, Rusiyanın Rostov vilayətinin Proletar şəhərindəki kombinatın PUA hücumu nəticəsində vurulması ilə baş verən yanğından sonra şəhərdə fövqəladə vəziyyət elan edilib. Proletar rayonunun administrasiyası məlumat yayıb.

Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Əhməd” xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov isə deyib ki, Ukrayna ordusu Kursk istiqamətində yeni bölgədə hücuma keçmək cəhdi ilə yenidən yerləşdirilir. “Vəziyyət nəzarət altındadır. Dünən çox ağır gün idi, düşmən bir neçə hücum dalğası təşkil etmişdi. Amma irəliləyən düşmənin canlı qüvvəsi, bəzi avadanlıqları məhv edildi. Düşmən hücum üçün yenidən mövqelərini dəyişir”, - Alaudinov bildirib.

Rusiya əraziləri ilə yanaşı, Ukraynanın separatçı regionu Donbasda da ağır döyüşlər davam edir. Rusların ağır itkiləri onların Pokrovsk istiqamətində irəliləməsini çətinləşdirir. Ukraynalı zabit Nikolay Koval deyib ki, onlar ilk növbədə yola çıxmaq istəyirlər: “Bu, təkcə Pokrovsk vasitəsilə ola bilməz. Ola bilsin ki, Mirnoqraddan da keçsin. Düşmən irəliləməyə çalışır, lakin ağır itkilərə görə o da bunu edə bilmir, çünki biz əlimizdən gələni edirik ki, nə piyada, nə də texnika keçə bilməsin”.

Göründüyü kimi, Ukrayna-Rusiya müharibəsi ən gərgin və kritik mərhələyə keçib. Heç şübhəsiz ki, Rusiya müharibənin artıq onun ərzisində getməsinə olduqca aqressiv cavab planlaşdırır. Hələ xeyli müddət öncədən Medvedyev və digər rəsmilər səviyyəsində açıqlama verilirdi ki, Rusiyaya təhdidlər artarsa, onun ərazisinə girilərsə, nüvə silahından istifadə edəcəklər. Artıq dünya nüvə təhdidi ilə üz-üzədir. Ancaq o da şübhəsizdir ki, Rusiya Ukraynaya nüvə bombası atarsa, qarşılığında Rusiyaya da analoji hücum ola bilər. Bu isə bütövlükdə bölgə üçün fəlakət deməkdir. Bu arada Zaporoje AES ətrafında təhlükəli vəziyyət yaranması barədə açıqlamalar gəlir. “Rusiya taktiki nüvə silahından istifadə edərsə, Ukrayna buna çox sevinər”. Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində belə deyib. Lukaşenko Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk bölgəsinə müdaxiləsi barədə danışarkən deyib ki, bu, münaqişənin eskalasiyasına gətirib çıxarır: “Təhlükə ondan ibarətdir ki, Ukrayna tərəfindən bu cür eskalasiya Rusiyanı asimmetrik hərəkətlərə sövq etmək cəhdidir. Yaxşı, nüvə silahından istifadəni götürək. Mən dəqiq bilirəm ki, Rusiya və ya biz (Belarus-red.) orada taktiki nüvə silahından istifadə etsək, Ukrayna çox şad olar. O zaman çətin ki, bizim müttəfiqimiz qalar. Ümumiyyətlə, heç bizə rəğbəti olan ölkə də qalmaz. İkincisi, bu, nüvə silahıdır. Bizdə artıq nüvə silahları haqqında müəyyən neqativ təsəvvür formalaşıb. Ona görə də onlar (Rusiyanı) buna itələmək istəyirlər”.

Bir sözlə, hazırda baş verənlər Rusiya-Ukrayna savaşında son həmləi kimi görünmür, hələ “qiyamət” qabaqdadır. Çünki NATO Rusiyanın “axilles dabanı”nı Kurskda və sərhədyanı digər vilayətlərdə tapıb. Zelenski də irəliləməyin vacibliyindən danışır. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov isə hesab edir ki, Ukrayna ordusunun Kursk vilayətinə hücumu prezident Vladimir Zelenskinin böyük səhvidir. “O, əvvəllər döyüşə girməmiş yeganə ehtiyatını göndərdi. Amma digər cəbhələrdə məğlubiyyətə uğrayır. Biz sakitcə Donetsk bölgəsini addım-addım azad edirik, şərq cəbhəsində Zaporojyeyə doğru irəliləyirik”, - Cabarov bildirib. “The Times” nəşri yazıb ki, əgər Putin güzəştə getməsə və danışıqlardan imtina etsə, Kiyevin Kursk bölgəsində qalmaqdan başqa yolu qalmayacaq.

Fuad Əliyev vəzifəsinin icrasını dayandırıb » Avrasiya.Net

Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyev Ukraynanın nəticə qazanmasını gözləmir. Onun qəzetimizə dediyinə görə, Kiyev uğursuzluğunu Kurskda kompensasiya etməyə çalışır: “NATO generallarının hazırladığı bu strategiya əslində ukraynalı hərbçiləri sonda tələyə salacaq. Çünki Ukrayna ordusu uzun müddət Kurskda tab gətirə bilməz. Rusiyanın şəxsi heyəti Ukraynadan bir neçə dəfə çoxdur. Bunu Zelenski də etiraf edib. Düzdür, indi istehkamlar qurmağa, əraziləri minalamağa çalışırlar, amma Rusiyanın "B" və “C” planları həmişə var, ona görə bu situasiyadan çıxacaqlar. Avdeyevka, Baxmut, Çasov-Yar kimi istiqamətlərdə rus qoşunları böyük itkilər naminə olsa belə, əraziləri tutmağı bacarıblar, o zaman Kurskda da aparılan hərbi əməliyyatlarda rus ordusu ukraynalıları sıxışdırıb sərhədlərindən uzaqlaşdırmağı bacaracaq".

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova müharibənin iki cəbhədə getdiyini hesab edir: “Rus ordusu Donbasda, Ukrayna Kurskda irəliləməyə çalışır. Ruslar Pokrovsk cəbhəsindəki qüvvələrinin bir hissəsini Kurska göndərməyə məcbur olub. Hiss olunur ki, tərəflər bir-birinin ərazisində uğur əldə etməklə masada əlini gücləndirmək niyyətindədir. Amma bu gedişat atəşkəs üçün yer saxlamır. Xüsusən də kollektiv Qərb Rusiyanın dərinliklərinə müharibəni keçirməklə destabilizasiya yaratmaq hədəfindədir. Burada məqsəd Ukrayna ordusunun qələbəsi deyil, gələcəkdə zəif Rusiya görmək planıdır”. Ekspertin fikrincə, indi Moskva və Kiyev nə qədər tez masaya otursalar, hər ikisi üçün itkilər baxımdan vacib olardı: “Çünki silah satan, qazanan dövlətlər onları vuruşdurur, hər iki dövlətin iqtisadiyyatı, şəhərləri hücumlara məruz qalır. Ukraynanın böyük hissəsi dağılıb, Avropa və ABŞ-ın müharibədən sonra verdiyi pullarla şəhərləri bərpa etmək mümkün olsa belə, yenə də dəymiş zərər fantastikdir. Rusiya da strateji olaraq sıxışdırılmış halda görünür. Odur ki, tezliklə müharibəni dayandırmaq, qarşılıqlı güzəştlər çərçivəsində atəşkəs əldə edərək sülh danışıqlarına başlamaq lazımdır. Hərgah bu alovlu müharibə ilə bunu görə bilmirəm...”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

20.08.2024 11:17
1086