Rusiya taxılının ixrac rüsumu bahalaşdı - Azərbaycana xeyirdir?

Ötən ilin yekununda ölkəmizə buğda idxalının 78 faizi Rusiyanın, 22 faizi Qazaxıstanın payına düşüb

İyulun  18-də Ukrayna taxılının dəniz yolu ilə dünya bazarına  daşınmasını təmin edən “Taxıl sazişi”nin dayanması nəticəsində dünya bazarında buğdanın qiymətində artım müşahidə olunur. O cümlədən Rusiya buğdasının 1 tonu iyunun sonlarındakı 234-240 dollardan 250 dollara qədər bahalaşıb. Misir və digər ölkələrlə sentyabr-oktyabrda çatdırılması nəzərdə tutulan buğda həcmləri  üzrə müqavilələr 1 ton üçün 262-265 dollara bağlanır.

Dünya bazarında qiymətlərin artımı Rusiyada taxıl ixracına tətbiq olunan əlavə rüsumların da yüksəlməsini şərtləndirib. Avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb. Bundan bir həftə əvvəlki tarixlə müqayisədə bir ton buğdanın ixrac rüsumu 15 faiz artırılaraq 4 min 269,9 rubl, arpanın ixrac rüsumu 95,7 faiz artırılaraq 860,3 rubl, qarğıdalının ixrac rüsumu isə 14,7 faiz artırılaraq 2 min 495,3 rubl olub.

Məlumdur ki, Azərbaycan buğda təminatında böyük ölçüdə idxaldan asılıdır. Bunun əsas səbəbi yerli istehsalın həm həcm, həm də keyfiyyət baxımından aşağı səviyyədə olmasıdır. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda buğda istehsalı 1 milyon 736 min ton təşkil edib. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton olmuşdu. Bu isə ötən il Azərbaycanda buğda istehsalında 149 min ton və ya 8 faizə yaxın azalmanın baş verdiyini göstərir.

Rəsmi statistikaya əsasən, 2022-ci ildə ölkə xaricdən 1 milyon 292,996 min ton buğda idxal edib ki, bu da 2021-ci ildəki idxaldan 12,6 faiz çoxdur. Bu idxal ölkəyə 436 milyon 551,2 min dollara (artım 31,5 faiz) başa gəlib. Bu isə 2022-ci ildə  buğdanın tonunun idxalına orta hesabla 337,6 dollar xərc çəkildiyi deməkdir.

Ötən ilki buğda idxalında əsas müsbət məqam alış bazarlarındakı diversifikasiyadır. Belə ki, Azərbaycan 2022-ci ildə Qazaxıstandan 95 milyon 800,45 min dəyərində 280,016 min ton buğda idxal edib ki, bu da 2021-ci ildəkindən 5,3 dəfə çoxdur. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 342,12 dollara başa gəlib. Hesabat dövründə Rusiyadan buğda idxalında həcm ifadəsində 7,9 faiz azalma baş verib. Şimal qonşudan 1 milyon 8,061 min ton buğda alınıb. Lakin Rusiya məhsuluna ödənilən məbləğ 17 faiz artmaqla 337 milyon 491,94 min dollara çatıb. Nəticədə bir ton Rusiya buğdası üçün Azərbaycan 334,79 dollar ödəyib.

Ötən ilin yekununda Azərbaycana buğda idxalının 78 faizi Rusiyanın, 22 faizi Qazaxıstanın payına düşüb.

Bu ilin yeddi ayında isə Azərbaycanın buğda idxalı həcm baxımından artıb, orta idxal dəyəri baxımından azalıb. Rəsmi statistikaya əsasən 2023-cü ilin iyul ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 401,85 manat təşkil edib.

İdxal bazarlarına baxdıqda, Rusiyadan alışın yenə çox olduğu görünür. Belə ki, bu ilin 6 ayında ölkəyə idxal olunmuş 145 milyon 565,05 min dollarlıq 493 min 210,21 ton buğdanın 49 milyon 109,09 min dollarlıq 144 min 565,72 tonu Qazaxıstandan, 96 milyon 455,97 min dollarlıq 348 min 644,49 tonu Rusiyadan alınıb. Bu, idxalın 70,7 faizinin Rusiyadan(2022-ci ildəkindən 7,3 faiz bəndi az), 29,3 faizinin isə Qazaxıstandan(7,3 faiz bəndi çox) reallaşması deməkdir.

Buğdadan əlavə, altı ayda Rusiyadan 14 milyon 898,8 min dollar dəyərində 50459,6 ton buğda-çovdar unu almışıq. Bu məhsul üzrə ümumi idxalımız 14 milyon 996,28 min dollarlıq 50 588,49  ton olub.

Göründüyü kimi, Azərbaycanın buğda təminatında Rusiyanın payı 70 faizdir. Bu o deməkdir ki, Rusiyanın ixrac qiymətlərindəki dəyişiklik Azərbaycanda buğda və un məhsullarının qiymətinə təsir edə bilər.

Lakin artım kifayət qədər aşağı həddə olduğuna görə bu təsirin olmaması da mümkündür. Nəzərə alsaq ki, Azərbaycanda un və çörək ötən il buğda qiymətləri 400 dollardan yuxarı olanda bahalaşdırılıb, dünya bazar qiyməti ötən ildən bəri ikiqat azalsa da, yalnız son aylarda cüzi azalma olub, onda normal məntiqlə 1 tonda 10 dollar bahalaşmanın pərakəndə satış qiymətlərinə elə də ciddi təsir göstərməyəcəyini söyləmək olar.

Bu il Azərbaycanda buğda istehsalında az da olsa artım var. DSK-nın avqustun  15-nə olan məlumatına əsasən ölkədə dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 930,0 min hektar sahənin 910,2 min hektarı və yaxud 97,9 faizi biçilərək məhsulu yığılıb. Sahələrdən 2915,3 min ton məhsul toplanıb, məhsuldarlıq 32,0 sentnerə bərabər olub. Məhsulun 1 milyon 828,6 min tonunu və yaxud 62,7 faizini buğda(ötən il Azərbaycanda buğda istehsalı 1 milyon 736 min ton təşkil edib -red.), 1064,1 min tonunu (36,5 faizini) arpa, 22,6 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

Dövlət Ehtiyatları Agentliyinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti  bu ilin 21 iyun tarixində “Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə” Sərəncam qəbul edib. Sərəncama əsasən, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən  keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-cü il üçün 450 manat müəyyən edilib.

KTN-dən aldığımız məlumata əsasən, avqustun 25-dək tədarük məntəqələrinə 45,2 min ton tələblərə cavab verən ərzaqlıq buğda təhvil verilib. Hazırda ərzaqlıq buğdanın dövlət tədarükü prosesi davam edir.

Qeyd edək ki, hazırda ölkədə pivot suvarma sistemi ilə təmin olunan buğda sahələri daxili tələbatı tam təmin edəcək istehsal imkanına malik deyil. Belə sahələr əsasən aqroparklardadır: 21,7 min ha. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, bu il aqroparkların pivotaltı sahələrində buğda əkini 52  faiz və yaxud 11,3 min hektar artırmaqla 33 min hektara çatdırılıb. Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılıb.

Göründüyü kimi, Azərbaycan hələ ərzaqlıq buğda ilə özünü təhlükəsiz təmin etmək imkanından xeyli uzaqdır. Bu isə idxal bazarlarındakı qiymət dəyişmələrinin ölkədə un və çörəyin qiymətinə təsirlərinin də ən azı ortamüddətli dövr üçün qalacağı deməkdir.

Azərbaycan üçün idxal sahəsində müsbət məqam iki böyük buğda ixracatçısı ilə qonşu olmağımızdır. Bu, ölkənin buğda təminatında qıtlığın olmaması üçün yaxşı imkanlar yaradır. Lakin daxili bazarda un və çörəyin qiymətinə təsir baxımından risklər də böyükdür. Bu, həm qlobal bazarlarda bahalaşma, həm də Azərbaycanın buğda idxalı və un istehsalındakı yüksək inhisarlaşmadan yaranan risklərdir. Hələlik qlobal bazarlarda, o cümlədən əsas idxal ölkəmiz olan Rusiyada kəskin bahalaşma müşahidə olunmur, ən azı 2023-2024-cü il mövsümü üçün proqnozlaşdırılmır. Üstəlik, Rusiya rublunun məzənnəsi sürətlə düşür.  Bu isə o deməkdir ki, daxili bazarda buğda məhsullarının qiymətində hər hansı ciddi artım sırf inhisarçıların fəaliyyətinin nəticəsi olacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

26.08.2023 08:14
875