Rusiyanın Urals markalı nefti avqust ayında orta hesabla 70 dollar/barelə satılıb ki, bu da G7 ölkələrinin müəyyən etdiyi “qiymət tavanı”ndan 10 dollar yüksəkdir.
Musavat.com Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, xəbər verir ki, sentyabrın ilk həftəsində Urals neftinin orta qiyməti 75 dollar/barel təşkil edib.
Agentliyin məlumatına görə, Rusiya neftinin dəyərinin artmasına onun ixracının may ayı səviyyəsi ilə müqayisədə azalması təsir edib ki, bu da dünya bazarlarında gərginliyi gücləndirib.
IEA öz hesabatında qiymət həddi parametrlərinin aşılmasının Urals alıcılarına, habelə onun daşınmasında iştirak edən nəqliyyat və sığorta şirkətlərinə təsir göstərə biləcəyini etiraf edir, lakin "bu təsirin Rusiya neftinin tədarükünə hələ də əhəmiyyətsiz olduğunu" vurğulayır.
IEA-nın məlumatına görə, Urals DAP West Coast India neftinin qiyməti avqustda 7,74 dollar artaraq 80,47 dollar/barel təşkil edib ki, bu da Dubai Crude neftinin qiymətindən 5,03 dollar azdır. Sentyabrın ilk həftəsində bu fərq 4,36 dollar/barelə qədər azalıb, DAP əsasında Urals neftinin qiyməti isə 85,70 dollar/barelə yüksəlib: "Hindistana tədarük edilən Ural neftinin qiymətlərinin qalxması Hindistan neft emalı zavodlarını iyun ayından etibarən alternativlər axtarmağa sövq etdi. Əsasən Yaxın Şərqdən tədarükün artması Rusiyadan Hindistana neft ixracının aprel-mayla müqayisədə avqustda sutkada 300 min barel azalmasına səbəb oldu”.
Agentliyin hesablamalarına əsasən, Uralsın orta qiyməti iyulun 24-dən etibarən “qiymət tavanı”ndan yuxarıdır.
Urals markalı neftin qiyməti həm Primorsk limanında, həm də Novorossiyskdə təxminən 3,8 dollar/barel bahalaşıb. Orta hesabla, Brentlə müqayisədə endirimlər bir barel üçün təxminən 15 dollar təşkil edir, Urals nefti isə avqust ayında bir barel üçün 70 dollardan yuxarı satılır ki, bu da qiymət həddindən 10 dollar çoxdur.
Musavat.com