"Rusiya prezidentinin Azərbaycana səfəri ona görə diqqət mərkəzindədir ki..." - İqtisadçı

"Rusiya prezidentinin Azərbaycana səfəri bütün dünyanın ona görə diqqət mərkəzindədir ki, səfərin əsas səbəbinin rəsmi Moskvanın publik açıqladığı səbəblər deyil".


Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib. O qeyd edib ki, Putinin səfərində çox ciddi məsələlərin müzakirə edəcəyi şübhəsizdir: "Lakin Azərbaycan bütün güc mərkəzləri ilə münasibətlər qurub. Buna görə də Rusiyanın hansısa istəyinə uyğun addım atması və onun sanksiyalardan yayınması üçün hansısa əməkdaşlığa gedəcəyi gözlənilən deyil.

Amma Azərbaycanın öz milli maralarına cavab verən bəzi məsələlər vardır ki, məhz bu məsələlərdə ikitərəfli danışıqların tərəflər üçün ciddi müsbət nəticələri ola bilər.

WhatsApp Image 2024-08-18 at 12.16.19.jpeg (283 KB)

Eldəniz Əmirov

Bunlardan biri Şimal-Cənub dəhlizinin imkanlarının genişləndirilməsi ilə bağlı ola bilər. Çünki, Rusiya getdikcə strateji logistik imkanlarını daha da itirir. Yalnız Şimal-Cənub dəhlizi Azərbaycandan keçməklə Rusiya üçün cənuba doğru uzanaraq Hind okeana birbaşa çıxış imkanı verəcəkdir.
Digər bir məsələnin Zəngəzur dəhlizi ilə bağlı olacağını da gözləmək olar. ABŞ-ın burada "lövbər" salaraq baza yaratmasından ən çox narahat olmalı olan İran nədənsə bu dəfə susur. Avrasiyada böyük dəhliz strategiyasının müəllliflərindən olan Azərbaycan isə Zəngəzurla bağlı məsələləri öz milli maraqlarının mərkəzində saxladığı üçün bu məsələnin də müzakirəsi gözləniləndir".

Ekspert əlavə edib ki, başqa bir müzakirə mövzusunun isə enerji daşıyıcılarının nəqli istiqamətində ola bilər: "Lakin bu məsələ imkanlar çox da geniş deyil. Rusiya sanksiya səbəbindən müəyyən miqdar qazı Azərbaycana ixrac edə bilər və Azərbaycan bu qazı daxili istehlaka sərf edə bilər. Lakin bu miqdar Rusiyanın sanksiya probleminin heç bir faizini də həll edə bilməz. Çünki Azərbaycan 2023-cü ildə 13 milyard 439 milyon kubmetr qaz istehlak edib. Buna görə də daxili istehlak üçün Rusiyadan alınan qaz bundan artıq ola bilməz. Bu isə Rusiyanın dərya problemindən bir damladır.

Amma iş burasındadır ki bu da real görünmür. Çünki, bu gün Azərbaycan öz qazı ilə öz ixrac boru kəmərlərini demək olar ki doldurur. Öz hasilatı hesabına ixracını artırmaq üçün isə TANAP və TAP-ın genişləndirilməsi layihəsi 2027-ci ilə qədər davam etdirilməsi planlaşdırılıb. Odur ki, belə olan halda Azərbaycanın Rusiya qazını idxal edib, öz istehlak payını ixraca yönəltməsi real görünmür.

Lakin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar vardır. Buna görə də səfər zamanı strateji əməkdaşlığın inkişafına dair müzakirələr çərçivəsində iqtisadi istiqamətlərin xüsusi yeri olacağı şübhəsizdir".

Afaq Mirayiq,
Musavat.com

18.08.2024 22:38
8331