Rusiya Şimali Koreyanı da Ukrayna savaşına çəkir: Qərbi isə nüvə faktoru ilə bloklayır

Kremldə Şimali Koreya hərbçilərinin Ukrayna savaşına göndərilməsinə NATO ölkələrinin də oxşar məzmunda cavab verə biləcəyindən ciddi şəkildə narahatdırlar... Ona görə də, Rusiya nüvə silahı faktorunu növbəti dəfə ön plana keçirtməklə, Qərb ölkələrini Ukraynaya hərbi kontingent göndərmək niyyətindən çəkindirmək məqsədi güdür...

Ukrayna savaşı ətrafında yeni situasiya yaranmağa başlayıb. Belə ki, Rusiya savaş poliqonunda radikal addımların atılmasına hazırlaşdığını biruzə verir. Üstəlik, bu radikal addımlar daha çox Rusiyanın savaş resurslarının tükənmək üzrə olmasıyla birbaşa bağlıdır. Kremldə hesab edirlər ki, əgər, kollektiv Qərbin gözləmədiyi ragikal addımların atılması mümkün olarsa, bu halda, Rusiyanın savaş potensialını yenidən yüksəltmək imkanları qazanıla bilər. Və indi Rusiyanın Ukrayna savaşı ətrafında hərbi situasiyanı daha da qəlizləşdirə biləcək radikal addımlara hazırlıq prosesini artıq başlatdığı müşahidə olunur.

Onu da qeyd etmək lazımdır ki, Kreml son vaxtlar kollektiv Qərbin Ukrayna savaşında Rusiyaya qarşı davranışlarını təkrarlamaq niyyəti ilə diqqəti çəkir. Belə ki, Rusiya rəsmi dairələri davamlı olaraq, ABŞ və Qərbin, əksər NATO ölkələrinin Ukrayna savaşına kobud və birbaşa müdaxilə etməsindən şikayətlənirdi. Kreml təmsilçilərinin əsas arqumentləri ondan ibarət idi ki, NATO ölkələri Ukrayna ordusunu silah-sursat və müasir hərbi texnika ilə təchiz edir. Və bununla da Ukrayna savaşının əslində, səhnəarxası iştirakçıları sırasında yer almış olurlar.

589a5d6b-1529-49b3-a780-2aafa6e86dde.jpg (110 KB)

Halbuki, Qərb siyasi dairələri NATO ölkələrinin Ukrayna ordusuna hərbi dəstək verdiyini gizlətməsələr də, onların Rusiya ilə savaşda iştirak etmədiyini xüsusi olaraq, vurğulayırdılar. Burada əsas arqumentlər ondan ibarət idi ki, NATO ölkələri Ukrayna savaşında canlı qüvvə ilə iştirak etmir. Ona görə də, kollektiv Qərbin davranışları Rusiyaya qarşı müharibədə iştirak kimi dəyərləndirilə bilməz. Və kollektiv Qərbin həm Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq etməsini, həm də Ukrayna ordusuna silah-sursat göndərməsini yalnız rəsmi Kiyevə dəstək çərçivəsində dəyərləndirmək mümkündür.

Təbii ki, Kremldə Qərb siyasi dairələrinin bu arqumentləri ilə qətiyyən razılaşmırlar. Ona görə də, Rusiya da təxminən oxşar addımların atılmasına üstünlük verdi. Əvvəlcə İran və Şimali Koreya kimi Rusiyaya tərəfdaş ölkələrdən silah-sursat, hərbi texnika idxal edilməyə başlandı. Rusiya ordusunun tükənmək üzrə olan hərbi ehtiyacları təmin edildi. Və bununla da, kollektiv Qərbin kəskin etiraz tezisləri boşa çıxarılmış oldu.

Son vaxtlarsa, Kreml bu istiqamətdə növbəti paralel prosesə start vermək qərarı vermiş kimi görünür. Belə ki, Rusiya siyasi dairələri bəzi NATO ölkələrinin, xüsusilə də Fransanın Ukrayna savaş poliqonuna canlı qüvvə göndərdiyini iddia etdilər. Ardıncasa, fransız hərbçilərin Ukrayna ordusunun tərkibində Rusiyaya qarşı savaşda iştirak etdiyini sübut edə biləcək faktları yaydılar. Və indi Kremlin bu faktları yaymasının əsas səbəbləri tədricən ortaya çıxmağa başlayıb.

koreya-shim-ukr.JPG (50 KB)

Məsələ ondadır ki, Kremlin 15 min nəfərə yaxın Şimali Koreya hərbçisini Ukrayna savaşına göndərmək niyyətində olduğu artıq dəqiqləşmiş kimi görünür. Belə ki, rəsmi Kiyev bu barədə kəşfiyyat məlumatlarının olduğunu bildirmişdi. Ardınca NATO təmsilçiləri də bu məlumatı rəsmən təsdiqlədilər. Və nəhayət, ABŞ-dan bu barədə olduqca sərt açıqlama ilə Kremlin yeni planlarına reaksiya verildi.

ABŞ prezidenti Co Bayden Rusiyaya Şimali Koreya hərbçilərinin Ukrayna savaşına göndərilməsinin yolverilməz olduğunu bəyan edib. Ağ Ev sahibi vurğulayıb ki, bu məsələ ABŞ və NATO üçün “qırmızı cizgi” sayılır. Ona görə də, Kreml belə addım atmaqdan çəkinməlidir. Əks halda, kollektib Qərb də Ukrayna savaşında iştirak üçün hərbi kontingent göndərmək variantını müzakirəyə çıxartmaq məcburiyyətində qala bilər. Və bu baxımdan, Ukrayna savaşının daha qlobal müharibəyə çevrilmə təhlükəsi indi kifayət qədər inandırıcı görünür.

Maraqlıdır ki, Kremldə bu variantın reallığa çevrilməsinin Rusiya üçün hadisələrin ən uğursuz inkişaf istiqamətlərindən biri hesab olunur. Ona görə də, Rusiya siyasi dairələri bu təhlükəni sovuşdurmaq üçün müəyyən priventiv addımların atılmasına çalışır. Xüsusilə də, Kremlin ABŞ və NATO-nun qorxudulmasına yönəlik addımlara üstünlük verdiyi müşahidə edilir. Və Qərbdə Rusiyanın belə manevrlərinə veriləcək reaksiyalar Ukrayna savaşının inkişaf istiqamətlərini böyük ölçüdə müəyyən edə bilər.

427f180db73a3024197f99077dc6c7e1.jpg (337 KB)

Məsələ ondadır ki, Kreml Şimali Koreya hərbçilərinin Ukrayna savaş poliqonuna göndərilməsi ilə bağlı prosesə start verilməsinə paralel olaraq, strateji hücum silahları ilə təlimlərə başlayıb. Rusiyanın nüvə savaşına hazırlıq səviyyəsini yoxlamaq məqsədi güddüyü bildirilən bu təlimlərin əslində, ilk növbədə ABŞ və Qərbə açıq mesaj olduğu da qətiyyən şübhə doğurmur. Və böyük ehtimalla Kreml Rusiyaya qarşı atılacaq radikal addımlara nüvə zərbəsi ilə cavab veriləcəyini qabartmağa çalışır.

Belə anlaşılır ki, Kremldə Şimali Koreya hərbçilərinin Ukrayna savaşına göndərilməsinə NATO ölkələrinin oxşar məzmunda cavab verə biləcəyindən ciddi şəkildə narahatdırlar. Ona görə də, Rusiya nüvə silahı faktorunu ön plana keçirtməklə, Qərb ölkələrini Ukraynaya hərbi kontingent göndərmək niyyətindən çəkindirmək məqsədi güdür. Və bu səbəbdən də Rusiyanın nüvə təlimlərini birmənalı şəkildə NATO ölkələrinə açıq xəbərdarlıq kimi qəbul etmək də mümkündür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

30.10.2024 18:20
1162