Rusiyanın “İzvestiya” qəzeti Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanla müsahibə dərc edib.
Müsahibədə Rusiyanın 90-cı illərdə ermənilərə göstərdiyi hərbi dəstək açıq şəkildə vurğulanır, “İzvestiya”nın jurnalisti dəfələrlə Qarabağı “arsax” adlandırır.
Karapetyanın “əgər Ermənistan Azərbaycana qarşı dirəniş göstərməzsə, Rusiyanın dəstəyindən məhrum olacaq” kimi fikirləri isə əlbəttə ki, təsadüfi deyil.
Diqqətçəkən məqamlardan biri də odur ki, bu fikirləri son çıxışlarında Rusiyanın “bir nömrəli agenti” sayılan Robert Köçəryan da səsləndirib. O da açıq şəkildə Rusiya-Ermənistan birliyini Azərbaycana qarşı yeni mərhələyə daşımaq istədiklərini bəyan edir.
Rusiyanın Ermənistan üzərindən Azərbaycana qarşı apardığı siyasətin əsas məqsədi nədir?
Rusiyanın Ermənistanı yenidən silahlandırması və informasiya dəstəyi verməsi bölgədə yeni müharibənin başlanğıcı ola bilərmi?
Rusiya dəstəkli Ermənistan üçün yeni müharibə nə deməkdir?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, Rusiyanın təşviqi ilə Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşması erməni media orqanlarında da ciddi müzakirə olunur:
“Erməni analitikləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun boş yerə İrəvana gəlmədiyini, orda olarkən Ağrı dağının fonunda şəkil çəkdirmədiyini, mətbuata verdiyi açıqlamada müharibəni qızışdıran ifadələr işlətdiyini düşünürlər. Onların fikrincə, Rusiya nəyin bahasına olursa olsun, Ermənistanı yenidən Azərbaycanla müharibəyə cəlb etməyə çalışacaq.
Onları bu ağır sınaqdan Ukrayna savaşının uzanmasının xilas edəcəyini düşünən erməni analitikləri Rusiyanın savaş təzyiqləri qarşısında çarəsiz olduqlarını vurğulayırlar.
“Armenian Report”un Ambartsum K. adlı müəllifi öz analitik yazısında eynilə belə deyir: “Ermənistan isə, qorxuram ki, Rusiyanın Azərbaycanla mübahisəsində silah kimi istifadə edilə bilər. Eyni zamanda, Kremlin planlarına müqavimət göstərmək üçün çoxlu mexanizmlərimiz də yoxdur. Biz yalnız ümid edə bilərik ki, Ukraynadakı müharibə tezliklə bitməyəcək və buna görə də Kremlin ölkəmizlə uğraşmasına vaxtı olmayacaq. Amma təəssüf ki, bu, sadəcə bir ümiddir...”
Göründüyü kimi, erməni analitik də əslində onların bu müharibəni başlatmağa təhrik olunduqlarını və ya oluna biləcəklərini rəsmən etiraf edirlər. Təhrik edənin isə Rusiya olduğunu gizlətmirlər. Bununla belə, ağlı başında olan hər bir erməni rusun oyununa gəlməyin ilk növbədə onlar özü üçün fəlakətlə bitəcəyinin də fərqindədirlər.
Amma İrəvanda rus casuslarının kök salmasının, xaricdəki diasporanın da öz məqsədlərinə müvafiq olaraq erməniləri savaşa qızışdırmasının qarşısını almaq gücündə olmadıqlarını düşünürlər. Ümidlərini yalnız Ukrayna xalqının fəlakətinə bağlayıb taleyin hökmünü gözləyirlər”.
Heydər Oğuzun fikrincə, Rusiyanın erməniləri savaşa qızışdırması və sülh danışıqlarını pozmaq fəaliyyətləri də gözlənilən idi:
“Bilirsiniz ki, Rusiya hələ də rus imperiyası xəyalından qurtula bilməyib. Müxtəlif dövlət xadimləri tərəfindən dilə gətirilən SSRİ-nin bərpası xülyası, gah Orta Asiya ölkələrinin əleyhinə verilmiş bəyanatlar, gah da Cənubi Qafqazda təxribatçı planların həyata keçirilməsi cəhdləri və s. kimi addımlar rus imperiyasının yenidən ehya edilməsi hədəflərinin təzahürüdür.
Rus imperialistlərin bu siyasətlərində əsas alətləri isə erməni millətçiliyidir. Üstəlik, bu siyasət yalnız Azərbaycan-Ermənistan münaqişəsində də özünü göstərmir. Eyni zamanda biz Gürcüstanın Samtsxe-Cavaxeti və Abxaziya bölgələrində, Şimali Qafqazın bir çox vilayətlərində, o cümlədən Krasnodar, Stavropol, Rostov diyarında erməni təxribatçılarının hərəkətə gətirildiyini müşahidə edirik.
Eyni şəkildə Ukraynanın Krım yarımadasında da erməni azlığı Rusiyanın himayəsində böyük arzular qurur, hətta tez-tez muxtariyyatlıq eşqinə düşürlər. Görünən budur ki, Rusiya öz geosiyasi məqsədləri üçün ermənilərdən geninə-boluna faydalanır, hətta yeri gələndə onları region xalqları ilə düşmən etməkdən və qurban vermək də çəkinmirlər”.
Siyasi şərhçi hesab edir ki, son zamanlar Azərbaycan hakimiyyətinin Rusiya ilə yollarını ayırması və bunu açıq şəkildə nümayiş etdirməsi, hətta Ukraynaya açıq şəkildə yönəlməsi Moskvada ciddi qıcıq yaradır və şimal qonşumuzu öz erməni alətini işə salmağa həvəsləndirir:
“Nə yazıq ki, Moskvanın əlaltılarına çevrilən Qarabağ erməniləri də böyük həvəslə onların əlində oyuncaq olmaqdan çəkinmirlər.
Xüsusilə də Koçaryan, Sarkisyan kimi rus siyasətinin maşasına çevrilən keçmiş rəhbərlər yenidən hakimiyyətə gəlmək üçün fürsət axtarır və könüllü olaraq boyunduruq altına girirlər”.
Rusiyanın erməni kartından istifadə etməsinin digər səbəblərindən birinin beynəlxalq dəhlizlər məsələsi ilə bağlı olduğunu düşünən siyasi şərhçinin fikrincə, bu istiqamətdə İranın da hədəfləri Rusiya ilə kəsişir:
“Məlum olduğu kimi, Azərbaycanın beynəlxalq güc mərkəzlərinə, o cümlədən Çin və Avropa ölkələrinə təqdim etdiyi əsas layihə Rusiya və İrandan yan keçən Orta dəhliz projesidir. İstər İran, istərsə də Rusiya bu projeyə alternativ layihələrin arxasında olduqları üçün Orta dəhliz ideyasının baş tutmaması üçün əllərindən gələni etməyə çalışırlar. Orta dəhlizin bir xətti isə Zəngəzurdan keçir.
Odur ki, bu dəhlizin həyata keçməməsi üçün həm İran, həm də Rusiya Azərbaycanla Ermənistan arasında gərginliyi ən yüksək həddə saxlamaq, hətta lazım gələrsə bu ölkələri bir-biriylə yenidən savaşdırmaq niyyətindədirlər. Əllərində isə yaxşı bir kart var: erməni şovinistlərini revanş müharibəsinə həvəsləndirmək.
Odur ki, Azərbaycan siyasi iradəsi ayıq-sayıq olmalı, ermənilərin hazırlayacaqları təxribatların qarşısını vaxtında almalıdırlar”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com