Rusiya Moldovanı qarışdıra biləcəkmi - Kreml Sandunu tanımır, Dnestryanıda isə...

Qərbyönlü namizədin prezident seçilməsini müxalifət və Moskva qəbul etmir, zorakı hadisələrin yaşana biləcəyinə dair xəbərdarlıqlar edilir - təhlil

Kövrək siyasi və strateji proseslər yaşayan Moldovada vəziyyət qarışa bilər. Qərbyönlü Maya Sandunun daha çox səs toplayaraq rusiyayönlü rəqibini məğlub etməsindən sonra ölkədə zorakı hadisələrin yaşana biləcəyinə dair xəbərdarlıqlar edilir. 

Məsələ ondadır ki, rusiyayönlü namizəd də 47 faiz səs yığıb və ortada seçkilərin saxtalaşdırılması iddiaları var. Mühüm məqamlardan biri də Kremlin Maya Sandunu Moldova prezidenti kimi tanımamasıdır. “Maya Sandu ölkəsinin prezidenti deyil, çünki Moldovada əhalinin əksəriyyəti ona səs verməyib, söhbət bölünmüş cəmiyyətdən gedir”, - deyə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, xaricdə yaşayan minlərlə Moldova vətəndaşına ölkədə keçirilən prezident seçkilərində səs vermək imkanının verilməməsi seçkilərin nəticələrinə təsir etməyə bilməzdi: “Bu seçkilər nə demokratik, nə də ədalətli idi”. Kremlin sözçüsü qeyd edib ki, Rusiya Moldovada seçkilərə müdaxilə etməyib: “Rəsmi Moskva etibarlı məlumatlarla dəstəklənən heç bir qınaq eşitməyib. Moldova müxalifəti qeyri-qanuni hücumlara və həbslərə məruz qalır - bu, rəsmi Kişinyovun qeyri-demokratik xəttinin təzahürüdür”. Peskov əlavə edib ki, Dnestryanı bölgənin sakinləri Moldovanın hazırkı rəhbərliyini dəstəkləməyə meyilli deyillər. Məhz elə Dnestryanı bölgənin əhalisinin favoritliyi ilə ölkə qarışa bilərmi? 

Moldovanın əsas müxalif qüvvələri - Sosialist Partiyası və “Qələbə” bloku (İlon Şor) 3 noyabr seçkilərini tanımadıqlarını elan ediblər. Bu barədə partiyalar bəyanat yayıblar. Bəyanatda bildirilir ki, xaricdəki seçki məntəqələrində Maya Sandunun xeyrinə kütləvi seçki saxtakarlığına dair sübutlar var. Moldova müxalifəti prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini açıqlayıblar. “Sandu prezident postunu qoruyub saxlayarsa, biz Mərkəzi Seçki Komissiyasının qərarına Konstitusiya Məhkəməsində etiraz edəcəyik, çünki biz ölkədə hakimiyyəti ələ keçirmiş Qərb qüvvələrinin yaratdığı xaosu qəbul edə bilmərik ”, - “Qələbə” blokunun lideri İlon Şor vurğulayıb. Sosialist Partiyasının dəstəklədiyi namizəd, etnik qaqauz Aleksandr Stoyanoğlu 3 noyabr seçkisində rəqibi, hazırkı prezident Maya Sanduya ölkə xaricindən gələn səslər hesabına məğlub olub. Belə ki, Moldova daxilində səsvermədə Stoyanoğlu 51,19% səs toplayıb, ölkə xaricindən, xüsusilə Avropadan gələn diaspor səsləri isə Maya Sandunun 55,33% səslə qalib gəlməsini təmin edib. Müxalifət buna görə nəticəyə kəskin etiraz edir.

Gürcüstan kimi Moldovada da insanlar səsvermədə Rusiya qorxusunu gizlədə bilmədilər. Çoxlarının nəticələrinə şübhə ilə yanaşdığı səsvermədə Moldovanın Avropa İttifaqına inteqrasiyasına səs verənlərlə bunun əleyhinə olanların səsi demək olar ki, yarıbayarı bölündü. Cüzi üstünlüklə Aİ-yə inteqrasiya tərəfdarları önə çıxdılar ki, bunun da obyektivliyinə, Rusiya başda olmaqla, inanmayanlar kifayət qədər çoxdur. Təkcə Rusiyanın başçılıq etdiyi BRİCS sammitinə toplaşan ölkələrin və liderlərin sayı ABŞ başda olmaqla, Qərbin siyasətinin fiaskoya uğradığının ən bariz göstəricilərindən biri oldu. İkiüzlülük, qorxaqlıq, riyakarlıq, ayrı-seçkilik, ikili standartlar və digər eybəcər xüsusiyyətlər üzərində qurulan bu siyasət əvvəl-axır dünyada bugünkü təhlükəli vəziyyətin yaranmasını qaçılmaz etmişdi.

Qabil Hüseynli: “Amerikalılar öz talelərini kimə həvalə etdikərinin  fərqində deyillər” | KONKRET

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Moldovada seçkinin nəticələrindən sonra mitinqlər olmayıbsa, deməli, müxalifət reallıqla barışıb: “Görünür, müxalifət Gürcüstanda olduğu kimi etiraz aksiyalarına hazırlaşmır. Əslində qaqauz namizəd tərəfdarlarını meydana çağıra bilərdi. Bunu etməyibsə, o zaman nəticə əldə etməyəcəyini düşünür. Rusiya Moldovanı itirib, bu ölkə Avropa Birliyinin üzvlüyünə namizədlik statusu qazanıb və referendumun nəticələri də bəllidir. Bundan sonra separatçı bölgədə qarışıqlıq yaratmaq istəsə belə, faydası olmayacaq. Sadəcə, Moldova Dnestryanı ərazilərdən rus qoşunlarını çıxarmalıdır ki, bunu reallaşdırmaq indi asan görünmür”. 

Aqşin Kərimov: Proseslər getdikcə daha qanlı bir şəkil alacaq - MÜSAHİBƏ

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, yaxşı oyun quruldu: “Moldova "Qərbin", Gürcüstan “Rusiyanın”. Bu nəticələr həm Qərbin, həm də Rusiyanın müzakirə və rəqabət kanallarını stimullaşdırır. Bir sözlə, Moldova da, Gürcüstan da eyni ssenarilər üzrə qarmaqarışıq təhlükələrlə üz-üzədir. Son nəticə isə Ukraynanın taleyini masaya qoyur". 

Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, Moskva Moldovada milyonlarla vəsait xərcləmişdi: “Bu ölkəni yenidən öz təsir dairəsinə salmaq üçün hərbi vasitələr istisna olmaqla, bütün mümkün imkanlardan istifadə etdi. Nəticədə xalq öz sözünü dedi. Hazırda Rusiya Qaqauziya Muxtariyyətində və Dnsetryanı separatçı bölgəsində öz təsirini saxlayır. Gürcüstandakı seçkilərdən sonra Moldovada da moskvayönümlü siyasətçi qalib gəlsəydi, Qərb ciddi məğlubiyyətlə üzləşə bilərdi”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

07.11.2024 09:04
414