Rusiya nüvə doktrinasını DƏYİŞDİ:Putin düyməyə basacaqmı?

“Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydeni qabaqladı. ABŞ Prezidenti “Ukraynaya verdiyimiz raketlərlə Rusiyanın içərilərinə doğru zərbə vurmağa icazə verək, yoxsa verməyək” sualına cavab axtarana kimi Rusiya Prezidenti ölkəsinin nüvə doktrinasının dəyişdiyini elan etdi. Putin hər hansı dövlətin adi silahlarla Rusiyaya hücum edəcəyi təqdirdə ona qarşı nüvə silahından istifadə edə biləcəklərini açıqlayıb”.

Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, yeni doktrinaya görə, Rusiyaya qarşı raket, təyyarə və ya PUA hücumu olarsa, Moskva nüvə silahından istifadə edə bilər: “Rusiya prezidenti bəyan edib ki, bu dəyişikliklər “müasir hərbi təhdidlərə qarşı” edilib. Putinin bu qərarı Ukraynaya ABŞ raketlərindən istifadə məsələsində Kiyevə məhdudiyyət qoya bilər. Ancaq məsələ burasındadır ki, Ukrayna ordusu Rusiya ərazisində – Kursk istiqamətində ABŞ və Avropa ölkələrindən aldığı mərmi və raketlərdən istifadə edir. Bu halda Putin düyməyə basacaqmı? Kreml sahibinin hədələri hələ işləmir, ancaq bu o demək deyil ki, Putin Rusiya ərazisində partlayışlara uzun müddət seyrçi qalacaq”.

Politoloqun qənaətincə, Putin ətrafındakı şovinistlərdən çəkinir: “Onlar Rusiya ərazisinin bombalanmasına seyrçi qalan Putinin zəif lider olmasına eyham vura bilərlər. Təsadüfi deyil ki, Kremlin televiziyadakı əsas ruporu Solovyov Kreml sahibinin istefasına eyham vuran cümlə işlədib. Putinin nüvə doktrinasını dəyişdirməyə ətrafındakı şovinistlərin əhval-ruhiyyəsi də təsir edib”.

E.Şahinoğlu deyib ki, Kreml sahibi son qərarı ilə həm də Qərb liderlərinə psixoloji təzyiqi artırmağa çalışır: “Müharibə uzanır və Qərbdə yorğunluq əlamətləri özünü göstərir. Bəziləri hətta torpaq itkisi hesabına olsa belə, Kiyevə Moskva ilə danışıqlara başlamağı təklif edirlər. Üstəgəl, bəzi Qərb ölkələri Ukraynaya əvvəlki səviyyədə hərbi texnika göndərməkdə çətinlik çəkdiyini açıqlamağa başlayıblar. Qərb ölkələrində bu tendensiya güclənərsə, Ukrayna üçün vəziyyət daha da mürəkkəbləşəcək”.

26.09.2024 15:43
460