Rusiya İrandan 200 ədəd raket alıb - informasiya müharibəsi, yoxsa...

Ekspertlər deyir ki, yeni modellər 2000 kilometr məsafədə hədəfi məhv etmək imkanına malikdir, amma...

İran tərəfi Rusiyaya 112 kilometrlik məsafədəki hədəfə çatmağa qadir olan 200 ədəd “Fath-300" tipli ballistik raket göndərib.

Bu barədə “The Times” nəşri yazıb. Məqalədə iddia olunur ki, bu raketlərin ardınca adıçəkilən ölkəyə 500 kilometrlik məsafədəki obyektlərin vurulmasını təmin edəcək silah-sursatın tədarükü nəzərdə tutulur.

Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniya Ukraynaya verdiyi “Storm Shadow” tipli raketlərdən Rusiya ərazisinə zərbə endirməyə icazə verilməsinin müzakirə olunduğunu açıqlayıb. ABŞ prezident administrasiyası isə İranın Ukraynaya növbəti hücumlar üçün ballistik raketləri Rusiyaya ötürməsi və ya ötürmək üzrə olduğu barədə mediada yayılan xəbərlərdən “narahatdır”.

Bu barədə “Amerikanın Səsi”nə Ağ Evdən məlumat verilib. Milli Təhlükəsizlik Şurasının sözçüsü Sean Savett ABŞ-ın “bu xəbərlərdən narahat olduğunu” söyləyib. “İranın ballistik raketlərinin Rusiyaya təhvil verilməsi İranın Ukraynaya qarşı müharibəyə dəstəyinin əhəmiyyətli dərəcədə artmasını ifadə edəcək”, - Savett deyib. Lakin ABŞ-ın belə bir transferdən xəbəri olub-olmadığını təfərrüatlandırmayıb. Savett qeyd edib ki, Birləşmiş Ştatlar, onun G7 və NATO tərəfdaşları İranın Rusiya Federasiyasına raketlər ötürəcəyi təqdirdə “açıq şəkildə... əhəmiyyətli nəticələr yaratmağa hazır olduqlarını” bildiriblər.

Şərhlərdə analitiklər belə bir fikir bildiriblər ki, Qərb İran raketlərinin Rusiyaya ötürülməsini aşkar etdikdən sonra necə davranacağı ilə bağlı dilemma ilə üzləşib. ABŞ Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Fabian Ginz bildirib ki, ən vacib, lakin eyni zamanda problemli hərəkətlərdən biri transferin özünü qadağan etmək olacaq. “Qərb dövlətlərinin Xəzər dənizinə və ya onun üzərindəki hava məkanına, yaxud Rusiya Federasiyası və ya İran üzərindəki hava məkanına nəzarəti ələ keçirməsi və müvafiq olaraq, hərtərəfli müharibəyə başlaması istisna olmaqla, bu cür transferlərin qarşısını almaq üçün etibarlı yol yoxdur, hansı ki, Birləşmiş Ştatlar istəmir”, - Ginz deyib.

“Demokratiyanın Müdafiə Fondu”nun baş elmi işçisi Behnam Ben Taleblu deyib ki, Qərb İranın raket proqramını sabotaj etməyə cəhd etməklə və ya belə bir ötürməni aşkar edən kəşfiyyat məlumatlarını məxfilikdən çıxararaq və onu cilovlamaq üçün onu tez bir zamanda ictimaiyyətə açıqlayaraq İranın raket ötürülmə planını poza bilər.

Avropa İttifaqı müttəfiqləri İranın Rusiyaya ballistik raketlər verməsi ilə bağlı kəşfiyyat məlumatlarını paylaşıblar və tədarüklər təsdiqlənərsə, Tehrana qarşı yeni sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlıq edilib. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano deyib.

“Biz müttəfiqlərin İranın ballistik raketlərinin Rusiyaya çatdırılması ilə bağlı verdiyi etibarlı məlumatdan xəbərdarıq”, - Aİ rəsmisi əlavə edib.

İran Xarici İşlər Nazirliyi və İranın BMT-dəki səfiri Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı Qərb mətbuatında yayılan xəbərləri təkzib etsə də, İranlı deputat Əhməd Baxşaiş Ərdəstaninin açıqlaması da diqqət çəkib: “Biz ehtiyaclarımızı ödəmək üçün barter etməyə məcburuq, o cümlədən soya və buğda idxalı edirik. Barterin bir hissəsi raketlərin göndərilməsini, digər hissəsi isə Rusiyaya hücum pilotsuz təyyarələrinin (PUA) göndərilməsini əhatə edir. Biz buna məcburuq”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, “Fath-300" tipli ballistik raket kompleksləri bir neçə təyinatlıdır: "Ümumilikdə yaxın və orta mənzilli raketlərdir. 300 kilometrdən 1500 km məsafədə hədəfi məhv etmək üçün nəzərdə tutulub. İran mediasının açıqladığına görə, yeni modellər modernləşdirmədən sonra 2000 kilometr məsafədə hədəfi məhv etmək imkanına malikdirlər. Bildirilir ki, İsrailə atılan sonuncu raketlərin əsas hissəsi “Fath-300" raketləri olub. İranın taktiki raket kompleksi Rusiya texnologiyası və Çinin GPS naviqasiya sistemləri əsasında yaradılıb. İran isə öz ölkəsində digər əlavələr etməklə bu məhsulların istehsalını həyata keçirir”.

R.Məmmədli vurğuladı ki, dünyada silah sənayesində rəqib şirkətlər arasında görünməyən rəqabət mövcuddur: “Bu rəqabətdə media resursları ciddi şəkildə istifadə olunur. Əsas məqsəd rəqiblərin məhsullarının keyfiyyətsiz, effektsiz olması ilə bağlı informasiyaların yaranmasıdır. Qərb mütəxəssislərinin dediyinə götə, hətta Rusiya mütəxəssisləri də bunu deyir ki, "İsgəndər", “Lora” kimi hədəfi dəqiq məhv etmək imkanına malik olmasa da, “Fath-300"ün son modelləri heç də mənfi formada xarakterizə olunmur. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, İranın bu cür raketlərin satışını həyata keçirdiyi ölkələrin sayı o qədər də çox deyil - Suriya, Rusiya”.

Rusiya-Ukrayna müharibəsində bu silahların istifadəsi ilə bağlı Ramil Məmmədli bildirdi ki, müharibənin taleyini hər hansı silah həll etmir: “Bəzi hərbçilər deyir ki, Ukraynanın aldığı "F-16"lar müharibənin taleyini Ukraynanın xeyrinə dəyişəcək. Bəziləri isə deyir ki, onlar effektsizdir. Mənim fikrim tamamilə fərqlidir. Hesab edirəm ki, heç bir silah müharibənin taleyində xüsusi rol oynaya bilməz. Müharibənin taleyini dəyişə bilən amil yalnız taktiki və strateji manevrlərdir, istər yerüstü, istərsə də hava məkanında taktiki və strateji tapşırıqların icra olunmasıdır. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun silah texnika parkı Azərbaycan Ordusunun silah texnika parkı ilə demək olar ki, eyni idi. Məsələn, Azərbaycanda “Lora” kompleksi var idi, onlarda isə “İsgəndər”. Onlarda da, bizdə də “Smerç” reaktiv yaylım atəşi sistemi var idi. Üstünlük yaradan amil yalnız döyüş tapşırıqlarının, xüsusilə də yerüstü əməliyyatların həyata keçirilməsində planların effektiv icra edilməsi idi. Ermənistan əlində olduğu “R17 Elbrus” raketlərindən Azərbaycana qarşı istifadə etdi, Gəncə, Mingəçevirə zərbə endirdi, həmçinin yaxın rayonlara reaktiv yaylım atəş sistemlərindən atəş açdı. Lakin bu, müharibənin taleyini dəyişdirə bilmədi. Verilən tapşırıqlar ya effektiv həyata keçirilməyib, ya da o tapşırıqlar effektiv olmayıb. Odur ki, nə Rusiyanın, nə Ukraynanın arsenalında olan silahlar müharibənin taleyini həll etmir. Yalnız uğurlu bölmələr ciddi yerüstü əməliyyatlar həyata keçirməklə buna nail ola bilər. Məsələn, Ukraynanın Kursk əməliyyatında qazandığı uğur raket zərbələri sayəsində deyildi. Təbii ki, bu cür taktiki raketlər düşmənin dərinlikdə yerləşən strateji obyektlərinin sıradan çıxarılmasında əhəmiyyətlidir. Bu da müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Yəni İranın raketləri Rusiya üçün müharibənin taleyini dəyişə biləcək səviyyədə deyil".

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd “Yeni Müsavat”a açıqlamasında Rusiyanın silah arsenalına diqqət çəkdi: “İran tərəfi rəsmi olaraq bəyanat verdi ki, onlar Rusiyaya raketlər satmırlar. Bir qədər informasiya kirliliyi var. Digər bir iddia da var ki, Rusiya Ukraynanın daha dərinliklərini vurmaq üçün İrandan raket alacaq. Məsələ ondadır ki, Rusiyanın özündə bu tip raketlər var. Ukraynalı general bugünlərdə verdiyi müsahibədə açıq şəkildə deyib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri "Kinzhal", “İsgəndər” raketləri ilə müqayisədə demək olar ki, bərbad gündədir. Çünki sözügedən raketlər səsdən sürətli, hipersonikdir. Bu raketlərin qarşısını almaq mümkün deyil. Rusiyanın əlində Ukraynanın dərinliklərini daha uzaqmənzilli, məsələn, 300-600 kilometr məsafəni vura biləcək kifayət qədər raket var. Buna görə də Rusiyanın bu raketləri məhz İrandan tədarük etməsi qəribə görünür. Digər tərəfdən, bu mümkün görünür, çünki Rusiya dəfələrlə bundan istifadə edib, İrandan aldığı raketlərlə, dronlarla Ukrayna ərazisinə zərbələr endirib. İran dronlarının ucuz qiymətə olması Rusiyanı daha çox maraqlandırır. Qərb mediası yazır ki, Rusiya İrandan aldığı raketlərlə müharibənin taleyində dönüş edəcək. Fikrimcə, bu, daha çox informasiya müharibəsinə bənzəyir. Onsuz da Rusiya müharibədə dönüş edə bilib. Rusiya müharibədə vəziyyəti elə bir həddə çatdırıb ki, Ukraynanın ata biləcəyi xüsusi addım qalmayıb. Ukrayna Kurska girməklə qumar oynadı. Rusiya isə Ukrayna cəbhəsində irəliləməyə davam edir. Ukraynada ən böyük problemlərdən biri şəxsi heyətlə bağlıdır, insanları orduya cəlb etməklə bağlı ciddi problemlər var. İnsan resursunun azlığı Ukraynanı tükətmək üzrədir. Muzdlular əvvəlki effekti vermir. Hesab edirəm ki, Rusiya bu müharibəni İran, yaxud digər güclərin köməyi ilə qazanmaq üzrə olduğu, ya da dönüş etmək iqtidarında olduğu fikrini formalaşdırmağa çalışır. Ukrayna davamlı olaraq Qərbdən hava hücumundan müdafiə sistemləri istəyir. Çünki hava məkanı tam bağlanmayıb. Bu da o deməkdir ki, üstünlük Rusiyanın tərəfindədir. Müharibədə, döyüşdə hava üstünlüyü  kimin tərəfindədirsə, onun daha çox irəli getdiyi aydındır. İndiki məqamda İrandan alınacaq raketlərlə bağlı birmənalı şərh vermək doğru olmaz".  

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

10.09.2024 10:39
364