Rusiya hakimiyyəti Şimali Koreyanın Rusiya banklarından birində dondurulmuş aktivlərinin bir hissəsini blokdan çıxarıb və KXDR-ə beynəlxalq bank sisteminə çıxış əldə etməyə kömək edib. Bu barədə “The New York Times” ABŞ-ın müttəfiqlərinin kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu, Şimali Koreyanın Ukraynadakı müharibə üçün Rusiyaya silah ötürməsindən sonra baş verib. Kəşfiyyat rəsmiləri bildirirlər ki, Rusiya Pxenyanın Rusiya bankında dondurulan 30 milyon dollarlıq aktivlərinin doqquz milyonunu blokdan çıxarıb. Nəşrdə söhbət hansı bankdan getdiyi göstərilmir. Nəşrin mənbələrinə görə, KXDR bu pulu neft almaq üçün istifadə edəcək.
Bundan əlavə, “The New York Times”ın yazdığına görə, Şimali Koreya şirkəti başqa bir Rusiya bankında hesab açıb. NYT-nin həmsöhbətləri aydınlaşdırırlar ki, söhbət özünü müstəqil elan etmiş Cənubi Osetiyadakı bankdan gedir. Qəzet yazır ki, bu, Rusiya hakimiyyətinin bankların Şimali Koreya ilə iş görməsini qadağan edən BMT sanksiyalarından yan keçməkdə Şimali Koreyaya kömək etdiyini göstərir.
Amerika rəsmiləri qəzetə Moskvanın Pxenyanla bank sektorunda razılaşmalarının təfərrüatlarını bilmədiklərini söyləyiblər. Lakin həmsöhbətlərdən biri qeyd edib ki, bu, KXDR Rusiyaya silah tədarükü müqabilində irəli sürdüyü tələblə bağlıdır.
Nəşrin müsahibə verdiyi ekspertlərin fikrincə, Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü kimi KXDR ilə münasibətlərdə ehtiyatlı davranacaq.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yanvarın əvvəlində Rusiya qoşunlarının Ukraynaya hücum etmək üçün Şimali Koreyadan aldığı ballistik raketlərdən istifadə etməyə başladığını bildirib. 2023-cü ilin oktyabrında o, KXDR-in Rusiyaya hərbi texnika və sursat olan mindən çox konteyner ötürdüyünü açıqlayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu xəbərləri şərh edərkən bildirib ki, KXDR-dən Rusiyaya silah tədarükünə dair heç bir dəlil yoxdur. Vladimir Putin bəyan edib ki, Rusiya ilə KXDR arasında hərbi-texniki əməkdaşlığın perspektivləri var. Eyni zamanda o qeyd edib ki, Moskva BMT Təhlükəsizlik Şurasının sanksiyalarına əməl edir.
Musavat.com