Rusiya ərazisində müharibə ŞİDDƏTLƏNDİ - Ukrayna elə bir addım atdı ki...

“Z” ordusunun əməliyyatları bumeranq effekti verir, Kreml şok terapiyası yaşamaqdadır; ölkənin sərhədyanı ərazilərində fövqəladə vəziyyət elan edilib, əhali təxliyə olunur, Bayden ilk dəfə danışdı - Krım savaşı başlana bilər

Müharibə faktiki olaraq, Rusiyada gedir. Ukrayna ilk dəfə misli görünməmiş və orijinal bir əməliyyatla Rusiya ərazilərinə sızıb. Hazırda Kursk vilayətinin 28-dən çox yaşayış məntəqəsinə Zelenskinin ordusu nəzarət edir. Eyni zamanda vilayətin strateji əhəmiyyət daşıyan Sudja şəhəri də Ukrayna Silahlı Qüvvələrinin tabeliyindədir. Kurskun qubernatoru Aleksey Smirnov Rusiya prezidentinə məruzəsində 2 mindən çox insanın taleyindən xəbər olmadığını açıqlayıb. Kreml lideri isə bu hücumun layiqli cavabının veriləcəyini bəyan edib. Qərb nəşrləri və analitikləri baş verənləri Rusiyaya qarşı gözlənilməz “sürpriz” adlandırır.

Ukrayna ordusunun işğalda olan ərazilərini azad etmək üçün Rusiyanın dərinliklərinə doğru irəliləmək cəhdləri hərbi analitiklərin nəzərində kompensasiya cəhdi, eləcə də rus ordusunun qüvvələrini Donbasdan çıxarmağa vadar etmək kimi qiymətləndirilir. Artıq bəzi briqadaların Pokrovski və digər istiqamətlərdən geri çəkilərək Kurska göndərildiyi xəbərləri var.  Rusiya lideri hesab edir ki, bu hücum təxribatdır və Kiyevin danışıqlar masasında əlini gücləndirməsinə hesablanıb. Lakin Ukrayna qoşunlarının Rusiya ərazilərini tutması daha çox rus ordusu haqda mifin növbəti dəfə dağıdılması kimi təsnif edilir.

Eyni zamanda Rusiyanın siyasi istibleşmenti üçün “qırmızı xətt” keçildi və Kremlin xarizmasına, reputasiyasına ciddi xələl gətirildi. Üstəlik, Rusiya rəsmilərinin “ərazilərimizə təhdid olarsa, nüvə silahından istifadə edə bilərik” hədələrinə də cavab verilmiş oldu, di gəl, Moskva nüvə bombası atmaq deyil, böyük güc səfərbər edərək Kursk, Belqorod, Bryanskda antiterror əməliyyatı həyata keçirəcəyini açıqlayıb. Beləliklə, müharibənin gedişində Kursk döyüşləri ilə Ukrayna həm təşəbbüsü ələ aldı, həm orduda mənəvi-psixoloji əhval-ruhiyyə yüksəldi, həm Rusiya ərazilərini nəzarətə götürməklə bir presedent yaradıldı, həm də savaşın rəngi dəyişdi.

Rusiya Müdafiə Nazirliyinin Hərbi-Siyasi Hazırlıq İdarəsinin rəis müavini, “Axmat” Xüsusi Təyinatlı Dəstəsinin komandiri Aptı Alaudinov bildirib ki, Ukrayna ordusu Kursk Atom-Elektrik Stansiyasını avqustun 11-də ələ keçirməyi planlaşdırırdı. O bildirib ki, Ukrayna ordusuna məxsus texnikanın böyük hissəsi zərərsizləşdirilib: “Ukrayna prezidenti Zelenskinin "Kurçatov" AES-in ələ keçirilməsinə və bizim həmin əraziləri tərk etməyimizə hesablanan ultimatumu baş tutmadı".

Bu açıqlamanın əvəzində isə gələn son xəbərlərə görə, Ukrayna ordusu Kursk vilayətinin daha iki - Plexovo və Spalnoe kəndlərinə nəzarəti ələ keçirib. Rusiya mətbuatı məlumat yayıb. Plexovo kəndinin ələ keçirilməsi gecə ukraynalı hərbçilərin yaydığı görüntülərlə təsdiq olunmuşdu. Bildirilib ki, Korenevo kəndindən 15 km şimal-şərqdə, Korenevo rayonunda da aktiv döyüş zonası genişlənib. NASA peyk görüntüləri bunu təsdiq edir. Hazırda rayonun mərkəzində döyüşlərin getdiyi bildirilir. Məlumata görə, Ukrayna ordusu Sudjanı əlində saxlayır və şimal-şərqdəki Martınovkaya hücumlar edir. Həmçinin aqressivləşən Rusiya Ukrayna ərazilərinə artıq “İsgəndər”lə zərbə endirir.

Rusiya ordusu Poltava vilayətindəki “Mirqorod” aerodromunda Ukrayna Silahlı Qüvvələrinə məxsus “Su-27" təyyarəsini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, hücum "İsgəndər" raketi ilə həyata keçirilib. Hücum anının görüntüləri Telegram kanallarında paylaşılıb.

Rusiyanın Belqorod vilayətinin qubernatoru isə deyib ki, Krasnoyaruq rayonunun mülki əhalisi tamamilə köçürülüb. Bu, Ukrayna qüvvələrinin qonşu Kursk vilayətində hücumu davam etdirdiyi bir vaxtda baş verir. Azı 11 min nəfər çıxarılıb. Hazırda minədək insan müvəqqəti sığınacaqda qalır. Məlumat qubernator Vyaçeslav Qladkova məxsusdur. Rayonun müharibədən öncəki əhalisi 14 min nəfər idi. Artıq Ukraynanın hücumları ilə əlaqədar Rusiyanın Belqorod vilayətində regional səviyyədə fövqəladə vəziyyət rejimi elan edilib. Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, yaranmış gərgin və təhlükəli vəziyyətlə əlaqədar federal səviyyədə fövqəladə vəziyyət rejimi elan edilməsi üçün aidiyyəti qurumlara müraciət edəcək.

RƏSMİ: Ukrayna Kurskun 28 yaşayış məntəqəsinə nəzarət edir

“Bizim Belqorod vilayətində vəziyyət həddindən artıq mürəkkəb və gərgin olaraq qalır. Hər gün Ukrayna Siyahlı Qüvvələri tərəfindən atəşə məruz qalırıq. Evlər dağılıb, dinc sakinlər arasında həlak olanlar və yaralananlar var. Buna görə də əhalinin müdafiə olunması, zərərçəkənlərə əlavə yardım göstərilməsi məqsədilə bu gündən vilayətin ərazisində regional səviyyədə fövqəladə vəziyyət rejimi elan edilməsinə qərar verdik”, - deyə qubernator region sakinlərinə müraciətində bildirib.

ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatı ilk dəfə açıq şəkildə şərh edib. Bayden bildirib ki, Amerika rəsmiləri Kurskda baş verənlərlə bağlı ukraynalı həmkarları ilə daim əlaqə saxlayır. Baydenin dediyinə görə, son 8 gün ərzində Ukraynanın hərəkətləri barədə ona hər 4-5 saatdan bir məlumat verilib. O, Ukraynanın Rusiya ərazisinə müdaxiləsini şərh edərkən deyib: “Bu, Putin üçün əsl dilemma yaradır”. Bununla da Bayden Kurskda baş verənlərə son qoymaq üçün Putinin müharibəni dayandırmaq və Ukraynadan çıxmaq seçiminin olduğuna işarə vurub. Bundan əvvəl isə Ağ Ev qeyd edib ki, Ukrayna Kursk əməliyyatı barədə ABŞ-ı əvvəlcədən xəbərdar etməyib.

Hazırda Kursk vilayətində sərhədyanı ərazilərdə davamlı ağır döyüşlərin getdiyi bildirilir. Ukrayna Silahlı Qüvvələri Lqov və Rılsk şəhərlərinə çatmağa, Rusiya Silahlı Qüvvələri isə E98 magistralını saxlamağa çalışır. Bu yol əhəmiyyətli nəqliyyat xəttidir və Rusiyanın Xarkovdakı qruplaşmasının təminatında vacib rol oynayır. Məlumatda deyilir ki, Ukrayna hərbçiləri Malaya Rıbitsa və Miropolye kəndləri ərazisində böyük miqdarda ağır texnika toplayaraq növbəti “yumruq” yaradır. Gözlənilir ki, qoşunlar Kursk vilayətinin Sudjansk və Korenevsk rayonlarından Rusiya ərazisinə daxil olacaq, lakin onların sonradan hansı istiqamətə yönələcəkləri məlum deyil. Ukrayna Silahlı Qüvvələri Rusiya ilə sərhəd Sumı vilayətində yeni qüvvələr və ehtiyatlar toplayır. Bunu Rusiya xüsusi xidmət orqanlarına yaxın Telegram kanalları yazır. Onlar yeni birləşmələrin Krasnopolsk rayonunda göründüyünü qeyd edirlər. Bu arada belə məlumatlar yayılır ki, yaxın vaxtlarda Rusiya-Ukrayna müharibəsi Krımda şiddətlənə bilər. Proseslərin gedişatı hansı təəssüratlar yaradır? Qarşıdakı günlərdə nə baş verə bilər?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun fikrincə, Putin çaşqınlıq içərisindədir, onun və ölkəsinin imicinə böyük zərbə dəyib. Analitikin sözlərinə görə, Putin Ukrayna ordusunu Rusiya ərazisindən çıxarmaq üçün bütün mümkün imkanlardan istifadə edəcək, minlərlə gəncin ölümü hesabına nəticə əldə etməyə çalışacaq: “Kreml itki ilə hesablaşmır, nə olursa-olsun, "Böyük Rusiya" ideyasını reallaşdırmağa çalışır. Ancaq bu ideya Ukrayna müharibəsinin üçüncü ilində ruslar arasında artıq əvvəlki kimi populyar deyil. Putinin ətrafı da məyusdur, ancaq hələ ki fikirlərini açıq bildirməyə çəkinirlər. Putin İkinci Nikolayın səhvini təkrarlayır. Ötən əsrin əvvəllərində Rusiya imperiyası güclü idi, Avropa ölkələrinin əksəriyyəti Rusiyanın kənd təssərrüfatı məhsullarına möhtac idi. İkinci Nikolay ölkəsini Birinci Dünya müharibəsinə qoşduqdan sonra imperiya üçün sonun başlanğıcı göründü. Rusiyanın müharibədə itkiləri artdıqca cəmiyyətdə narazılıq artmağa başladı, inqilabi əhval-ruhiyyə yetişdi, o zamana qədər cəmiyyətdə böyük nüfuzu olmayan bolşeviklər çevriliş yolu ilə hakimiyyətə gəldilər, Nikolayı ailəsi ilə birlikdə güllələdilər, 300 illik Romanovlar sülaləsinin sonu faciə i lə bitdi. İmperiya dağıldı".

Politoloqa görə, Rusiyanı idarə edənlər tarixdən nəticə çıxara bilmirlər: “SSRİ-ni idarə edənlər 1979-cu ildə Əfqanıstana soxulmaq qərarını verdilər, 12 il sonra bu imperiya da dağıldı. Putin eyni yolla gedir. Kreml sahibi bu ağır günlərdə özünü ətrafından da qorumaq barədə düşünmək məcburiyyətindədir. Çünki peşəkar kəşfiyyatçısı kimi bilməmiş deyil ki, belə ağır günlərdə ətrafa inanmaq olmaz. İkinci Nikolaya hakimiyyətdən imtina qərarını generalları imzalatdırmışdı”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

15.08.2024 09:35
4381