Kursk yaxınlığında rus ordusunun əks-hücumu səngiyib və onlar mühasirəyə düşə bilər.
Musavat.com xəbər verir ki, hökumətyönlü ekspertlər belə, regionun tam azad edilməsinin vaxtı ilə bağlı proqnozlarını dəyişiblər.
Məlumata görə, Rusiya komandanlığı oktyabrın 7-nə, yəni Putinin doğum gününə qədər qarşısına Kursk bölgəsini tamamilə azad etmək vəzifəsini qoyub.
Lakin rus qoşunları sadəcə bölgənin qərb istiqamətində uğur qazana biliblər. Sentyabrın 13-də hava-desant bölmələri Snaqost kəndini yenidən ələ keçiriblər. Ertəsi gün onlar Lyubimovka istiqamətində hücumu davam etdirməyə çalışsalar da, Ukrayna Silahlı Qüvvələri tərəfindən pusquya düşüblər və nəticədə 5 piyada döyüş maşınını itiriblər.
Rusiyanın hücumu ilə eyni vaxtda Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə başqa bir yerdən - Novı Put kəndindən daxil olub. Bazar ertəsi səhər saatlarında Veseloye kəndi ərazisində döyüşlərin getdiyi barədə məlumat yayılıb. Bu yolla Ukrayna ordusu Snaqostdan Lyubimovka istiqamətində hücum edən rus qrupunun arxasına keçmək istəyir.
Hərbi analitik Yan Matveyevin fikrincə, Kursk vilayətində əsl manevr müharibəsi başlayıb. Əgər Ukrayna Silahlı Qüvvələri Qluşkovoya çata bilsə və eyni zamanda Olqovkadan Korenevoya zərbə endirə bilsə, o zaman bütün Rusiya ordusu mühasirəyə düşə bilər.
Musavat.com