Rusiya bu məhsullar üçün yeni ödəniş mexanizmi tətbiq etdi: Azərbaycanı nə gözləyir?

 

Rusiya Baş naziri Mixail Mişustin ixracı üçün rubl hesabları vasitəsilə xüsusi ödəniş proseduruna icazə verilən kənd təsərrüfatı məhsullarının siyahısını təsdiq edən fərman imzalayıb.

Musavat.com-un məlumatına görə bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat verilir.

Müvafiq siyahıya donuz əti, quş əti və yeməli əlavə quşçuluq məhsulları, süd və qaymaq, arpa, qarğıdalı, buğda və meslin, soya, kətan toxumu, günəbaxan, soya və kolza yağı, şəkər, o cümlədən yağ istehsalından qalan sıxılmış bərk kütlə(jmıx) və digər bərk qalıqlar daxildir.

Sənədə əsasən, belə məhsulların tədarükü üçün ödəniş edilərkən xarici alıcılar tərəfindən müvəkkil banklarda açılan “Z” tipli xüsusi rubl və valyuta hesablarından istifadə edilə bilər. Alıcılar xarici valyutada ödənişi xüsusi xarici valyuta hesabına köçürə, sonra isə bu valyutanı banka və ya birjada sata biləcəklər. Bundan sonra rublla vəsait xüsusi rubl hesabına və oradan isə məhsul təchizatçısına köçürüləcək. Eyni zamanda, əməliyyatların dayandırılmasına, belə hesablardan pul vəsaitlərinin götürülməsinə və ya silinməsinə yol verilmir (bir şərtlə ki, bu, xarici ticarət müqaviləsi üzrə hesablaşmalara aid deyil).

“Qərar Rusiyanın xarici sanksiyalar təzyiqi qarşısında maliyyə sabitliyini təmin etmək məqsədi daşıyır”, - deyə hökumət qeyd edib.

Qeyd edək ki, bu ilin iyunundan Rusiya kəskin valyuta, əsasən də dollar çatışmazlığı yaşayır, rubl sürətlə dəyərsizləşir. Buna görə də avqustda Rusiya prezidenti Vladimir Putin Rusiyanın kənd təsərrüfatı məhsullarının tədarükü üçün xarici ticarət müqavilələri üzrə ödənişlərin həyata keçirilməsinin xüsusi qaydası haqqında fərman imzalayıb ki, bu da təşkil edilmiş hərraclarda xarici alıcılarla aparılan əməliyyatlarda xüsusi hesablardan istifadə etməyə imkan verir. Eyni mexanizm ötən ilin aprelində qazın qiymətinin ödənişi üçün tətbiq edilib.

Onu da bildirək ki, yeni mexanizm Azərbaycan üçün də əlavə prosedurlar yaradacaq. Belə ki, Rusiya hazırda Azərbaycanın İtaliyadan sonra ən böyük ticarət tərəfdaşı, idxalında birinci yerdə gələn ölkədir. Bu ilin 9 ayında Rusiyadan ölkəmizə 2 milyard 269,5 milyon dollarlıq mal və məhsul idxal olunub, bu ölkəyə ixracımız isə 864 milyon dollar təşkil edib. Rusiyadan idxalımızın mühüm hissəsini Mişustinin imzaladığı fərmanın şamil olunduğu məhsullar təşkil edir. Bu o deməkdir ki, bundan sonra Azərbaycan idxalçıları məhsulun dəyərini Rusiyanın müəyyən etdiyi xüsusi hesaba dollarla köçürəcək, həmin dolları Rusiya bazarında satıb, yaxud bankın özündə rubla mübadilə edib, satıcı şirkətin hesabına köçürəcək. Nəzərə alsaq ki, rublun dollara bağlı məzənnəsi Rusiyada faktiki olaraq dövlət tərəfindən tənzimlənir, onda Azərbaycan idxalçılarının bu hesablaşmalardan zərərli çıxması ehtimalı daim yüksək olacaq.

Yeri gəlmişkən, ötən ay Rusiya Azərbaycan da daxil olmaqla, “dost” ölkələrin oyunçularına öz valyuta birjasında iştirak hüququ verib.

Musavat.com

27.10.2023 11:47
1787