Rusiya iqtisadiyyatının bu sektorunda 200 min işçiyə ehtiyac var

“Rusiyanın tikinti sənayesində hazırda 200 min işçi çatışmır”.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumatı baş nazirin müavini Marat Xusnullin “Tikinti sənayesinin gələcəyi: çağırışlar və inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik simpoziumdakı çıxışında açıqlayıb.

“Bizim hesablamalara görə, bu gün tikinti sənayesində 200 minə yaxın işçi çatışmır. Biz problemi həll etmək üçün yeni texnologiyalar tətbiq edir, kadr hazırlığını genişləndiririk”, - Xusnullin bildirib.

Onun sözlərinə görə, əmək məhsuldarlığının artırılması kadr çatışmazlığı probleminin həllində əsas məsələlərdən biridir:

“Bizim qarşımızda növbəti illərdə məhsuldarlığı 22 faiz artırmaq vəzifəsi durur”.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya rəsmiləri nəqliyyat-logistika sektorunda 1 milyon, kənd təsərrüfatında isə 800 minə yaxın işçiyə ehtiyac olduğunu açıqlayıblar.

Musavat.com

16.09.2024 18:23
880