Rusiya ətrafındaçəmbər daralır - faktlar

Türkiyə, Çin, Qırğızıstan bankları Moskva ilə ticarət əməliyyatlarını maliyyələşdirməkdən imtina edir

Ötən ilin payızında Avropa İttifaqının tətbiq etdiyi 12-ci sanksiyalar paketi, həmçinin ABŞ-ın ikincili sanksiyalara dair addımları Rusiyanın digər ölkələr üzərindən sanksiyalı malları əldə etməsinə ciddi zərbə vurub. Artıq Türkiyə və Çinlə ticarətin maliyyələşməsi mümkünsüz hala gəlib. Belə ki, hər iki ölkənin bankları Rusiya ilə ticarət əməliyyatları üzrə maliyyə işlərini icra etməkdən imtina edirlər.

Dekabr ayından tək-tək rastlaşılan bu faktlar artıq kütləvi xarakter alıb. Rusiyanın “Kommersant” nəşri maliyyə bazarındakı mənbələrə və xarici ticarət iştirakçılarına istinadən xəbər verib ki, Türkiyə bankları sanksiya təhdidi altında Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb. Eyni məlumatı Türkiyə mətbuatı da yaymaqdadır.

Bildirilir ki, formal müqavilə bağlanmadan müxbir əlaqələri və ödənişlərin işlənməsi dayandırılır. Xarici bankların Rusiyadakı bəzi törəmə şirkətləri istisnadır. Məlumata görə, çətinliklər uzun müddətdir ki var, lakin 2023-cü ilin sonunda vəziyyət xeyli pisləşib və Türkiyənin demək olar ki, bütün banklarını əhatə edib.

Prosesin belə inkişafının əsas səbəbi kimi ABŞ prezidenti Baydenin ötən il dekabrın 22-də Ukraynadakı müharibədə Rusiyaya yardım edən xarici şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar haqqında imzaladığı fərman göstərilir. Fərman Vaşinqtona Rusiyaya qarşı sanksiyaları pozduqlarına görə xarici bankları Amerika maliyyə sistemindən ayırmağa imkan verir. Lakin analitiklər bildirirlər ki, probplem Avropa İttifaqının 12-ci sanksiya paketinin tətbiqindən başlayıb, Baydenin fərmanı onu daha da dərinləşdirib. 

Yanvarın 1-dən Rusiyadan Türkiyəyə pul köçürmələri demək olar, dayanıb. İxracatçılar lirə və rublla ödənişi qəbul etmirlər. Hətta bəzi banklar əməliyyatların “qadağan olunmuş mallara” aid olduğunu əsas gətirərək, artıq icraya qəbul edilmiş əməliyyatları geri döndəriblər. Türkiyənin bank sektorundan olan mənbə bildirib ki, problemlər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) tədbirləri ilə bağlıdır.

Türkiyənin Ticarət Nazirliyinin ölkə banklarının Rusiyadan ödənişləri emal etməkdən imtina etməsi ilə bağlı problemi həll etməyə çalışdığı bildirilir. Nazirlikdən TASS-a bildiriblər ki, ödəniş edə bilməyən şirkətlərin şikayətlərini toplayırlar.

Türkiyə hakimiyyəti vəziyyəti ən qısa zamanda həll etməyi planlaşdırır. Türk şirkətləri də ödəniş məhdudiyyətlərindən əziyyət çəkir. Türkiyə Podratçılar Birliyinin rəhbəri Mustafa Gültəpə bildirib ki, problem bu ilin əvvəlində yaranıb və fevralın əvvəlində həll olunmalıdır.

RİA Novosti-nin məlumatına görə, son günlər Türkiyənin dövlət bankları qismən Rusiyadan ödənişlər etməyə başlayıb, özəl banklar isə yanvarın 25-dək vəziyyəti normallaşdıracaq.

Lakin əksər Rusiya ekspertləri, həmçinin bazat iştirakçıları problemin aradan qalxmayacağını bildirirlər. Türkiyənin sahə ekspertləri bankların ikinci dərəcəli sanksiyalardan qorxduqlarını bildirirlər: ABŞ sanksiyasına məruz qalmaq qısa müddət ərzində hər hansı bankın bütün müştərilərindən məhrum olması, faktiki iflası deməkdir. Çünki əsasən Avropaya, ABŞ-a istiqamətlənən Türkiyə şirkətləri öz hesablarını sanksiyalı banklardan dərhal çıxaracaqlar. 

Rusiyada xarici ticarətlə məşğul olan sahibkarlarıb bəziləri təkcə Türkiyə və Çində deyil, bəzi MDB ölkələrində, həmçinin Qırğızıstanda da eyni problemlərin yarandığını bildirirlər. Onların “Kommersant”a dediklərinə görə, artıq bir neçə Qırğızıstan bankı da Rusiya ilə ticarət əməliyyatları üzrə köçürmələri dayandırıblar. 

“Optimaloq” şirkətinin baş direktoru Georgiy Vlastopulo hesab edir ki, Türkiyədə yaranan problem real olaraq həll edilməyəcək: “2023-cü ilin yazında, mart ayında Türkiyədən tranzitə qadağa qoyulanda, Türkiyə Rusiyaya tranzit əməliyyatlarını dayandırdı. Onda da biz hakimiyyət orqanlarından oxşar bəyanatlar eşitdik ki, onlar indi bunun nə olduğunu araşdırıb, problemləri aradan qaldıracaqlar. Və bu günə qədər gördüyümüz kimi, heç nə yaxşılaşmayıb: Türkiyədən Rusiyaya birbaşa tranzit hələ də qadağandır. Düşünürəm ki, bu məsələ iki-üç bankın transsərhəd ödənişdən imtina etməsindən, Qərb ölkələrinə pul köçürməkdən imtina etməsindən və s. daha ciddidir. Fikrimcə, bunun əsasında tətbiq edilmiş sanksiyalara nəzarəti gücləndirmək nəzərdə tutulan son, 12-ci sanksiyalar paketindən başlanır. Çünki biz indi Çində tamamilə oxşar vəziyyəti görürük. Məsələn, bu gün Honq-Konqdakı bir bankdan menecerimizlə dialoq apardım və o, artıq bildirdi ki, bizə alınan rublu ABŞ dollarına çevirmək və Çindən istənilən yerdə üçüncü ölkəyə transsərhəd ödəniş etmək qadağandır. Yəni ərazidə, ən azı bu bankda konvertasiya edilmiş dollarlar Çinli kontragent tərəfindən ödənildikdə, yalnız Çində istifadə oluna bilər”.

SOTA Logistic Biznesin İnkişafı Direktoru İqor Çernışev qeyd edir ki, Türkiyədə bütün banklar son alıcıların göstərilməsini və HS kodları ilə malların bəyannaməsini tələb edir: “Hazırda Türkiyə banklarından yalnız biri müxbir kimi ödənişlərə icazə verir. Amma ödənişlərin sayı gündə 50-dən çox olarsa, ərizənin doldurulması bir neçə gün çəkir”.

Rusiya xarici ticarət iştirakçılarına görə, Türkiyə ilə ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün yeganə effektiv variant üçüncü ölkələrin, o cümlədən MDB ölkələrinin bankları vasitəsilə Türkiyə ilə hesablaşmaların qurulması olacaq. Bu halda, digər ölkələrin şirkətləri “Rusiya izini silmək” üçün ödəniş agentləri kimi istifadə edilə bilər. 

Qeyd edək ki, Türkiyə Qərbin bütün təzyiqlərinə rəğmən Rusiya ilə ticarət əlaqələrini məhdudlaşdırmayan çox az ölkələrdən biridir. Ötən ilin noyabrında  Türkiyənin ticarət naziri, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri Ömər Bolat bildirib ki, 2023-cü ilin sonuna qədər Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi təxminən 56 milyard dollar təşkil edə bilər: “Bu il enerji sektorunda ticarət dövriyyəsi bir qədər azalıb, çünki dünyada enerji məhsullarının və əmtəələrin qiymətləri ucuzlaşıb. Keçən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi rekord həddə - 68 milyard dollara çatıb. Bu il dəyər ifadəsində Türkiyədən Rusiyaya 9,6 milyard dollarlıq məhsul ixrac ediləcək. Rusiyadan Türkiyəyə isə 46 milyard dollarlıq ixrac olacaq. Ümumilikdə təqribən ticarət dövriyyəsinin həcmi 56 milyard dollara çatacaq”.

Çinin hər tərəfdən izolyasiya olunan Rusiya üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyinin əlavə izaha ehtiyacı yoxdur. Ukrayna ilə müharibə başlayandan sonra Çin Kremlin ən böyük ticarət tərəfdaşına çevrilib: Çindən Rusiyaya mal tədarükü 69 faiz artıb. Hazırda Rusiyanın bütün idxalının 41 faizini Çin təmin edir. Faktiki olaraq, hazırda Çin Rusiyanın müharibəni davam etdirməsi üçün zəruri məhsullarla təminatının ən böyük mənbəyidir. ABŞ və Avropa İttifaqının sanksiyalarına qoşulmasa da, Pekinin seçim qarşısında qalarsa, üstünlüyü məhz bu iki mərkəzə verəcəyi heç kimdə şübhə doğurmur. Məsələ burasındadır ki, Rusiyaya ixrac Çinin ümumi ixracının cəmi 3,3 faizini təşkil edir və heç ilk 5 əsas bazara belə daxil deyil. Çin Avropa İttifaqına Rusiya ilə müqayisədə dörd dəfə, ABŞ-la müqayisədə isə 3,3 dəfə çox mal satır. Onların payı müvafiq olaraq 13,2 faiz və 11,2 faiz təşkil edir. Bundan əlavə, Çinin digər ölkələrlə ticarətinin çox böyük hissəsi Qərbin maliyyə qurumlarının vasitəsilə maliyyələşdirilir. Belə bir şəraitdə Çin banklarının real sanksiya təhlükəsini nəzərə almaması mümkün görünmür. 

Maraqlıdır ki, hələlik sanksiyalı malların Rusiyaya ötürülməsində kifayət qədər böyük rol oynayan Ermənistanla bank əməliyyatlarında hansısa problemin yarandığına dair məlumatlara rast gəlinmir. Halbuki ötən ilin 9 ayının nəticələrinə əsasən Ermənistanın ən böyük xarici ticarət tərəfdaşı Rusiyadır - ticarət dövriyyəsinin həcmi 40,8 faiz artmaqla 5 milyard 425 milyon 329,9 min  dollara çatıb. 

2023-cü ilin doqquz ayında Ermənistandan ixrac 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 38,5 faiz artaraq 5 milyard 795 milyon 105,4 min dollara çatıb. İxrac həcminə görə ilk yerdə Rusiyadır: 63 fazilik illik artımla 2 milyard 872 milyon 401,1 min dollar.

Ermənistan statistikasına baxdıqda, Rusiyaya ixrac olunan malların əksəriyyətinin sanksiya tətbiq edən ABŞ və Avropa ölkələrindən alındığını rahatlıqla müəyyən etmək mümkündür. Bu halda ABŞ-ın Ermənistanın başı üzərindən keçib Qırğızıstana xəbərdarlıq etməsi ikili yanaşmanın daha bir nümunəsidir...

Yeri gəlmişkən, Qərbin sanksiyaları Rusiyanın yaxın qonşuları olan ölkələr, o cümlədən Azərbaycan üçün də ciddi təhdidlər formalaşdırır. Bu baxımdan, ölkəmizin indiyə qədərki mövqeni davam etdirməsi son dərəcə vacibdir.

Dünya SAKİT,
“Yeni Müsavat”







20.01.2024 08:13
1457