Rusiya hökumətinin qərarı ilə aprelin 1-dən mayın 31-dək müəyyən növ təzə və soyudulmuş pomidorların idxalı gömrük rüsumlarından azad olunub. Rusiya mətbuatının yazdığına görə, ölkənin Nazirlər Kabinetinin qərarı “qabırğalı”, uzunsov və albalı formalı pomidorlar istisna olmaqla, orta və iri meyvəli pomidorların idxalına şamil ediləcək.
Daxili bazarda bahalaşmanın qarşısını almağa yönəldiyi bildirilən qərar 100 min ton həcmində məhsulu əhatə edir. Hökumətin qərarı ilə istehsal həcmlərinin bölüşdürülməsi qaydaları və xarici ticarət fəaliyyəti iştirakçılarına rüsumsuz idxal üçün zəruri olan sənədlərin verilməsi qaydaları təsdiq edilib. Belə sənədlərin verilməsini Kənd Təsərrüfatı Nazirliyi təmin edəcək.
Qeyd edək ki, Rusiyada pomidor və xiyarın qiyməti ötən ildən kəskin bahalaşıb. Rəsmi statistikadan aydın olur ki, ilin yekununda pomidorlara 40,1 faiz, xiyar isə 42,3 faizə qədər bahalaşıb. Proses bu ilin iki ayında da davam edib və hər iki məhsul üzrə 13 faizdən yuxarı bahalaşma qeydə alınıb. Rusiya hökuməti prosesi dayandırmaq üçün ölkədə istehsalı az olan pomidor növlərinin idxalını rüsumlardan azad etməyi çıxış yolu kimi tətbiq edib.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin apardığı analiz göstərib ki, ölkədə istixanalarda xiyar istehsalı kəskin azalıb, pomidor istehsalı 2022-ci il səviyyəsində qalsa da, üstünlük çerri və digər bahalı növlərə verilib. Nəticədə aşağı və orta təbəqənin kütləvi istehlak etdiyi yumru pomidorların istehsalı kəskin azalıb. Nazirlik 2023-cü ildə belə pomidorların idxalına tələbi 400 min ton civarında qiymətləndirib və açıqlayıb ki, bu tələb əsasən Azərbaycan, Özbəkistan və Çin hesabına qarşılanır.
2024-cü ilin ilk aylarında da ödənməyən tələbin artması baş verib ki, bu da qiymətlərin bahalaşmasının davam etməsinə səbəb olub.
Rusiyada formalaşan əlverişli qiymət və bazar şərtləri ilk növbədə Azərbaycanın istixana istehsalçıları üçün imkanlar açır. Çünki uzun illərdir ki, ölkənin pomidor ixracında Rusiyanın payı 96 faizin üstündədir.
Rəsmi statistikaya əsasən, 2022-ci ildə Azərbaycandan 167 milyon 608 min dollar dəyərində 141 min 419 ton pomidor ixrac edilib. Bu, dəyər ifadəsində illik artım, miqdar ifadəsində isə azalma deməkdir: 2021-ci ildə Azərbaycandan 160 milyon 228 min dollar dəyərində 145 min 216 ton pomidor ixrac edilmişdi.
2021-ci ildə Rusiyaya pomidor ixracı 157 milyon 558,92 min dollar dəyərlə 140,110 min ton (bütün ixracın 96,5 faizi), 2022-ci ildə 161 milyon 595,58 min dəyərlə 137,586 min ton təşkil edib.
2023-cü ildə Azərbaycandan xaricə 161 milyon 983,56 min dollarlıq 140 587,97 ton pomidor ixrac olunub. Bunun 156 milyon 552,58 min dollarlıq 137 431 tonu (ümumi ixracın 97,8 faizi) Rusiyaya reallaşdırılıb. Qalanı Belarus, Polşa, Körfəz ölkələri, hətta az da olsa Sinqapura satılıb.
Bu ilin yanvarında xaricə ixrac olunan 11 849,4 ton pomidorun 11 378,15 tonu məhz Rusiyaya satılıb. 2024-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (34,9 milyon ABŞ dolları), pambıq mahlıcından (33,5 milyon ABŞ dolları) sonra pomidor ixracı 30 milyon ABŞ dolları həcmlə üçüncü yerdə qərarlaşıb.
Pomidor ixracı son illərdə qeyri-neft ixracında mühüm yer tutmasına baxmayaraq, onun istehsal həcmlərində azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3154 vahid istixana fəaliyyət göstərib və həmin istixanalarda 369 337,4 ton pomidor, 28 873,8 ton xiyar istehsal olunub.
2023-cü il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3242 vahid istixana fəaliyyət göstərib. Yanvar-iyun aylarında yetişdirilən əsas məhsullardan olan pomidor istehsalı 202,0 min ton, xiyar istehsalı 7,9 min ton olub.
2023-cü ilin yekununda ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3228 vahid istixana fəaliyyət göstərib və həmin istixanalarda 268,9 min ton pomidor, 10,4 min ton xiyar yetişdirilib. Ölkənin digər rayonlarına nisbətən Abşeron, Xəzər, Şəmkir, Salyan, Sabunçu, Binəqədi, Samux, Tovuz, Kürdəmir və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib. Göründüyü kimi, 2023-cü ildə pomidor istehsalında illik ifadədə 27,2 faiz azalma baş verib.
Bu ilin yanvar ayında respublikada örtülü torpaq sahələrindən 20,5 min ton, yanvar-fevral aylarında birlikdə isə 41,0 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz çox tərəvəz məhsulları istehsal edilib.
İxracatçılardan “Yeni Müsavat”a verilən məlumata görə, Rusiyadakı qiymət və əlverişli tələb şərtləri mart ayında bu ölkəyə pomidor ixracının kəskin artmasına səbəb olub. Bu artım daxili bazarda da əksini tapıb: pomidorun satış qiyməti 5-6 manata qədər bahalaşıb. Aprelin əvvəlindən isə Rusiyaya həm də xiyar ixracında böyük artım qeydə alınır. Rusiyada bu məhsulun əkin sahələrinin kəskin azaldılması istehsalın da düşməsinə səbəb olub. Buna görə də qiymətlər yüksəlib və Azərbaycan təsərrüfatları üçün əlverişli səviyyəyə çatıb. Məhz bu səbəbdən də Azərbaycan bazarında xiyarın qiyməti 2,5-3 manata yüksəlib.
İstixana sahibləri bildirirlər ki, aprelin sonlarına doğru hətta Rusiyaya ixrac artmaqda davam etsə belə, daxildə qiymətlərin enməsi baş verəcək: havaların isinməsi istixanaların üstünün açılması və məhsulun daha tez yetişməsinə səbəb olacaq...
Hazırladı: Dünya SAKİT