Rusiya məhkəməsinin “YouTube”da kremlyönümlü kanalların bloklanmasına görə “Google”a tətbiq etdiyi cərimə və cəzanın məbləği iki undesillion rubla çatıb.
Musavat.com xəbər verir ki, bu barədə RBK agentliyi məlumat yayıb.
Undesillion birdən sonra 36 sıfırı olan bir rəqəmi ifadə edir. Korporasiya məhkəmə qərarına əməl edənə qədər iddiaların məbləği hər həftə iki dəfə artır.
Qeyd edək ki, Rusiyada kremlyönümlü 17 kanal “Google”a qarşı iddia qaldırıb. Məhkəməyə ilk müraciət edənlər 2014-cü ildən bəri ABŞ sanksiyaları altında olan “Tsargrad” və “RİA FAN” kanalları olub.
“YouTube” kanallarının qalan hissəsi Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı hücumdan sonra bağlanıb. Rusiya məhkəməsi korporasiyadan bloklamanın qaldırılmasını tələb edib.
2024-cü ilin may ayından iyununa qədər “YouTube”da Rusiya təbliğatını aparan 3600-ə yaxın kanal bağlanıb.
Musavat.com