“Rusiya qanunvericiliyinə əsasən, o, bir ay müddətində təcridxanaya yerləşdirilməli və bu müddət ərzində Ermənistan bütün sənədləri Rusiyanın Baş Prokurorluğuna təqdim etməlidir. Bundan sonra onun Ermənistan tərəfinə verilib-verilməməsi məsələsinə baxılacaq”.
Bu sözləri Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev Kamil Zeynallının saxlanılması ilə bağlı Baku TV-yə açıqlamasında deyib.
“Beynəlxalq konvensiyalara əsasən, əgər ölkə düşmən ölkədirsə, vətəndaşı başqa düşmən ölkəyə vermək olmaz. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb. Ona görə də Rusiya dövləti onu heç cür Ermənistana verə bilməz. Kamil Zeynallının müdafiəsini heç bir maddi qarşılıq olmadan öz üzərimə götürürəm. Qanun çərçivəsində maksimum yardım ediləcək və onun Azərbaycana qaytarılması üzərində çalışacağıq”, - vəkil bildirib.
“Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Kamil Zeynallı Ermənistana təhvil verilə bilməz:
“Rusiya Kamil Zeynallını Ermənistana ona görə təhvil verə bilməz ki, onun törətdiyini iddia etdikləri əməllər Azərbaycan ərazisində törədilib. Azərbaycan hüquqi dövlətdir və əgər belə bir hal varsa, Ermənistan sübutlarını təqdim etsin, məsələyə Azərbaycanda baxılsın. Ermənistan da, Rusiya da Qarabağın Azərbaycan torpağı olmasını, Azərbaycana aid olmasını qəbul edirlər. Əgər Kamil Zeynallı vuruşubsa, Qarabağ torpağında vuruşub. Ermənistan torpağında erməni hərbçilərinə qarşı hər hansı bir şiddət törətsəydi, bu halda Rusiya tərəfi onun Ermənistana təhvil verilməsi məsələsinə baxa bilərdi. İndiki halda Kamil Zeynallını beynəlxalq qanunlara görə Azərbaycan ərazisindəki hərəkətlərə görə məsuliyyətə cəlb etmək mümkün deyil. O, hərbçi olmaya-olmaya, əlinə silah alıb torpaqlarımızı işğal etmiş düşmənin Qarabağ torpağından çıxarılmasında iştirak etsəydi, bu halda Azərbaycan dövləti onu qanunsuz silahlı birləşmədə iştirakına görə məsuliyyətə cəlb edə bilərdi. Rusiya məhkəməsi onun ekstradisiya məsələsinə birmənalı olaraq yox deyəcək. Çünki Kamil Zeynallı Azərbaycan vətəndaşıdır, o, Azərbaycan əsgərinə kömək edibsə, burada cinayət yoxdur”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com