Rusiya da Ermənistanı silahlandırır - “sülh carçıları”nın əsl siması üzə çıxdı...

44 günlük müharibədən sonra ilk dəfə Moskva İrəvanı silah-sursatla təmin edib - Rusiya bu il Ermənistana 500 milyon dollar dəyərində silah-sursat verəcək, özü də müdafiə yox, məhz hücum silahları, “Smerç” raketləri... Hindistan və Fransanın ardınca bu ölkə də hərəkətləndi - Bakıdan etirazlar 

Ermənistan Hindistan və Fransanın ardınca təzədən Rusiyadan da silah-sursat almağa başlayıb. “Yeni Müsavat” bildirir ki, bu barədə yerli media yazıb. “Rusiya silahlarının ilk partiyası artıq Ermənistandadır”. “Azadlıq” radiosuna hakim “Mülki Müqavilə” partiyasından deputat, parlamentin Müdafiə komissiyasının üzvü Qaqik Melkonyan bildirib. Onun sözlərinə görə, silah yükü Ermənistana bu yaxınlarda gəlib. 

Melkonyan deyib ki, bu partiya Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana təhvil verilib. Bir neçə gün öncə parlamentin Müdafiə komissiyasının sədri Andranik Köçəryan İctimai Televiziyada Ermənistanın Rusiyadan sifariş əsasənda silahlar alıb-almaması ilə bağlı suala “müəyyən dərəcədə bəli” cavabını vermişdi. 44 günlük müharibədən sonra Rusiya ilk dəfədir ki, kapitulyant ölkəyə silah partiyası göndərir. Doğrudur, rəsmi İrəvan xəbəri təsdiq etməyib. Lakin təkzib də etməyib. Bəs bu nə silahlardır belə? Azərbaycanın əndişəsi üçün əsas varmı? 

Bəzi məlumatlara görə, söhbət müdafiə üçün yox, məhz hücum silahlarından, o sırada “Smerç” raketlərindən gedir. Moskva Ermənistanı öz orbitində saxlamaq üçünmü buna gedir? Axı bəllidir ki, bu dəqiqə Rusiyanın özünə Ukraynadakı işğalçı müharibəni davam etdirmək üçün az qala bütün dünyada silah, mərmi axtarır. Moskva özünün hərbi ehtiyaclarını ödəmək üçün hətta BMT TŞ-nin sanksiyalarına məhəl qoymayaraq, Şimali Koreyadan silah dilənməkdədir. Bütün halda kapitulyant ölkəni silahlandıranlar şübhəsiz ki, sülhə xidmət etmir və Rusiya da onlar arasında. Bakı yəqin ki, bunu da ciddiyə alacaq. Rəsmi İrəvan bundan əvvəl Moskvanın ödənilən 400 milyon dollar çərçivəsində hələ də İrəvana heç bir silah vermədiyini, problemi tərəfdaşlıq şəraitində həll etməyin və məsələnin hər hansı bir həllinə gəlməyin mümkün olduğunu açıqlamışdı. 

“Rusiya bu il Ermənistana 500 milyon dollar dəyərində silah-sursat verəcək, silahların ilk hissəsi artıq İrəvana çatdırılıb, özü də müdafiə yox, məhz hücum silahları, ”Smerç" raketləri göndəriblər. Rusiyanın özü Şimali Koreyadan, İrandan silah dilənir, Ukraynaya təcavüzünə görə hər gülləyə, raketə ehtiyacı var, amma Ermənistana yarım milyard dollarlıq silah göndərəcək - bunun adı nədir?! Bəs deyirdilər ki, Ermənistan Rusiyadan qopdu-qopacaq, Qərbə inteqrasiya oldu-olacaq - ilk gündən bunun yalan olduğunu, Kremllə birgə oyun qurduqlarını izah etməyə çalışdıq. Qərbin bəzi dairələri isə ağzıayrıq şəkildə ya həqiqətləri görmür, ya da özünü görməzliyə vurub daha da özünü nüfuzdan salır", - REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli belə hesab edir. Onun sözlərinə görə, halbuki, Rusiyanı Cənubi Qafqazda urvatsız edən məhz Azərbaycanın addımları oldu, Kreml bölgədə zəiflədi, NATO dövləti olan Türkiyə, Bakının atdığı addımlar nəticəsində bölgədə ciddi oyunçuya çevrildi: “Görünən odur ki, Cənubi Qafqazda sülhü heç kim istəmir, ən böyük təhlükə də məhz budur - Rusiya sülh olacaqsa daha da zəifləyəcəyini, hər iki ölkəyə olan-qalan təsir rıçaqlarını itirəcəyini bilir, ona görə də sülhdə maraqlı deyil. Fransa və bəzi Qərb ölkələri isə ya ağılsız, ya da elə Rusiya ilə əvvəldən əlbir olduqlarına görə sülhə maneələr yaradırlar. Görünən odur ki, dayanıqlı sülhdə Türkiyədən başqa heç bir xarici ölkənin marağı yoxdur. Bu məqamda Azərbaycan və Ermənsitan rəhbərlərinin üzərinə ciddi məsuliyyət düşür - bütün maneələrə rəğmən sülh danışıqlarını dərinləşdirməyə cəhdləri davam etdirməli, sülhə aparan yolda ilkin razılaşma protokollarını imzalamalıdırlar. Dünya çox qarışıb, hətta daha çox qarışacaq, dünya manyak liderlərin girovuna çevrilib, siyasət institutunun, beynəlxalq hüququn məhv olduğu günlər yaşayırıq, belə bir məqamda Cənubi Qafqazda sülhün bərqərar olması çox vacibdir, bölgəmizi ciddi təhdidlərdən kənarda tutmaq lazımdır”.

ABŞ Azərbaycana qarşı qadağa siyasətində geri addım atdı" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə isə Rusiyanin Ermənistanı  silahlandırmasinın əsas iki məqsədi olduğunu düşünür: “Birinci, Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinin bağlanmasını qarşısını almaq. İkinci, Ermənistanın Qərblə əlaqələrinin mümkün inkişafını önləməkdir. Qeyd edim ki, bu silahların Ermənistana verilməsi pulsuzdur və yeni hücum silahlarının göndərilməsi mümkündür. Rusiya Cənubi Qafqazda geosiyasi mövqelərini Ermənistan vasitəsilə saxlamaq niyyətindədir”. Partiya funksionerinin fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələrini normallaşması istiqamətində real addımlar atacaqsa, Rusiyanın Ermənistanda təsiri zəifləyəcək: “Əks halda Ermənistan Rusiyanın orbitində qalacaq. Azərbaycanla sülh müqaviləsinin bağlanması reallaşmaya bilər. ABŞ və Fransanın, həmçinin, Avropa İttifaqının Azərbaycana qarşı qərəzli mövqeyi artıq öz əleyhlərinə çevirilir. Nəticədə sülhə mane olaraq Rusiya Ermənistanda təsirini qorumaq üçün addımlar atır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

20.01.2024 10:17
2124