Rusiya Ermənistanın bu şəhərini ilhaq edəcək - Zatulin ŞOK ssenarini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” kanalına müsahibəsində Rusiyaya qarşı səsləndirdiyi fikilər, xüsusilə ölkəsinin KTMT-də fəaliyyətinin dondurulması haqda dedikləri Moskva-İrəvan xəttində gərginliyi yüksək həddə çatdırıb. Artıq Rusiyadan rəsmi və ekspertlər səviyyəsində Ermənistana sərt xəbərdarlıqlar edilir.

Ermənipərəst mövqeyi ilə tanınan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini, deputat Konstantin Zatulinin xəbərdarlığı xüsusilə diqqət çəkir.

Zatulin bir neçə gün öncə Rusiya mediasına müsahibəsində açıq şəkildə Ermənistanın ilhaq edilməsi ssenarisindən bəhs edib. Onun fikrincə, Paşinyan KTMT-də iştirakı dondurmaqla Ermənistanın təşkilatdan çıxmasını planlaşdırır.

“Paşinyanın dediklərini anlamaq çətin deyil. O, Qərbə doğru tələsir. Ermənistan son vaxtlar nə KTMT təlimlərində, nə də KTMT formatında keçirilən görüşlərdə iştirak etmir. Yəqin ki, onun bu bəyanatından sonra KTMT Parlament Assambleyası ilə sərtləşmə xətti seçləcək, yəni hələ də müəyyən səviyyədə qalan əlaqələr kəsiləcək. Lakin Paşinyan indi bu mərhələdə dayanacaq, təşkilatdan rəsmi şəkildə çıxmayacaq və anti-Rusiya əhval-ruhiyyəsinin intensivliyinin daha da yüksəlməsinə qədər gözləyəcək. Bundan sonra növbəti addımlar atacaq”, - o deyib.

Zatulin istisna etmir ki, Paşinyan Gümrüdəki 102-ci Rusiya hərbi bazasını çıxarmaq istiqamətində hərəkətə keçəcək: “Gümrüdəki baza KTMT-yə üzvlüklə birbaşa bağlı deyil. Gümrü bir vaxtlar Aleksandropol adlanan şəhər idi. Orada “şöhrət təpəsi” var, bu təpədə rus və erməni hərbçilər dəfn olunub. Mən Paşinyanın Gümrüdəki bazadan tamamilə xilas olmaq istəyəcəyini istisna etmirəm”.

Zatulinin Gümrünün vaxtilə Aleksandropol şəhəri olması haqda dediyi fikirlər Ermənistanda birmənalı qarşılanmayıb. Ermənistan mediası yazır ki, bu, Rusiyanın Ermənistana 102-ci hərbi bazanı çıxarmaq istəyəcəyi təqdirdə, Gümrünü ilhaq etmək xəbərdarlığıdır.

Erməni şərhçi Tevos Arşakyan da bildirib ki, Zatulinin dedikləri Ermənistanın suveren ərazilərinin, misal üçün, Gümrünün Rusiya tərəfindən mümkün ilhaqına eyham vurmaqdır. (Publika.az)

27.02.2024 10:03
2248