Rus turist metroda bir şəkil, sonra 2 ay cəza çəkdi - Türkiyədən deportasiya edilib

Metroda qadının şəklini çəkən və buna görə 2 aya yaxın həbsdə saxlanılan rus turist Türkiyədən deportasiya edilib.

Məhkəmə iclasının nəticələrinə əsasən noyabrın 2-də Rusiya vətəndaşı barəsində Türkiyədən inzibati qaydada çıxarılma ilə bağlı qərar qəbul edilib və o, Rusiyaya göndərilib

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, hadisə sentyabr ayında baş verib: rusiyalı turist Valentin İstanbul metrosunda foto çəkib. Onu şəxsi həyatın toxunulmazlığını pozmaqda şübhəli sayaraq saxlayıblar və cinsi təcavüzdə ittiham ediblər. Rusiyalı diplomatlar onunla, ailəsi və Türkiyə rəsmiləri ilə əlaqə saxlayıblar.

Bildirilir ki, sentyabrın 6-da Sankt-Peterburqdan olan evli cütlük tətildən sonra evə qayıtmaq üçün metro ilə Türkiyə şəhərinin hava limanına gedirmişlər. Kişinin diqqətini şüşənin üzərində “Yaşlılar və əlillər üçün yer” yazılmış stiker çəkib. İstanbulun ictimai nəqliyyatında heç kimin belə insanlara yer verməməsi onu təəccübləndirib və o, vaqondakı vəziyyəti əks etdirən fotoşəkil çəkmək qərarına gəlib. İddia olunur ki, şəkil çəkilərkən təsadüfən obyektivə yerli sakinin üzü düşüb.

Həbs edilən Valentinin həyat yoldaşı Darya bildirib ki, şəkli çəkilən qadın normal geyinmiş, başı örtülməmişdi: “Yəni, Sankt-Peterburqdakı kimi adi bir qadın idi”.

Çəkilişin şahidi olan başqa bir sərnişin cütlüyün üstünə qışqırmağa başlayıb. Digər şəxslər də ona qoşulublar, nəticədə Valentin və Darya vaqondan çıxarılaraq polisə aparılıb. Şəkildəki qadın cinsi qısnama ilə bağlı ifadə verib. Bundan əlavə, Valentin Türkiyə Cinayət Məcəlləsinin şəxsi həyatın toxunulmazlığı ilə bağlı 137-ci maddəsini pozmaqda ittiham olunub.

Oktyabrın 24-də Valentin 1 il 8 ay şərti cəza alıb və noyabrın 2-də öz ölkəsinə ekstradisiya edilib.

Musavat.com

03.11.2024 12:45
700