Rusiya neft hasilatını azaldacaq – Novak

Fevral-mart aylarında bir sıra neft emalı zavodlarında baş verən insidentlərdən sonra Rusiya neft emalı zavodları neft məhsullarının istehsalını artırıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə baş nazirin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, hazırda həcm və qiymətlərlə bağlı vəziyyət sabitdir, dizel yanacağının ixracına qadağa tətbiq etməyə ehtiyac yoxdur:

“Biz daxili bazarda istehlak olunandan 2 dəfə çox dizel yanacağı istehsal edirik, onu qoymaq üçün sadəcə heç bir yer yoxdur. Neft məhsulları ilə bağlı vəziyyət, bazar sabitdir. Hökumət tərəfindən görülən bütün tədbirlər daxili bazarın sabit təchizatını və sabit qiymət konyukturasını təmin edir”.

Novak xatırladıb ki, bir sıra neft emalı zavodlarında baş verən insidentlərdən sonra neft emalı zavodlarının əlavə yüklənməsini həyata keçirmək üçün qərargah yaradılıb:

“İşlər gündəlik həyata keçirilir, şirkətlərimiz artıq həmin güclərdə hasilatı artırıblar. Mövcud olan stendlər həm birjaya, həm də benzin və dizel yanacağına tədarükün artırılmasına imkan yaradıb. Adətən neft emalı zavodları tam yüklənmir, yük bazar tələbləri ilə tənzimlənir, hazırda onların yükü artırılıb. Yükün artırılması üçün əsas məsələ neft məhsullarının zavodlardan çıxarılması və həm daxili, həm də xarici bazarlarda istehlakçılara çatdırılmasıdır. Zavodun sistemli işləməsi bundan asılıdır, dayana bilməzlər. Zavodun həm işi, həm də yüklənməsi Rusiya Dəmir Yollarının işindən asılıdır. İndi şirkətlər məlumat veriblər ki, quruculuq işləri aparılıb, məhsul ixrac olunur”.

Maraqlıdır ki, Aleksandr Novak həmçinin bu ilin ikinci rübündə Rusiyanın neft hasilatını azaldacağını deyib:

“Bu, OPEK+ razılaşması çərçivəsində bütün ölkələrin istehsalın azaldılmasına bərabər töhfə verməsi ilə bağlı tədbirdir. Yadınızdadırsa, biz hasilatı digər ölkələrin azaltdığı hasilat həcmi qədər azaltmamışdıq, əvəzində ixracı 5 faiz azaltmışdıq. İndi biz ixracı deyil, hasilatı azaldırıq”.

Baş nazir müavini bildirib ki, OPEK+ çərçivəsindəki razılaşmaya əməl etmək üçün ikinci rübdə Rusiya hər ay fərqli strukturla hasilatı və ixracını ümumilikdə 471 min barel azaldacaq: apreldə Rusiya hasilatı 350 min barel, ixracı isə 121 min barel azaldacaq, may ayında - müvafiq olaraq 400 min barel və 71 min barel, iyun ayında hasilatı yalnız 471 min barel azaldacaq.

Rusiyanın OPEC+ çərçivəsində 2024-cü il üçün rəsmi neft hasilatı kvotası bütün 2024-cü il üçün 2023-cü ilin aprelində elan edilmiş könüllü hasilatın azaldılması nəzərə alınmaqla sutkada 9,95 milyon barel təşkil edir. Belə ki, apreldə Rusiyanın istehsalı sutkada 9,1 milyon, mayda 9,05 milyon barel, iyunda 8,979 milyon barel səviyyəsində olmalıdır ki, bu da Səudiyyə Ərəbistanının kvotasına uyğundur.

Musavat.com

29.03.2024 18:35
712