Rusiya partiyaları miqrantlara qarşı sərt tədbirlər tələb edir

Mayın 28-də Dövlət Dumasına Rusiya Liberal Demokrat Partiyasından (RLDP) qanunsuz olaraq əmək miqrantlarından istifadə edən müəssisələrin cəzalandırılması ilə bağlı qanun layihəsi daxil olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Jirinovskinin partiyası” kimi tanınan RLDP-nin hazırladığı layihəyə əsasən, belə sahibkarlar dövlət reyestrinə daxil edilməlidir, onların subyektləri büdcə satınalmalarında iştirak edə bilməməlidir.

Görünür, bu təşəbbüs partiyanın miqrant diasporlarına qarşı mövqeyini təsdiqləmək məqsədi daşıyır.
Bildirilir ki, Dumanın fraksiyaları arasında miqrantlarla mübarizə ilə bağlı münaqişə yaranıb. "Ədalətli Rusiya - Həqiqət naminə" partiyası miqrantların təşkilatlanmasının qadağan edilməsini, RLDP isə onlara daha sərt nəzarət olunmasını tələb edir. Rusiya Federasiyası Kommunist Partiyası da öz versiyasını - etnik anklavların qarşısını almaq üçün tədbirlər hazırlayıb.

RLDP lideri Leonid Slutskinin başçılıq etdiyi fraksiya bəzi qanunvericilik aktlarına düzəlişləri imzalayıb. Deputatlar hakimiyyət orqanlarına təkcə Rusiya deyil, həm də xarici vətəndaşların qeyri-qanuni əməyindən istifadə etdiyi aşkarlanan iş adamları üçün dövlət satınalmaları sahəsini bağlamaq hüququ verir.

İlin əvvəlindən Rusiyada “Rostrud”un xüsusi reyestri yaranıb, burada işçilərini düzgün qeydiyyata almayan və buna görə cərimələnən işəgötürənlər daxil edilir. RLDP hesab edir ki, daha ucuz işçi qüvvəsindən istifadə etdiklərinə görə cəzalandırılan sahibkarlar da bura daxil edilməlidir. Çünki onlar təkcə Rusiya Federasiyasının qanunlarını deyil, həm də ədalətli rəqabət qaydalarını pozurlar.

"Əmək miqrasiyası haqqında qanunvericiliyin tələblərinə əməl etməyən işəgötürənlər əmək münasibətlərinin leqallaşdırılması, vergilərin və yığımların ödənilməsi, işçilər üçün sosial təminatlara riayət edilməsinə qənaət hesabına əsassız rəqabət üstünlükləri əldə edirlər", - RLDP hesab edir.

Musavat.com

29.05.2025 15:36
409