Rusiya Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə üzrə Beynəlxalq İşçi Qrupun(Financial Action Task Force (FATF)) qara siyahısına salına bilər.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu qərar qrupun oktyabrın 21-25-də keçiriləcək plenar həftəsi zamanı verilə bilər.
Rusiyada çirkli pulların yuyulması üzrə fəaliyyətləri əlaqələndirən Rosfinmonitorinq bu məlumatlarla bağlı Telegram kanalında açıqlama yayıb. Açıqlamada bildirilir ki, Rusiyanın çirkli pulların yuyulmasına qarşı mübarizə sisteminin həm 2019-cu ildə FATF qiymətləndirməsi, həm də beynəlxalq ekspertlər tərəfindən aparılan qiymətləndirmə ilə beynəlxalq standartlara uyğun olduğu təsdiqlənib və bu, belə də qalır: “FATF-ın Rusiyanın “qara siyahı”ya salınması ilə bağlı hər hansı qərarından asılı olmayaraq, çirkli pulların yuyulmasına qarşı mübarizə sistemi effektiv fəaliyyət göstərməyə davam edəcək. Biz vurğulayırıq ki, FATF-ın oktyabrın 21-25-də keçiriləcək plenar iclasının istənilən qərarı ilə Rusiyanın çirkli pulların yuyulmasına qarşı mübarizə sistemi səmərəli fəaliyyət göstərməyə və maliyyə təhlükəsizliyinin təmin edilməsində maraqlı olan dövlətlərlə qarşılıqlı əlaqəyə davam edəcək”.
Açıqlamaya görə, həm FATF-ın 2019-cu ildəki qiymətləndirməsi, həm də ötən il beynəlxalq ekspertlər tərəfindən aparılan qiymətləndirmə ilə Rusiya Federasiyasının FATF-in üç tövsiyəsi üzrə reytinqi artırılıb və yalnız biri üzrə reytinqi “Qismən uyğunluq” səviyyəsinə endirilib. Bu da virtual valyutaların dövriyyəsinin qeyri-kafi qanunvericiliklə tənzimlənməsidir.
Qeyd edək ki, FATF-ın qara siyahısına salınan ölkələrdən həyata keçirilən bütün maliyyə əməliyyatları dərin və çoxmərhələli yoxlamalardan keçirilməlidir. Rusiya bu siyahıya salınarsa, sanksiyalar da nəzərə alınmaqla, onun xarici ticarətinin maliyyələşməsi demək olar ki, mümkün olmayacaq.
Musavat.com