Rusiya hərbi kontingentinin Ayvazovskiyə büst qoymaq mandatı var idimi? 

“Xankəndidə Ayvazovskiyə qoyulan büstün sökülməsi ilə bağlı Rusiyada qaldırlan hay-həşir və bura hətta Mixail Şvıdkoy kimi birinin də cəlb edilməsi növbəti dəfə sözügedən dövlətin mahiyyətini ortaya qoyur. Və mümkündür ki, indiyədək Ermənistanın sərgilədiyi davranışın, yalanları göz deşə-deşə özünü haqqı tapdanan, incidilən, qısnanan kimi kimi təqdim etməsinin də arxasında elə həm də onu forpostuna çevirən dayanırmış”.

Musavat.com-un məlumatına görə, bunu deputat Sahib Alıyev bildirib.

SAHİB ALIYEV.jpg (64 KB)

Milli Məclis üzvü ardınca xatırlatma edib:

“Hələ 2021-ci ilin noyabrında hərbi kontingentlərinin Qarabağa yeridilməsinin bir illiyi ilə bağlı “Rusiya Şan Seyrangahı” yaradıb Qazaxıstan prezidenti cənab Tokayevin adı verilən ordeni almaq istəmədiyi Aleksandr Nevskdən tutmuş generel-leytenant rütbəsi daşımış şairləri Denis Davıdova qədər 10 fəxr etdiklərinin büstünü orada qoyanda bunun nə anlam daşıdığıyla bağlı fikir bildirmişdim. Ona görə də Qarabağda peyda olduqları gündən oradan çıxanadək mən bir dəfə də Rusiyanın hərbi kontingentini sülhməramlı adlandırmamışam. Çünki elə həmin seyrangahın salınması və orada qoyulan büstlər də açıq-aydın göstərirdi ki, burada sülh yox, işğal məramlılıqdan söhbət gedir”.

Sahib Alıyev əlavə edib:

“Biz bunu görmürdükmü? Əlbəttə, görürdük və ona görə də zərgər dəqiqliyi ilə düşünülmüş, ardıcıl şəkildə atılan addımlarla nə etməli idiksə, onu da etdik. Rusiya hərbi kontingenti üçtərəfli bəyanatda nəzərdə tutulduğundan da bir il qabaq Qarabağla Şərqi Zəngəzurdan çıxarıldı. İndi gələk Ayvazovsinin sökülən büstü qarışıq Qarabağdakı işğal rəmzlərinin varlığına. Onların Azərbaycandan izinsiz ora qoyulmaları beynəlxlaq hüquqa görə qəti qadağandır və məsuliyyət yaradır. Çünki “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokolunda (1954, 1999) ərazisində sülhməramlılar yerləşdirilən dövlət özü izn verməzsə, üstəlik, özlərinin mandatında da bu yoxdursa, onların işğal altında olan, yaxud da mübahisəli sayılan ərazidə abidə qoymaları, yaxud da daim orada qalacaq mədəni obyekt tikmələri qadağan edilir.

Yeri gəlmişkən, ölkəmiz sözügedən Konvensiyanın 1999-cu il martın 26-da imzalanmış İkinci Protokoluna qeyd-şərt ilə qoşulmuşdu. Orada bildirilir ki, Azərbaycan Respublikası “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına İkinci Protokol”un 9-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş “işğal edilmiş ərazinin səlahiyyətli milli orqanları” dedikdə, Protokolun iştirakçısı Tәrәfin bütün ərazisində yerləşən mədəni sərvətlərin qorunması məsələləri ilə məşğul olan mərkəzi dövlət orqanını başa düşür.

İndi soruşuram: Rusiya hərbi kontingentinin Ayvazovskiyə, eləcə də digərlərinə orada büst qoymaq mandatı vardımı? Yox! Buna Azərbaycandan izn alınmışdımı? Xeyr!”

Deputat daha sonra vurğulayıb:

“Kim də olmasa, Vladimir Putinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy gözəl bilir ki, hərbi kontingentlərinin Qarabağda etdiyi o özbaşınalıq qanunsuz olduğu qədər də mədəniyyətdən uzaq idi? Reallığı bilə-bilə bu adamın niyə Konstantin Zatulin sayaq davrandığı əlbəttə, sirr deyil. Baxın, Zatulin neçə ildir ki, Rusiya Dövlət Dumasında MDB və daha bir neçə məsələlər üzrə Komitə sədrinin birinci müavindir. MDB üzvü olmuş və hələlik üzvlükdə qalan ölkələrin bir neçəsində, hətta forpost Ermənistanda belə “persona non qrata” elan edilən bu ünsürün hakimiyyət partiyasının təmsilçisi kimi uzun illərdir sözügedən komitənin gah sədri, gah da sədrinin birinci müavini postunu tutması nə anlam daşıyır?

O anlam daşıyır ki, Zatulin ayrı-ayrı MDB üzvlərinin üzərinə qısqırdılmaq üçün həmin postda əyləşdirilib və onun həddini aşan hərəkətləri özfəaliyyət deyil, verilən təlimata uyğun özünü aparır. Yəni Zatulincəsinə davranış heç də Zatulinlik məsələ deyil.

Məhz bu davranışlarına görə Zatulin Rusiyanın bir neçə qonşusunda arzuedilməz şəxsdir. İndi qoy Kremldəkilər düşünsünlər, əgər Zatulin arzuolunmaz biridirsə, onda onu bu cür davranışa təhrik edənlər kimdir? Deyəsən, sual ritorik oldu…”

Musavat.com

02.08.2025 14:17
888