Rusiya neft ixracını yarım milyon barel azaldır: Bazarda qiymətlər artır

Bu gündən Rusiya dünya bazarına gündəlik neft ixracını 500 min barel azaltmağa başlayır.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu addım mart ayından başlayaraq gündəlik hasilatın 500 min barel azaldılmasına əlavə olaraq atılır.

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, bu addım dünya neft bazarında balansı qorumaq məqsədi ilə atılır. Novakın sözlərinə görə, şirkətlər hasilatı, yaxud ixracı azaltmaq barədə özləri qərar verəcəklər, əsas odur ki, Rusiyanın ümumi ixracı vəd edilən həcmdə azalacaq.

Rusiyanın energetika naziri Nikolay Şulgin isə TASS-a bildirib ki, ölkəsi neft ixracını iyuldan azaltmağa başlayıb ki, avqustun 1-dən onu vəd oluna həcmə - 500 min barelə tam çatdırsın.

Bu ay həmçinin Səudiyyə Ərəbistanı gündəlik hasilatı 1 milyon barel azaltmaq qərarını davam etdirəcək. Ər-Riyad bu addımı yalnız iyul ayı üçün bazarda qiymətlərin azalmasının qarşısını almaq məqsədilə atmışdı. Lakin sonradan bu qərarın müddəti avqusta şamil edildi. May ayından ölkə gündəlik hasilatı 500 min barel azaltmışdı. Nəticədə hasilat 10 milyon barelə düşmüşdü. Hazırda Səudiyyə Ərəbistanının gündəlik hasilatı 9 milyon barel təşkil edir.

Əsas oyunçuların hasilat və ixracı azaltmaları dünya bazarında qiymətlərin 85 dollara qədər yüksəlməsi ilə müşayiət olunur.

Musavat.com

01.08.2023 15:36
548