Ermənistana təhlükəsizlik zəmanəti vəd verilir; görəsən, rus hərbçilər bu ölkəni hansı mifik işğalçıdan qoruyur?
“Ermənistanın təhlükəsizliyini Qərb qüvvələrinin vədləri yox, Rusiyanın 102-ci hərbi bazası və sərhədçiləri təmin edir”. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli “24News” portalına müsahibəsində bildirib.
“Mənim bildiyimə görə, heç kim Ermənistana Rusiya-Ermənistan münasibətlərində olduğu kimi təhlükəsizlik zəmanəti verməyib. Hər halda mən heç bir sənəd və ya bəyanat görməmişəm. Təhlükəsizlik və hərbi-siyasi alyans sahəsində əməkdaşlığımızın əsas komponentləri toxunulmaz olaraq qalır. Rusiya bazası burada qalır, sərhədçilərimizin mövcudluğu prinsipial olaraq dəyişməyib və bu, Ermənistan rəhbərliyi tərəfindən kifayət qədər müsbət qiymətləndirilir”, - diplomat əlavə edib.
Söhbət hansı təhlükəsizlik zəmanətindən gedir? Rusiya hərbi qüvvələri Ermənistanı hansı ölkədən, hansı mifik işğalçıdan qoruyur, əgər Azərbaycan və Türkiyənin heç vaxt qonşu ölkəyə hücum planı olmayıbsa, yoxdursa? Guya Rusiya hərbi bazaları Ermənistandan çıxarılsa nə dəyişəcək ki? Ermənistanın təhlükəsizliyi təmin olunmayacaq?
Absurd da ondadır ki, ermənilər özləri özlərinə türkdən “xoxan” düzəldərək bu miflə yaşamağı xoşlayırlar. Təbi ki, imperialist Rusiya da bundan məharətlə istifadə edir. Bədbəxt erməni isə anlamır ki, onun təhlükəsizliyinə ən güclü və ən etibarlı zəmanəti məhz qonşu Azərbaycan və Türkiyə verə bilər. Yolu bəlli.
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya səfiri Trampın verdiyi bəyanatlardan, atdığı addımlardan sonra Ermənistanda yaranmış ciddi tərəddüdlərdən faydalanmağa çalışır. “Bu bəyanat əslində Ermənistana bir daha düşünmək zərurətini çatdırır. Demək istəyir ki, sən Qərbə üz tutmusan, Qərbin də davranışı göz qabağındadır. Nikol Paşinyan da çox ciddi şəkildə bu barədə düşünür. Qarşıda ”gözü çıxan qardaş" var. ABŞ “mən sənə qrant verirəm, havayı yardım göstərirəm” deyib 100 milyard yardım göstərib, indi Tramp qarşılığında 500 milyard istəyir. Avropanın yardımın da böyük hissəsi borc şəklində verilib. Bu şəraitdə üstəlik ABŞ-ın öz siyasətini kəskin şəkildə dəyişdiyi məqamda Ermənistan təbii ki, düşünmək məcburiyyətindədir. Səfir Kopırkin də bu məqamdan yararlanmaq istəyir. Deyir ki, siz Fransaya, ABŞ-a, İrana güvənirsiz və hesab edirsiniz bu dövlətlər sizin təhlükəsizliyinizə təminat verir, ancaq onların heç biri ilə belə bir müqaviləniz yoxdur, həlledici məqamda bu dövlətlərin hansı addım atacağı məlum deyil, amma Rusiyanın burada hərbi bazası var və sizin təhlükəsizliyinizin qarantıdır. Yəni bu qədər açıq mesaj verilir və bununla çatdırılır ki, Ermənistan əgər xarici siyasət xəttinə yenidən baxsa, Rusiyanı qane eləyən siyasət yeritsə Rusiya onun təhlükəsizliyinə təminat verə bilər. Bu, təkcə səfirin deyil, bütövlükdə Rusiya hakimiyyətinin mövqeyi kimi dəyərlənidirilməlidir. Təbiidir ki, Ermənistan hakimiyyəti bu barədə xüsusilə son günlər acı-acı düşünür. Qərbə o qədər güvənməyin və anti-Rusiya mövqeyi tutmağın nə qədər təhlükəli olduğunu bir daha anlayıb. Rusiya isə bundan istifadə eləməyə çalışır. Ermənistan isə hesab edir ki, ən böyük təhlükə Azərbaycandan gələ bilər, Azərbaycan və Türkiyə birlikdə Zəngəzur dəhlizini açmaq istəyə bilər. Bu düşüncənin formalaşmasında İran da öz “xidməti”ni göstərib. Rusiya səfiri də ermənilərə dolayısı ilə məhz onları qorxduqları bu dövlətlərdən qoruya biləcəyi mesajını ötürür".
Ekspert qeyd etdi ki, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması mümkünsüzdür: “Çünki müqaviləyə görə 2044-cü ilə qədər hərbi baza oradadır. Vaxtından əvvəl çıxarılması isə mütləq Rusiyanın razılığı ilə olmalıdır. Sərhədçilər isə ümumiyyətlə müddətsiz şəkildə orada yerləşdiriliblər, Rusiyanın razılığı olmadan onları oradan çıxarmaq qeyri-mümkündür. Rusiya Trampın dövründə buna razılıq verməyəcək. Gələcəkdə isə həm Rusiya sərhədçilərini, həm də hərbi bazanın çıxarılması məsələsini qaldırmaq mümkün ola bilər. Ancaq indiki şəraitdə Ermənistan daha ehtiyatlı davranmağa başlayacaq və Rusiyaya qarşı mövqe tutmaqdan çəkinəcək”.
Rövşən Məhərrəmov
Hərbi ekspert Rövşən Məhərrəmov isə bildirdi ki, Ermənistanın sərhədlərinin böyük hissəsində Rusiya federal sərhəd xidmətinin hərbçiləri xidmət aparırdılar. Bu, fakt əslində Ermənistanın müstəqilli dövlət olmadığının göstəricisidir. Ermənistan formal müstəqil dövlət adlandırılsa, daha düzgün olar: “Bir ölkənin ki, sərhədlərini özü yox, başqa bir dövlətin hərbi qüvvələri qoruya onu müstəqil dövlət saymaq olmaz. Ermənistanda Rusiyanın 102-ci hərbi bazası yerləşir. Bir ara rəsmi İrəvan Qərbin, xüsusən də Avropa İttifaqı və ABŞ-ın dəstəyinə arxayın olub Rusiya hərbi bazanın çıxarılması fikrinə düşmüşdü. Xüsusən də Avropa İttifaqının kəşfiyyatçılardan ibarət müşahidə missiyasının Ermənistana gəlişi və missiyanın say tərkibinin artırılmasından sonra Paşinyan hökumətinin rəsmiləri ürəklənmişdilər və Rusiya hərbi bazasının ölkədən çıxarıla biləcəyi söhbətini gündəmə gətirmək cəhdləri müşahidə edilirdi. Rusiya bu fikrə düşməsinə görə Ermənistana üzdə o qədər də sərt reaksiya vermirdi. Ola bilsin ki, qapalı danışıqlarda İrəvan sıxışıdırılırdı, ancaq hər halda üzdə bu hiss olunmurdu”.
Hərbi ekspert hesab edir ki, Rusiya ondan hər saat gözlənilməyən səbr nümayiş etdirirdi: “İndi belə görünür ki, Donald Trampın ABŞ-da hakimiyyətə gəlişindən sonra Ukrayna müharibəsi məsələsində, Rusiyaya münasibətdə yürütdüyü siyasət Moskvada ”Ermənistanla bağlı hərəkətə keçməyin vaxtı çatdıb" fikrini yaradıb. Rusiya arxayınlaşıb və səfir Kopırkinin dili ilə Ermənistana “Qərbdən, ABŞ-dan təhlükəsizliyinizə təminat gözləyirsinizsə yanılırsınız, sizi bizim əlimizdən onlar xilas edə bilməz, təhlükəsizliyinizin təminatını istəyirsinizsə Qərbə doğru, yox Rusiyaya doğru yönəlin” mesajını çatdırır. Ermənistan cəmiyyətinə, hakimiyyətinə “əks halda sonra gec ola bilər” kimi də oxunmalıdır bu mesaj. Ermənistan Rusiyadan gələn xəbərdarlığı nəzərə almasa təhlükəsizliyinə əsas təhdid və təhlükə onda yaranacaq. Özü də Rusiyadan. Rusiya lazım biləndə pəncəsini Ermənistanın üzərinə qoyub onu əzməklə Qərb yolundan döndərəcək. Bunun üçünsə Ukraynaya qoşun yeritdiyi kimi qoşun yeridib müharibə etməsinə ehtiyac olmayacaq. Çünki Rusiyanın qoşunları onsuz da Ermənistanın içindədir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”