İran və Rusiya İranın Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərindən Fars körfəzi sahillərindəki ən böyük Bəndər Abbas limanına qədər Rusiya standartı ilə dəmir yolunun tikintisi üzrə danışıqlar aparır.
Musavat.com xəbər verir ki, məlumatı İranın Moskvadakı səfiri Kazım Cəlali açıqlayıb.
Onun Tehranda prezident Məsud Pezeşkianla görüşdə dediklərini İran prezidentinin mətbuat xidməti yayıb: “Ruslar Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, Parsabaddan Bəndər Abbasa qədər Rusiya standartlı dəmir yolunun tikintisinə sərmayə qoymaq istəyirlər”.
Pezeşkian qeyd edib ki, “dəmir yollarının şimaldan cənuba doğru genişləndirilməsi ölkə əhalisinə və iqtisadiyyatına xeyir verir və Rusiya və İranın iqtisadi ehtiyaclarını ödəyə bilər”. O, Rəşt-Astara marşrutunun tikintisini sürətləndirməyi əmr edib.
Xatırladaq ki, 2023-cü il mayın 17-də Rusiya və İran Rəşt-Astara dəmir yolu hissəsinin birgə tikintisinə dair saziş imzalayıblar. Bu marşrut Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirməyə və Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artırmağa imkan verəcək. Layihənin həyata keçirilməsi üçün Moskva Tehrana 1,3 milyard avro dəyərində dövlətlərarası kredit ayırır, tikintinin ümumi dəyəri isə 1,6 milyard avro dəyərində qiymətləndirilir.
Musavat.com