Rusiya ilə ticarət təhlükəli halagəldi: Azərbaycana təhdid varmı...

Ödənişlər hansı sistemdən - Avropa SWIFT, Rusiya SPFS və ya Çin CIPS-dən keçməsindən asılı olmayaraq rədd edilir

Qərb, xüsusilə də ABŞ Rusiyanın üçüncü ölkələr vasitəsilə sanksiyalı malları əldə etməsinin qarşısını almaq üçün fəaliyyətləri intensivləşdiriblər. Bu fəaliyyətlərin əsas istiqamətlərindən birini maliyyə qurumlarına nəzarət təşkil edir. Ötən ilin dekabrında ABŞ prezidenti Co Bayden ölkənin Maliyyə Nazirliyinə Rusiya ilə sanksiyalı malların ticarətini maliyyələşdirən maliyyə qurumlarına sanksiya tətbiqini asanlaşdıran əmr imzalayıb. Bununla da nazirliyə sanksiyalı malların Rusiyaya çatdırılması prosesində iştirakda şübhəli bildiyi maliyyə qurumlarını əlavə prosesdurlar olmadan sanksiya siyahısına salmaq səlahiyyəti verilib. 

Ardınca yanvar ayından etibarən ABŞ Maliyyə Nazirliyindən Ukraynada müharibə başlayandan bəri Rusiya ilə ticarəti kəskin  artan ölkələrə xəbərdarlıqlar göndərilib. Nəticədə Rusiyanın əsas ticarət tərəfdaşları olan Çin, BƏƏ və Türkiyə ilə ticarətdə kəskin problemlər meydana çıxıb. 

Belə ki, yanvarın əvvəlində məlum olub ki, Türkiyə bankları Rusiya ilə ticarət əməliyyatlarını maliyyələşdirməkdən imtina etməyə başlayıblar. Ötən müddət ərzində yaranan problemi aradan qaldırmaq mümkün olmayıb. Rusiya tərəfi problemin ABŞ-da dekabrda qəbul edilən qərarın əsas rol oynadığını bildirməklə Türkiyə banklarının vəziyyətinin anlaşıldığını elan etsə də, hələ ki ticarət əməliyyatlarının başqa maliyyələşmə forması tapılmayıb. 

Nəticədə yanvar-fevralda iki ölkə arasındakı ticarət həcmi illik ifadədə 33 faiz azalıb. Türkiyənin Ticarət Nazirliyinin məlumatına görə, təkcə fevral ayında ölkənin Rusiyaya ixracı 33,7 faiz azalaraq 1 milyard dollardan 670 milyon dollara, Rusiyaya ixracı isə 36,65 faiz azalmaqla 2023-cü ilin fevralındakı 2 milyard dollardan 1,3 milyard dollara qədər azalıb. Problemin mart ayında da aradan qaldırılmaması deməyə əsas verir ki, ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsində azalma davam edib.

Rusiyanın eyni xarakterli problemi Çinlə ticarət əməliyyatlarında da yaranıb. Belə ki, Çinin dörd ən böyük bankından üçü 2024-cü ilin əvvəlindən Rusiyanın sanksiya tətbiq etdiyi kredit təşkilatlarından ödənişləri qəbul etməyi dayandırıb. Məhdudiyyətlər Çində aktivlərin həcminə görə birinci, ikinci və dördüncü yerləri tutan Çin Sənaye və Kommersiya Bankı (ICBC), Çin İnşaat Bankı (CCB) və Bank of China tərəfindən tətbiq edilib. 

Yanvarın əvvəlindən bu banklar Rusiya müştərilərinə ödənişləri qəbul etməyi dayandıracaqları barədə xəbərdarlıq ediblər.  Ödənişlər hansı sistemdən - Avropa SWIFT, Rusiya SPFS və ya Çin CIPS-dən keçməsindən asılı olmayaraq rədd edilir.

Çin və Türkiyə banklarının ardınca Birləşmiş Ərəb Əmirliklərinin böyük bankları da Rusiyadan olan müştərilərlə işləmək üçün məhdudiyyətlər tətbiq etməyə başlayıb. Bu barədə “Vedomosti” qəzeti rusiyalı iş adamlarına, vergi və hüquq məsləhətçilərinə, həmçinin “Delovaya Rossiya”nın nümayəndələrinə istinadən məlumat yayıb. Məlumata görə, BƏƏ bankları Rusiyadan pul qəbulunu və rusiyalı müştərilərə ödəniş göndərməyi dayandırıb. Bundan əlavə, kredit təşkilatları sahibləri Rusiya vətəndaşı olan şirkətlərin hesablarını bağlayır.

Sanksiya təhlükəsi uzaq xariclə yanaşı, Rusiyanın ən yaxın qonşuları ilə maliyyə əməkdaşlığına ciddi problemlər yaradıb. Belə ki, martın 30-dan etibarən Ermənistanın VTB bankın törəməsi istisna olmaqla, bütün bankları Rusiyanın “Mir” kartlarına xidməti dayandırıb. 

Qazaxıstanın ən iri bankı olan “Halyk Bank” (Xalq Bankı) hələ fevralın sonundan etibarən Rusiyanın “Mir” ödəniş sisteminin kartlarına xidmət göstərməyi dayandırıb. Bu barədə TASS-a maliyyə təşkilatının çağrı mərkəzinin əməkdaşı məlumat verib. “Sonuncu dəyişiklik fevralın 27-də olub, "Mir" kartlarına artıq xidmət göstərilmir", - o bildirib.

Aprelin 3-dən etibarən isə bütün Qırğızıstan ərazisində Rusiyanın "Mir" bank kartlarına xidmət dayandırılıb. Bu barədə Qırğızıstan Banklararası Prosessinq Mərkəzi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə məsul bölməsi “Mir” ödəniş sisteminin kart operatoru olan “Milli Ödəniş Kartları Sistemi” SC-yə qarşı sanksiyalar tətbiq edib: ""Elkart" milli ödəniş sisteminin fasiləsiz fəaliyyətinin təminatçısı olan Banklararası Prosessinq Mərkəzi QSC məlumat verir ki, ikinci dərəcəli sanksiyalar riskini minimuma endirmək məqsədilə aprelin 5-dən etibarən infrastrukturunda “Mir” bank kartlarına xidmət göstərilməsini dayandıracaq".

Bundan əlavə, “Elkart” kartlarının Rusiyada fəaliyyəti də dayandırılır.

Banklararası Prosessinq Mərkəzindən bildirilib ki, milli ödəniş sisteminin fasiləsiz fəaliyyətini və tam təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülür.

Rusiya Mərkəzi Bankından "İnterfaks"a verilən məlumata görə, “Mir” ödəniş sistemi ilə işin dayandırılması barədə “Elkart”dan rəsmi bildiriş alıb. Məlumatda qeyd olunur ki, aprelin 3-dən Moskva vaxtı ilə saat 9:00-dan etibarən “Elcard”ın iştirakçı banklarının infrastrukturunda Rusiyanın heç bir bankı tərəfindən buraxılmış “Mir” kartları ilə əməliyyatlar aparılmır: “Xatırlatmaq istərdik ki, "Mir" ödəniş sistemi beynəlxalq tərəfdaşlarla işləmək üçün heç bir məhdudiyyət tətbiq etməyib. Bununla belə, xarici banklar və ödəniş sistemləri öz infrastrukturlarında “Mir” kartlarını qəbul edib-etməmək barədə müstəqil qərar qəbul edirlər, o cümlədən ikinci dərəcəli sanksiya risklərin qiymətləndirilməsi nəzərə alınmaqla. sanksiyalar".

“Kommersant” nəşrinin Rusiya bank bazarındakı mənbəyə istinadən yazdığına görə, Ermənistan və Qırğızıstanın ardınca “Mir” kartlarına xidmət göstərməyi dayandıracaq növbəti ölkələr Tacikistan və Belarus ola bilər. Belə ki,  “Mir” ödəniş sisteminin operatoru olan Milli Ödəniş Kartları Sistemi (MSCP) ilə Belarusun “Belkart” və Tacikistanın “Korti Milli” şirkətləri arasında bağlanmış müqavilələr Ermənistanın “ArCa” və Qırğızıstanın “Elkart” şirkətləri ilə bağlanmış müqavilələrə bənzəyir.

Üstəlik, həm Belarus, həm də Tacikistan bankları hələ də beynəlxalq ödəniş sistemlərinin kartlarını buraxırlar. Beləliklə, ABŞ-ın sanksiyaları təhlükəsi də onlar üçün eyni dərəcədə aktualdır.

Göründüyü kimi, Rusiyaya qadağan olunan malların çatdırılması ehtimalı yüksək olan bütün ölkələrə ciddi təzyiqlər başlanıb və getdikcə də artırılır. Hətta Çin kimi böyük immuniteti olan ölkə bu təzyiqlərə davam gətirməklə Rusiya ilə ticarətini dayandırmamağı bacarsa da, alış-verişin sanksiyalı mallardan kənarda aparılmasına əməl etməyə məcburdur. Çin Gömrük İdarəsinin məlumatına əsasən, iri bankların addımına rəğmən yanvar-fevralda ölkələr arasında ticarət həcmində 11 faizə yaxın illik artım var. Bu zaman Rusiyanın Çindən idxalı daha sürətlə artıb. Lakin idxalın əsas hissəsi Çinin öz istehsalı olan və hərbi sənayedə istifadəsi mümkün olmayan məhsulların payıdır. 

Artıq hamıya aydındır ki, Rusiya ilə ticarətdə ikili malların yer alması halı qeydə alınan bütün ölkələr üçün ikincili sanksiyalar böyük təhdidlər formalaşdırır. Azərbaycan da Rusiya ilə ticarətini getdikcə artıran ölkələrdən biridir. Rəsmi statistikaya əsasən, 2023-cü il ərzində Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 17,5 faiz və ya 648,5 milyon ABŞ dolları artaraq 4,35 milyard dolları üstələyib. Ötən il Azərbaycandan Rusiyaya 1,19 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 22,6 faiz və ya 220,9 milyon dollar çoxdur.

Rusiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 15,6 faiz və ya 427,5 milyon dollar artaraq 3,16 milyard dollar təşkil edib.

2024-cü ilin yanvar-fevral aylarında isə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 591,254 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 22,3 faiz azdır. Məlumata görə, yanvar-fevral aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 20,8 faiz azalaraq 155,131 milyon dollar, Rusiyadan mal idxalı isə 22,9 faiz azalaraq 436,122 milyon dollar təşkil edib.

Rusiya iki ayın yekunlarına əsasən, Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub. Bu dövrdə Rusiya ilə ticarət əməliyyatları ölkənin xarici ticarət dövriyyəsinin 8,18 faizini təşkil edib.

Rusiya ilə ticarət artsa da, indiyədək bir dəfə də olsun Qərb dövlətlərində Azərbaycanın sanksiyalı malların şimal qonşuya ötürülməsində iştirakına dair şübhə yaranmayıb. Rusiya ilə ticarətin iştirakçılarından qəzetimizə verilən məlumata görə, ticarət əməliyyatları əsasən VTB bankın Azərbaycan filialı, qismən isə ZiraatBank Bakı filialı üzərindən maliyyələşdirilir: “Bütün idxal, xüsusilə də ixrac əməliyyatlarına dövlət qurumları sərt nəzarət mexanizmi tətbiq ediblər. Azərbaycan üzərindən Rusiyaya hər hansı sanksiyalı məhsulun satılması mümkün deyil. Kimsə istəsə belə, dövlət qurumları buna imkan verməz”.

Maliyyə qurumlarının Rusiyanın sanksiyalı bankları ilə əlaqələrinə gəlincə, Azərbaycan bankları “Mir” ödəniş sisteminə qoşulmayıblar, “Mir” kartlarına xidmət göstərməyiblər. Bu baxımdan, ABŞ-ın fevralda “Mir” ödəniş sisteminə münasibətdə tətbiq etdiyi sanksiyalar Azərbaycanın maliyyə qurumları üçün hər hansı təhlükə formalaşdırmır...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

04.04.2024 10:33
1129