Rusiya bazarından çıxan şirkətlər 107 milyard dollar itiriblər – Reuters

Ukraynadakı işğalçı müharibə başlayandan sonra xarici şirkətlərin Rusiya bazarından çıxması nəticəsində dəyən itkilər 107 milyard dolları ötüb.

Musavat.com xəbər verir ki, bu məlumatı şirkət hesabatlarının təhlili əsasında “Reuters” agentliyi yayıb.

Agentlik qeyd edir ki, bu məbləğ itirilmiş gəlirlər və Rusiya aktivlərinin şirkətlərin balansından silinməsi ilə bağlıdır. Agentliyin məlumatına görə, yeni məlumatlar 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra qlobal korporativ sektorda maliyyə itkilərinin miqyasını göstərir.

S-RM konsaltinq şirkətinin nümayəndəsi İan Massey “Reuters”ə bildirib ki, “hələ də Rusiyanı tərk etməyə çalışan şirkətlər əlavə çətinliklərlə üzləşəcək, aktivlərinin böyük məbləğdə silinməsi və böyük itkilərə məruz qalacaqlar”.

Agentliyin istinad etdiyi Yale Menecment Məktəbinin hesabatına görə, son iki ildə minə yaxın xarici şirkət Rusiya bazarını tərk edib. Eyni zamanda yüzlərlə şirkət, o cümlədən Fransa konqlomeratı Auchan və İtalyan geyim istehsalçısı Benetton Group da varlığını qoruyub saxlayıb. Agentlik əlavə edir ki, bir çox xarici istehlak malları istehsalçıları məhsullarının adi rus istehlakçısına lazım olduğunu söyləyərək Rusiyadakı bizneslərini məhdudlaşdırmaq niyyətində deyillər.

Agentliyin 2023-cü ilin avqustunda dərc etdiyi son hesablamalarından sonra xarici şirkətlərin Rusiya bazarından çıxması ilə bağlı itkilərinin həcmi üçdə bir artıb. O zaman bu rəqəm 80 milyard dollar idi.

 

Musavat.com

28.03.2024 12:31
880