Aqrar istehsalçı və ixracatçıların yeni bazarlara çıxış üçün fəallıq göstərmələri çox vacibdir
Rusiyanın qonşu ölkələrə təzyiq metodlarından biri də müxtəlif məhsulların öz ərazisinə idxalına qadağa qoymasıdır. Belə qadağalar 2015-ci ildə Türkiyədən pomidor, 2020-ci ildə isə Azərbaycandan pomidor və alma idxalına tətbiq edilib. Bu qadağa Türkiyə və Azərbaycanın aqrar istehsalçılarına ciddi zərər vurub.
Son həftələrdə Qarabağdakı sülhməramlı qüvvələrlə bağlı yaranan narahatlıqlar fonunda Rusiya ərazisində Azərbaycandan göndərilən məhsullara görə problemlər də artır. Belə ki, Rusiyada Karantin Fitosanitar Nəzarəti Xidmətinin (“Rosselxoznadzor”) Moskva regional idarəsi 2023-cü il iyulun 8-də Azərbaycandan gətirilən və çəkisi 16 ton olan təzə pomidor partiyasına baxış zamanı məhsulda Avrasiya İqtisadi İttifaqının ərazisində olmayan Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta) zərərli orqanizm aşkar edib. “Rosselxoznadzor”dan verilən məlumata görə, fakt qurumun tabeliyindəki Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBI VNIIKR) mütəxəssisləri tərəfindən aparılan laboratoriya müayinəsi ilə təsdiqlənib: “Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq, yararsız məhsulların partiyası Azərbaycan ərazisində yükgöndərənə qaytarılıb”.
Son olaraq “Rosselxoznadzor”un Dağıstan Respublikası idarəsi Azərbaycandan gətirilən 61,2 ton bitki mənşəli yükü geri qaytarıb. Qurum bildirib ki, yoxlamalar zamanı ümumi həcmi 47,2 ton olan 3 partiya pomidor, 14 tonluq 1 partiya çiyələyin fitosanitar sertifikatlarında rəsmi təsdiqlənməyən düzəlişlər, həmçinin etiketləmə məlumatlarının fitosanitar sertifikatlarına uyğun gəlməməsi halları aşkarlanıb. Hər 4 faktla bağlı inzibati iş qaldırılıb, təqsirkarların müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi üçün araşdırmalara başlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi uyğunsuzluqların aradan qaldırılmasından sonra məhsulların təkrarən Rusiyaya göndərildiyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycan hökuməti qeyri-neft ixracını genişləndirmək üçün aqrar sektora çoxsaylı dəstək mexanizmləri tətbiq edir. Eyni zamanda qeyri-neft məhsulları ixracatçılarını stimullaşdırmaq üçün ixrac təşviqi mexanizmindən istifadə edilir. Bu qədər dəstək fonunda əldə edilən nəticələri uğurlu adlandırmaq mümkün olmasa da, artım dinamikasının davamlı olması ümidvericidir. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-iyun ayları ərzində yeyinti məhsulları üzrə ixrac 459,9 milyon ABŞ dollarına bərabər olub. Bu dövrdə spirtli və spirtsiz içkilərin ixracı 5,5 dəfə, şəkər ixracı 53,1 faiz, meyvə-tərəvəz ixracı isə 6,8 faiz artıb.
2023-cü ilin yanvar-iyun ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 13,1 faiz artaraq 478,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1 faiz artaraq 109,2 milyon ABŞ dolları təşkil edib.
Cari ilin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (120,7 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (68,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Qeyri-neft ixracımızda əsas problem ixrac bazarının diversifikasiya olunmamasıdır. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində qeyri-neft ixracımızda Rusiya Federasiyası 552,3 milyon ABŞ dolları ilə birinci yerdədir. Ondan sonra 512,5 milyon ABŞ dolları ilə Türkiyə, 180,3 milyon ABŞ dolları ilə Gürcüstan, 68,6 milyon ABŞ dolları ilə İsveçrə Konfederasiyası, 58 milyon ABŞ dolları ilə Qazaxıstan gəlir.
İqtisadiyyatın əsas prioritet sahəsi olan aqrar sektor məhsullarının 90 faizdən çoxu bir ölkəyə - Rusiyaya ixrac olunur. Qeyri-neft ixracımızda ikinci yeri tutan Türkiyəyə belə ixracımızın 227 milyon dollarını elektrik enerjisi təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin beş ayında ixraca yönəldilən 53,8 min ton kartofun 47358,27 tonu, 1783.4 ton yerkökünün 1317,52 tonu, 1573 ton xiyarın 1441,42 tonu, 10367,4 ton qabıqsız meşə fındığının 5045,52 tonu, 32281,91 ton almanın 30057,08 tonu, 1527,82 ton armudun 1432,16 tonu, 6170,66 ton çiyələyin 5736,25 tonu, 20261,14 ton xurmanın 18636,68 tonu, 6208,39 ton narın 5509,55 tonu, 18581,19 ton şəkərin 2015,04 tonu, 16190,04 ton soğanın 5462,28 tonu, 2812,94 ton salat tərəvəzi, salat-kahıdan və kasnıdan başqa və digərlərinin 2799,76 tonu Rusiyaya ixrac olunub.
Qeyri-neft ixracımızda ikinci yerdə olan pomidor ixracına dair məlumatlar göstərir ki, Rusiyadan ixrac asılılığımız illər üzrə nəinki azalmır, əksinə, artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən yanvar-may aylarında pomidor ixracı 91 milyon 472,24 min dollar dəyərlə 78 min 75,73 ton təşkil edib. Bunun 87 milyon 844,28 min dollarlıq 76 min 81,41 tonu Rusiyaya reallaşdırılıb. Rusiyadan kənarda pomidorun ixrac coğrafiyası çox məhduddur. Belə ki, birinci yarımildə 2237,68 min dollarlıq 953,55 ton pomidor Belarusa, 1255,24 min dollarlıq 882 ton isə Polşaya satılıb. Bundan əlavə, Sinqapur, Qətər, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Ukraynaya cüzi həcmdə ixrac qeydə alınıb.
Beş aylıq statistika göstərir ki, Azərbaycan pomidorunun ixrac coğrafiyasında 2020-ci illə müqayisədə heç bir ciddi dəyişiklik qeydə alınmayıb. Ölkənin pomidor istehsalçıları və ixracatçıları 2020-2021-ci illərdə üzləşdikləri itkilərin təkrarlanmaması üçün real addımlar atmayıblar. Halbuki qardaş Türkiyənin timsalında nümunə götürüləcək ölkə var.
Qeyd edək ki, Rusiya Türkiyədən pomidor idxalını dayandırdıqdan sonra qardaş ölkə istehsalçıları məhsullarını başqa istiqamətlərə yönəltmək istiqamətində böyük uğurlar əldə ediblər. Nəticə çox ürəkaçandır: Türkiyədə pomidor ixracı və ondan gəlirlər sürətlə artır. Anadolu Agentliyinin məlumatına əsasən bu ilin birinci yarısında Türkiyə 325,2 min ton pomidor ixrac edib. Bu ixracdan ölkə istehsalçıları 326 milyon dollar gəlir əldə ediblər. Ötən ilin eyni dövründə Türkiyənin pomidor ixracı 247,6 milyon dollarlıq 287,1 min ton olmuşdu.
Bu ilin birinci yarısında Türkiyə pomidorlarını 48 ölkə alıb. Onların arasında ən böyük alıcı 60,8 milyon dollarla Rumıniyadır. Ondan sonra 51,3 milyon dollarla Ukrayna, 38,6 milyon dollarla Polşa, 35,3 milyon dollarla Almaniya gəlir.
2015-ci ilədək Türkiyənin pomidor ixracında birinci yerdə olan Rusiya indi alıcılar arasında 5-cidir. Bu ölkəyə altı ayda 29,563 milyon dollarlıq məhsul satılıb.
Azərbaycan hazırda neft hasilatı və ixracının azalması dövrünü yaşayır. Orta və uzunmüddətli dövrdə ölkənin bu ixracdan əldə edəcəyi gəlirlər sürətlə azalacaq. Belə bir şəraitdə kənd təsərrüfatı istehsalının davamlı artım nümayiş etdirməsi müsbət haldır. Rəsmi statistikaya əsasən 2023-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,7 faiz, bitkiçilik məhsulları üzrə 3,0 faiz artıb. Getdikcə artan kənd təsərrüfatı məhsullarının ixracında Rusiya kimi etirbarsız tərəfdaş imici qazanmış ölkədən asılılır çox ciddi problem deməkdir. Bu baxımdan, aqrar istehsalçı və ixracatçıların yeni bazarlara çıxış üçün fəallıq göstərmələri çox vacibdir. Təəssüf ki, aqrar məhsulların ixracı sahəsində inhisarlaşmış şirkətlər bu sahədə dəyişikliyə nail olmağa meylli deyillər.
İxrac bazarlarının diversifikasiya olunmamasında rol oynayan daha bir amil Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmamasıdır. Artıq 25 ildir ki, Azərbaycan ÜTT ilə müşahidəçi qismində əmkdaşlıq edir. Düzdür, ÜTT-yə qəbul mürəkkəb prosedurdur. Bu proses üç ildən 15 ilədək çəkə bilər. Lakin Azərbaycanla bağlı prosesin çox uzanmasının başqa səbəbləri olduğu deyilir. Əsas səbəb ölkəmizin buna o qədər də maraq göstərməməsi hesab olunur. Azərbaycan hökuməti quruma üzvlüyün müsbət tərəflərinin olduğu kimi, mənfi tərəflərinin də olduğunu irəli sürür. Bu zaman əsas diqqət kənd təsərrüfatına dövlət dəstəyinə yönəldilir: rəsmilər bildirirlər ki, ÜTT qaydaları Azərbaycanda dövlətin aqrar sektora dəstəyini məhdudlaşdıracaq. Lakin bu arqument əsaslı sayılmır, çünki çoxsaylı ölkələr var ki, ÜTT üzvü olduqdan sonra aqrar sektorun güclü inkişafına nail ola biliblər.
Ekspertlərə görə, ÜTT-yə üzvlük vacibdir. Çünki hazırda beynəlxalq ticarətin 95 faizə qədəri ÜTT-yə üzv ölkələrin payına düşür. İddialara görə, ÜTT-yə üzvlük şəraitində liberal iqtisadi siyasətin həyata keçirilməsi monopolistlər üçün sərfəli deyil. Çünki iri şirkətlərin çoxunun fəaliyyəti beynəlxalq, müasir standartlara uyğun deyil. Sadəcə, indiki şərtlərdə bazarda böyük paya sahib ola biliblər. Rəqabətli mühit yarandıqda onların bir çoxu sırada çıxacaq.
İyulun əvvəlində Cenevrədə Azərbaycanın ÜTT üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 6 illik fasilədən sonra iclası keçirilib. İclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın dayanıqlı iqtisadi artımı, ölkəmizin sosial-iqtisadi prioritetləri, ticarət sahəsinin inkişafı, beynəlxalq ticarətə inteqrasiya və müvafiq qanunvericilik sahəsində aparılan islahatlar, biznes mühitinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, ÜTT-yə üzvlük məqsədilə görülən işlər barədə məlumat verib.
Tədbirdə İşçi Qrupun hesabat layihəsinin müzakirəsi aparılıb. ÜTT üzvü olan ölkələrin nümayəndələri sənədin aidiyyəti bəndləri üzrə rəylərini bildiriblər, onların bu barədə sualları cavablandırılıb.
Əldə etdiyimiz məlumata görə, ÜTT ilə əlaqələrin canlandırılmasının təşəbbüskarı İqtisadiyyat Nazirliyidir. Qurum ölkəmizin tezliklə bu təşkilata üzv olmasında maraqlıdır. Ümid etmək olar ki, bu maraq ən azı ortamüddətli dövrdə Azərbaycanın ÜTT-yə üzvlüyünü reallaşdıracaq...
Dünya SAKİT,
“Yeni Müsavat”