Bu ilin yeddi ayında Rusiya ilə Çin arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi illik ifadədə 36,5 faiz artaraq 134,1 milyard dollara çatıb. Bu barədə məlumatı Çin Baş Gömrük İdarəsi açıqlayıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, yeddi ayda Çindən Rusiyaya ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 73,4 faiz artaraq 62,54 milyard dollar təşkil edib. Rusiya mallarının Çinə ixracı isə illik ifadədə cəmi 15,1 faiz artmaqla 71,55 milyard dollar olub. Beləliklə, qarşılıqlı ticarətdə Rusiya tərəfdən müsbət saldo ötən illə müqayisədə 2,7 dəfə azalmaqla 9 milyard dollar təşkil edib.
İyul ayı ərzində ölkələr arasında ticarət həcmi iyunla müqayisədə 6,4 faiz azalmaqla 19,84 milyard dolla olub. Bu zaman Rusiyadan Çinə ixrac aylıq ifadədə 18,3 faiz azalaraq 9,2 milyard dollar təşkil edib.
Qeyd edək ki, Rusiyadan Çinə əsasən neft, qaz, kömür ixrac olunub. İxracın kiçik bir hissəsini mis, mis filizi, odun və dəniz məmulatları təşkil edib. Çindən Rusiyaya isə əsasən telefonlar, elektronika məhsulları, sənaye və xüsusi ixtisaslaşdırılmış avadanlıqlar, kompüter, kondisioner və sair təşkil edir. Bu günlərdə Rusiyanın müstəqil mətbuatının açıqladığı gömrük statistikasından aydın olur ki, Çin sanksiyalı malların Rusiyaya çatdırılmasında əsas ölkələrdən biri rolunu oynayır. Bu amil Çinlə ABŞ və Avropa İttifaqı arasında münasibətlərin soyuqlaşmanın dərinləşməsinə gətirib çıxarıb. Artıq qarşı tərəflər onlarla Çin şirkətinə Rusiyaya yardıma görə sanksiya tətbiq edib. Nəticədə ötən ay Çinin ABŞ və Avropa İttifaqı ilə ticarətində kəskin azalma baş verib. Belə ki, iyulda Çinin ABŞ-a ixracı 23,1 faiz, Avropa İttifaqına ixracı isə 20,6 faiz azalıb.
Qeyd edək ki, Rusiyaya qarşı kollektiv Qərbin sanksiyalarının gözlənilən effektləri bugünədək verməməsinin səbəblərindən biri də Moskvanın alternativ olaraq Çin və Hindistanla əlaqələri, əməkdaşlığı gücləndirməsidir. Məhz buna görə də Çin uzun müddətdir ABŞ-ın hədəfindədir. Rusiya ilə yaxınlaşmanı davam etdirib, onu xilas etməyə çalışması Çinin özünün başına bəlalar aça bilərmi? Qərb-Çin qarşıdurması açıq fazaya keçə bilərmi?
Elxan Şahinoğlu: “Qərb-Pekin qarşıdurması artıq açıq fazaya keçir”
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a danışıb: “Amerika dəfələrlə Çini xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzündə Moskvaya dəstək verməsin. Doğrudur, Çin müharibənin ilk aylarında çalışırdı ki, Rusiya ilə məsafə saxlasın. Amma getdikcə əlaqələr inkişaf etdi, ticarət artdı, hətta indi şübhələr var, mətbuatda tez-tez məqalələr yayımlanır ki, Çindən Rusiyaya hərbi texnika da çatdırılır. Çinin rəsmiləri bu xəbərin doğru olmadığını desə də, gələn xəbərlərə görə, Çin dron istehsalı üçün lazım olan komponentləri Rusiyaya ötürür”.
Politoloq Çinin bir ara guya Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış etməsindən də söz açıb: “Bir ara Çin guya vasitəçi kimi çıxış etmək istəyirdi. Amma Çin lideri Si Cinpin Moskvaya səfər etsə də, Kiyevə səfər etmədi. Ukrayna Prezidenti Zelenski ilə sadəcə telefon danışığı oldu, danışıq zamanı 12 maddəlik hərb planı irəli sürdü. Amma bu hərb planı reallaşa bilməzdi. Çünki işğalın rəsmiləşməsni özündə ehtiva edirdi. Yəni, dırnaqarası hərbi planda belə bir fikir var idi ki, Rusiya nə götürübsə, ona qalsın. Bu da işğalın rəsmiləşdirilməsi demək idi. Ona görə də Kiyev və Qərb ölkələri bununla razılaşa bilmədi.
Bu baxımdan indi Rusiya ilə Çin arasında strateji tərəfdaşlıq inkişaf edir, üstəlik, müxtəlif bölgələrdə birgə hərbi təlimlər keçirilir. Bu da Çinə qonşu olan Hindistanı, Yaponiyanı, Avstraliyanı ciddi narahat edir".
Politoloq qeyd edib ki, Amerika bu bölgədə Çinə qarşı müəyyən birliklər yaradır: “Məsələn, bu birliklərdən biri ABŞ-Böyük Britaniya-Avstraliya birliyidir. Avstraliyaya dəstək verilir ki, sualtı gəmilərini inkişaf edə bilsin. Digər birliklər də var ki, burada Hindistan, Yaponiya çıxış edir. Yəni, Çinin regionda artan hərbi gücü də Çinə qonşu olan dövlətləri narahat edir.
Üstəlik də Rusiya-Çin ittifaqı gücləndikcə, ticarət artdıqca, bu ittifaq müəyyən bölgələrə də təsir etməyə başlayır. Məsələn, Çinin Mərkəzi Asiyada müəyyən təsir imkanları var. Belə ki, Çin Mərkəzi Asiya ölkələrinə müəyyən kreditlər ayırır, sonra isə həmin ölkələri özündən asılı vəziyyətə salır.
Son zamanlar Avropa İttifaqının da Çinin siyasəti ilə bağlı narahatlığı artır. Məsələn, bu günlərdə İtaliyanın baş naziri öz ölkəsinə bir kəmərlik yol layihəsinə çıxdığını bəyan etdi. Çünki İtaliya və bəzi Avropa dövlətləri düşünür ki, Çin bu layihə vasitəsi ilə Avropada həm siyasi, həm də iqtisadi zəmində güclənmək istəyir".
“Qərb-Çin qarşıdurması açıq fazaya keçə bilərmi?” sualına politoloq bu cür cavab verdi: “Zatən bu qarşıdurma açıq müstəviyə keçməkdədir. Məsələn, ötən əsr 70-ci illərin ortaları, 80-ci illərin əvvəllərində Amerika-Çin münasibətləri normallaşmışdı. O zaman Çinlə Sovetlər birliyi baxmayaraq ki, ikisində də kommunist rejimi idi, amma arada müəyyən nifaq var idi. Amerika bundan istifadə etdi, Çinlə dostlaşdı, yaxşı münasibətlər qurdu. Amma 89-cu ildə Çində tələbələrin hərəkatı güc, ordu yolu dağıdıldıqda artıq münasibətlərdə qopma nöqtəsi əmələ gəldi, amma yenə də iqtisadi əlaqələr davam edirdi.
Artıq 2000-ci illərdən başlayaraq Çinin artan iqtisadi gücü hərbi gücünə də çevrilməyə başladı. 2000-ci illərə qədər Çin hərbi nöqteyi-nəzərdən güclənməyi nəzərdə tutmurdu. Lakin son 10-15 ildə Çin hərbi qüdrətini də artırmağa başlayıb və qonşu dövlətlərə əzələ nümayiş etdirir, bu, əlbəttə ki, başlıca olaraq ABŞ-ı narahat edir.
Təsəvvür edin, Trampın dönəmində Amerika Çinlə müəyyən anlaşmadan vaz keçdi, düşünülürdü ki, Bayden prezident seçiləndən sonra o, demokratdır, Çinlə əlaqələrin inkişafı yolunu tutacaq. Amma Bayden də Trampın Çin siyasətini davam edir. Çünki Baydenə də verilən hesabatlarda yer alıb ki, Çin gücləndikcə bölgələrə, ölkələrə öz şərtlərini diktə etməyə çalışacaq.
Yəni, Rusiya əzələ nümayişi ilə cənubi Qafqazda, Ukraynada, Mərkəzi Asiyada güclənməyə çalışırsa, Çin əvvəlcə iqtisadi kreditlər yolu ilə bu bölgələrə yol tapır, sonra isə siyasi və hərbi nöqteyi-nəzərdən də güclənməyə çalışır. Məsələn, Çinin artıq bəzi ölkələrdə hərbi bazalarının yaratmaqla bağlı planları var. Bu, Amerikani ciddi şəkildə narahat edir.
Bu günlərdə dünyanı ən çox narahat edən Afrikada baş verən son hadisələr, çevrilişlərdir. Burda da Çinlə Amerikanın maraqları toqquşur. Məsələn, çevriliş baş verən ölkələr Qərblə əməkdaşlıqdan imtina edir, Çin və Rusiya ilə əməkdaşlığa üstünlük verirlər ki, bu qitədə də artıq Amerika ilə Çinin maraqları kəsişir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”