G7 ölkələri Rusiya neftinə qoyulan qiymət tavanının 60 dollardan aşağı endirilməsini müzakirə edir
Rusiya martın əvvəllərindən etibarən BMT sanksiyalarını pozaraq Şimali Koreyaya birbaşa neft ixracına başlayıb. “Financial Times” Britaniyanın Royal United Services Institute analitik mərkəzinin peyk görüntülərinə istinadən yazır ki, 2024-cü ilin martında neft məhsulları daşıyan ən azı beş Şimali Koreya tankeri Rusiyanın Uzaq Şərqdəki Vostonı limanını tərk edib.
Bu, BMT Təhlükəsizlik Şurasının nüvə silahı sınaqlarına cavab olaraq Pxenyana neft tədarükünə ciddi məhdudiyyətlər tətbiq etdiyi 2017-ci ildən bəri Rusiyadan KXDR-ə qeydə alınan ilk birbaşa dəniz daşımalarıdır. Halbuki Şimali Koreyanın ildə 500 min bareldən çox olmayan neft və neft məhsulları idxal edə biləcəyini nəzərdə tutan sanksiyalara Rusiya da qoşulmuşdu.
"Royal United Services Institute"nin hesablamalarına görə, bir neçə həftə ərzində tədarük edilən neft məhsullarının ümumi həcmi 125 min barel, yəni illik kvotanın təxminən dörddə birinə bərabər ola bilər. Rus tədqiqatçısı Cozef Birnin sözlərinə görə, Vostochnı limanına gələn gəmilər Şimali Koreya donanmasının ən böyük gəmiləri sırasındadır. Onlar bəziləri BMT-nin xüsusi sanksiya siyahısındadır və ümumiyyətlə, xarici limanlara girişi qadağandır.
2024-cü ilin fevralında "The New York Times" yazıb ki, Rusiya hakimiyyəti Rusiya banklarından birində dondurulmuş Şimali Koreya aktivlərinin bir hissəsini blokdan çıxarıb, həmçinin KXDR-ə beynəlxalq bank sisteminə çıxış əldə etməyə icazə verib. Bu, Şimali Koreyanın Ukraynaya qarşı müharibə üçün Rusiyaya silah ötürməsindən sonra baş verib.
Hələ 2023-cü ilin oktyabrında Reuters ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Kirbiyə istinadən Şimali Koreyanın Ukraynadakı müharibə üçün Rusiyaya 1000-dən çox konteynerdə hərbi texnika və sursat ötürdüyünü bildirib. ABŞ hakimiyyəti və bəzi amerikalı ekspertlər hesab edir ki, Rusiya artıq KXDR-dən aldığı ballistik raketlərdən istifadə etməyə başlayıb.
Bütün bu baş verənlər o deməkdir ki, Rusiya Pxenyandan aldığı silahların əvəzini neftlə də ödəməyə başlayıb. Moskva ilə Pxenyanın münasibətlərinin istiləşməsi də ötən ildən açıq hiss olunur. Şimali Koreya lideri Kim Çen In 2023-cü il sentyabrın ortalarında Rusiyaya səfər edib: onunla Vladimir Putin arasında danışıqlar Amur vilayətindəki Vostoçnı kosmodromunda baş tutub. Açıq hissədə Şimali Koreya lideri bildirib ki, KXDR Rusiya Federasiyası ilə münasibətləri inkişaf etdirmək istəyir, çünki o, həmişə “prezident Putinin və Rusiya hökumətinin bütün qərarlarını” dəstəkləyib. Bir saat yarım davam edən danışıqların qapalı hissəsinə Rusiya müdafiə naziri Sergey Şoyqu da daxil olub. Daha sonra Putin və Kim Çen In təkbətək danışıblar. Bundan sonra heç bir açıqlama verilməyib.
Britaniyanın “Financial Times” qəzetinin mənbələrinə görə, Kim və Putin Şimali Koreyadan artilleriya mərmiləri və tank əleyhinə raketlərin tədarükü məsələsini müzakirə ediblər. Moskva Pxenyana taxıl, neft, hərbi texnologiya və xarici valyuta təklif edib. Kimin səfərindən əvvəl isə Rusiya hakimiyyəti Şimali Koreyadan olan əmək miqrantlarını qəbul etməyə və onları işğal olunmuş Donbası bərpa etmək üçün göndərməyə hazır olduqlarını bəyan etmişdi.
Qərb kəşfiyyat xidmətlərinin məlumatına görə, Rusiya və Şimali Koreya Rusiya ordusunun Ukrayna müharibəsində istifadə edə biləcəyi silahların tədarükü ilə bağlı fəal danışıqlar aparırdılar. 2023-cü ilin iyulunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu KXDR-ə rəsmi səfər edib. Bu səfər ABŞ kəşfiyyatı tərəfindən danışıqlara hazırlıq kimi qiymətləndirilib.
Rusiyadakı müstəqil ekspertlərə görə, Şimali Koreya Rusiyaya öz anbarlarında saysız-hesabsız miqdarda olan müxtəlif çaplı sovet tipli sursatları verə bilər. Bunlar tank sursatları, artilleriya sistemləri üçün mərmilər, çoxsaylı buraxılış raket sistemləri, müxtəlif çaplı müxtəlif növ minaatan mərmiləri və təbii ki, atıcı silahlar üçün döyüş sursatlarıdır. Onların hamısı 1981-ci ilə qədər istehsal olunan sursatlardır. Rusiyalı ekspertlər Pxenyanın ondan bəri belə sursatların kütləvi istehsalını təmin etmək imkanında olmadığı qənaətindədirlər.
Martın 27-də məlum olub ki, Cənubi Koreya və ABŞ KXDR-ə neft qaçaqmalçılığı ilə məşğul olan hüquqi və fiziki şəxslərə qarşı müstəqil sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə hazırdır. Bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Martın 26-da Vaşinqtonda KXDR-in raket və nüvə proqramlarının qeyri-qanuni maliyyələşdirilməsinə qarşı mübarizə üzrə ikitərəfli işçi qrupunun ilk iclası keçirilib. Burada diplomatiya sahəsindən 30-dan çox məmur, kəşfiyyat və sanksiyalardan yayınma ilə mübarizə üzrə mütəxəssis iştirak edib. ABŞ və Cənubi Koreya KXDR ilə BMT Təhlükəsizlik Şurasının müəyyən etdiyi kvotadan artıq həcmdə neft ticarəti problemini də müzakirə ediblər: “Bir çox ictimai hesabatlardan məlum olduğu kimi, əhəmiyyətli bir hissəsi qaçaqmalçılıq yolu ilə neft Şimali Koreyaya regionun hüquqi və fiziki şəxsləri ilə qeyri-qanuni əməkdaşlıq yolu ilə gətirilir. Koreya Respublikası və ABŞ neft qaçaqmalçılığı ilə məşğul olan şəxslərə və şirkətlərə qarşı müstəqil sanksiyaların tətbiqini bu qeyri-qanuni fəaliyyətlərin kökünü kəsmək cəhdi kimi nəzərdən keçirəcək. Cənubi Koreya və Birləşmiş Ştatlar Şimali Koreya ilə Rusiya arasında yaxınlaşmadan sonra Rusiyanın emal olunmuş neftinin tədarükü ehtimalının yaranmasından narahat olduqlarını bildiriblər. Tərəflər Rusiya ilə Şimali Koreya arasında qeyri-qanuni əməkdaşlığı dayandıra biləcək təklifləri müzakirə ediblər”.
Rusiyanın KXDR-dən ala biləcəyi sursatların həcmini ekspertlər böyük qiymətləndirmirlər. Alınan məhsulların dəyərini ödəmək üçün Rusiyanın digər məhsulları və xarici valyutası var. Neftlə mübadilənin başlanması Moskva üçün problemləri artıra bilər. Çünki indiyədək ona qarşı sanksiyalara G7 və Avropa İttifaqı rəhbərlik edirdisə, Pxenyana kvotadan artıq neft çatdırılması faktı təsdiqlənərsə, bundan sonra BMT səviyyəsində sanksiyalar tətbiq oluna bilər. Bu isə indiyədək “sanksiyaları BMT tətbiq etməyib” deyərək onlara qoşulmayan ölkələrin də qoyulan qadağalara riayət etməsinə gətirib çıxara bilər. Buna görə də bir sıra ekspertlər Rusiyanın Şimali Koreyaya neft ixracını məcburi addım kimi qiymətləndirirlər.
Belə ki, Vaşinqtonun Rusiyanın gəmiçilik şirkəti “Sovcomflot”a qarşı sanksiyaları sərtləşdirməsi fonunda Hindistanda həm özəl, həm də dövlət neft emalı zavodları, o cümlədən ən böyük Hindistan Neft Korporasiyası Rusiyanın “Sovcomflot” şirkətinə məxsus tankerlərin qəbulunu dayandırıblar. Bu barədə Hindistandakı mənbələrinə istinadən "Bloomberg" məlumat yayıb.
Dünyanın ən böyük neft emalı kompleksinin operatoru olan "Reliance Industries" belə bir qərarı ilk qəbul edənlərdən olub. "Bloomberg" və "Reuters" demək olar ki, bütün Hindistan istehlakçılarının ona qoşulduğunu yazırlar.
Uzaq Şərq üçün əsas Rusiya nefti növləri olan ESPO və “Sokol”un Hindistana tədarükü tamamilə dayandırılıb. Son partiya yanvar ayında göndərilib. Halbuki ixracın pik dövründə - təxminən bir il əvvəl bu növlərin Hindistana ixracı gündəlik 500 min barelə çatmışdı.
Hindistanın neft alışını kəskin azaltması Ukraynanın dron zərbələri ilə Rusiyanın 12-dən çox emal müəssisəsinin istehsalı dayandırması, nəticədə ixraca yönəldilməli xammal həcmlərinin artması ilə müşayiət olunur.
Rusiyalı ekspertlər hesab edirlər ki, Rusiyanın Hindistanın imtina etdiyi neft həcmlərini satmaq problemi olmayacaq. Sadəcə, yeni daşıma yollarının tapılması, sanksiyalardan yayınmaq üçün əlavə vasitəcilərin prosesə qoşulması zaman aparmaqla yanaşı, xərcləri də artırmaqla ixracdan gəlirin azalmasına səbəb olacaq. Hətta bu ilin iki ayında Rusiyadan neft idxalını 13 faiz artıran Çin də yeni situasiyada Moskvadan daha böyük endirimlər tələb edəcək. Digər tərəfdən, Rusiya neftinin əsas alıcılarından olan Türkiyədən satılan məhsulun pulunu almaqda böyük çətinliklər yaranıb. ABŞ-ın ötən ilin dekabrından maliyyə təşkilatlarına qarşı sanksiya imkanlarını genişləndirməsi Türkiyə banklarının Rusiya ilə ticarət əməliyyatlarını maliyyələşdirməni dayandırmasına səbəb olub. Belə şəraitdə Türkiyəyə ixracın artması gözlənilən deyil.
Rusiya nefti üçün bazar ola biləcək Afrikada da tələbat elə yüksək deyil. Afrika özü enerji resursları ilə zəngindir: Nigeriya və Liviya birlikdə dünya neft ehtiyatlarının 5,5 faizdən çoxuna malikdir. Bu baxımdan Afrika bazarı Hindistan kimi böyük istehlakçını əvəz edəcək potensiala malik deyil və bu istiqamətdə tədarük həcmi cüzidir. 2020-ci ilin səviyyəsi ilə müqayisədə 2023-cü ildə Afrikaya neft ixracı 70 faiz artıb (2,6 milyon tondan 6,6 milyon tona), lakin bu həcm Rusiya ixracatında cəmi 2,2 faiz paya malikdir. Onun qısa müddətdə ən yaxşı halda 3 faizə yüksəlməsi mümkündür.
Beləliklə, aydın olur ki, Rusiya hasilat həcmlərini azaltmamaq üçün nefti hara mümkündür, ora ixrac etmək məcburiyyətində qalıb. Məhz bu amil Moskvanın Pxenyana açıq neft ixracına başlamasında həlledici rol oynayıb. Bu vəziyyət göstərir ki, Moskva sanksiyaların Rusiyanın neft ixracına mənfi təsir etmədiyini göstərmək üçün Şimali Koreyaya belə mal satmağa hazırdır...
Son olaraq qeyd edək ki, hazırda G7 ölkələri Rusiya neftinə qoyulan qiymət tavanının 60 dollardan aşağı endirilməsini müzakirə edir.
Dünya SAKİT,
“Yeni Müsavat”