“Müharibə və ya antiterror tədbirlərinin məqsədi heç bir qurban vermədən düşməni öldürmək, yaxud hansısa əraziləri ələ keçirmək deyil. Məqsəd öz təlqinlərini, ideyalarını qarşı tərəfə qəbul etdirməkdir. Azərbaycan Ordusu bu mənada 1 sutkadan da az davam edən antiterror tədbirlərində qarşıya müəyyən hədəflər qoymuşdu və açıq demək lazımdır ki, bu hədəfləri böyük ölçüdə reallaşdırdı”.
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında belə deyib.
Sentyabrın 19-20-də Ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticələrini şərh edən həmsöhbətimiz bəzi çevrələrin bədbin analizləri ilə razı deyil və bədgümanlıq üçün əsas olmadığını bildirib:
“Azərbaycan Ordusu qarşısına qoyulan hədəfləri yüksək səviyyədə gerçək etdi. Bir çox şərhçilər şəhidlərimizin sayının çox olmasını, Xankəndinin tamamilə alınmamasını, erməni nümayəndələrinin rəsmi Bakı tərəfindən irəli sürülən tələbləri tam qəbul etmədiklərini və s. kimi iddiaları dilə gətirib. Ordumuzun qazandığı uğurlara bilərəkdən və ya bilməyərəkdən kölgə salmağa çalışırlar. Görünür, onlar erməni terrorçularını insan yox, qarışqa sayırlar. Başa düşülməlidir ki, Ordumuz, düşündüyümüz kimi, zəif qüvvə ilə yox, Fransa, İran, Rusiya, hətta Hindistan və ABŞ tərəfindən açıq, yaxud gizli şəkildə dəstəklənən terrorçularla mübarizə aparır. Üstəlik, son 3 il ərzində hər an bu antiterror əməliyyatının baş verəcəyini düşünən və ona hazırlaşan erməni silahlıları bölgəni yaxşı tanıyır, bu da onlara bəzi üstünlüklər verir. Onu da nəzərdən qaçırmaq olmaz ki, biz hücum edən tərəfik və adətən hücumçular daha çox itki verirlər. Baxmayaraq ki, bu əməliyyat zamanı ermənilərin itkisi daha çox olub və sonunda onlar ağ bayraq qaldırmaq məcburiyyətində qalıblar”.
Can itkisinin bütün hərbi əməliyyatların qaçılmaz reallığı olduğunu xatırladan siyasi şərhçi qeyd edib ki, istənilən sayda şəhid vermək millət üçün əvəzi ödənilməz fədakarlıqdır:
“Hətta 1 şəhid versək belə, bu, bizim üçün bütün Ermənistan əhalisindən daha dəyərlidir və buna üzülməmək mümkün deyil. Çünki şəhidlər cəmiyyətlərin say-seçmə övladları arasından çıxırlar və onları itirmək dövlətin inkişafına, rifahına təsirsiz ötüşmür. Bununla belə, biz öz torpaqlarımız üzərində suverenliyimizi bərqərar etmək uğrunda döyüşməyə məcbur idik və döyüşdük, şəhidlər də verdik. Canlı itkilərimizə rəğmən, ciddi uğurlar da qazandıq. Bunu görməzlikdən gəlmək və uğurlarımızı kiçiltmək təkcə ordumuza deyil, şəhidlərimizin ruhuna da hörmətsizlikdır”.
Heydər Oğuz cəmi 1 sutkaya yaxın davam edən antiterror əməliyyatında əldə etdiyimiz uğurları da sadalayıb:
“Əvəlla, Müdafiə Nazirliyinin məlumatına görə, biz həmin əməliyyat zamanı 90-dan artıq düşmən mövqeyini zərərsizləşdirdik və nəzarətə götürdük. 90 rəqəmi kimlər üçünsə az görünə bilər. Amma müharibə uşaqların oynadığı dava-dava oyunu deyil. Hər mövqeni əldə etmək üçün böyük qəhrəmanlıqlar, fədakarlıqlar tələb olunur. İstər-istəməz itkilər də verilir. Buna rəğmən əldə olunan hər mövqe düşməni küncə sıxışdırır, döyüş sahəsini daraldır, hədəfləri daha rahat zərərsizləşdirmək fürsəti yaradır.
İkincisi, Qarabağın bir sıra strateji əhəmiyyətli kəndləri Ordumuz tərəfindən azad olunub, Xankəndi kimi erməni separatizminin mərkəzi qapısına dayanmışıq. İstənilən an oranı tamamilə nəzarət altına almaq fürsətimiz yaranıb.
Üçüncüsü, antiterror əməliyyatı nəticəsində ermənilərin ən ümdə silahı – xarici havadarlarına güvən hissi də ciddi yara aldı. Sirr deyil ki, onlar xaricdən aldıqları mənəvi güclə özlərini təhlükəsiz hiss edir, Azərbaycana qarşı üsyan bayrağı qaldırırdılar. Lokal xarakterli antiterror əməliyyatında rəsmi Bakının yeri gələndə ermənilərin havadarlarının təhdidlərinə əhəmiyyət vermədiyi, istənilən an hərbi tədbirlərə əl atacağı və kimsənin onların yardımına gələ bilməyəcəyi, sadəcə boş sözlərlə kifayətlənəcəyi anlaşıldı. Məlum oldu ki, bərk ayaqda hətta İrəvan da Xankəndiyə yardım əlini uzatmayacaq. Hesab edirəm ki, erməni terrorçuları bundan sonra yalnız özlərinə güvənəcəklər və bu da onlarda hərəkətə keçməmişdən əvvəl 2 dəfə düşünmək vərdişi formalaşdıracaq.
Dördüncü ən mühüm uğurumuz Qarabağ ermənilərinin Azərbaycanla konstruktiv dialoqla razılaşması və Bakıya ümid qapısı kimi baxması oldu. Bəllidir ki, separatçıların təsiri altında qalan Qarabağ erməniləri bütün ümidlərini Laçın dəhlizindən keçəcək beynəlxalq yardımlara bağlayıb Ağdam yolundan imtina edirdilər. Dünənki görüşdən verilən məlumatlarda isə onların Azərbaycandan yanacaq və qida istədikləri, bizim rəsmilərimizin isə bu xahişləri qəbul etdikləri bildirilirdi. Məlumata görə, artıq ilk yardım maşınlarımız Xankəndiyə yola düşüb. Fikrimcə, bunu reinteqrasiyanın ilk addımı saymaq olar. Antiterror əməliyyatının başlıca məqsədinin erməniləri bu məxrəcə gətirmək olduğunu nəzərə alsaq, hədəflərimizin böyük ölçüdə reallaşdığını anlaya bilərik”.
Bəs bundan sonra nə olacaq? Dəfələrlə Azərbaycan qarşısında ağ bayraq qaldırıb, sonra öz öhdəliklərini unudan ermənilərin bu dəfə əhdlərinə xilaf çıxmayacağına nə dərəcədə inanmaq olar?
Heydər Oğuzun fikrincə, erməni separatçılarının bir antiterror əməliyyatı ilə zərərsizləşdiriləcəyini düşünənlər yanılırlar:
“Ümumiyyətlə, heç bir terror təşkilatı bir həmlə ilə sıradan çıxmır. Bəzən onları tamamilə məhv etmək üçün 10 illər lazım olur. Türkiyənin PKK-ya qarşı mübarizəsi bunun ən bariz örnəklərindəndir. Bilirsiniz ki, Türkiyə kimi böyük ölkə öz ərazilərindən PKK-nı təmizləmək üçün 50 ildən artıq mübarizə apardı. İndi-indi Türkiyə sərhədləri daxilində ikirəqəmli ədədə qədər PKK-çının qaldığı bildirilir. Erməni terrorçuları da PKK-dan fərqli deyillər. Hətta iddialara görə, II Qarabağ döyüşlərində PKK-çı təlimçilər də gəlib onlara qoşulub və öz təcrübələrini öyrədirlər. Odur ki, Qarabağı işğaldan tam azad etsək belə, erməni terrorizmi tərk-silah olmayacaq. Əksinə, onlar yeni mərhələyə keçəcəklər. Bununla belə, Azərbaycan Silahlı Qüvvələri də Türkiyə təcrübəsinə uyğun şəkildə özünü yenidən formalaşdırır. Zənnimcə, erməni terrorizmini tamamilə sıradan çıxarmaq Azərbaycan əsgəri üçün daha asan olacaq. Çünki PKK-nın məskunlaşdığı coğrafiyadan fərqli olaraq, Qarabağ daha kiçik ərazidir və onu nəzarətə götürmək daha rahatdır”.
Bununla belə, erməni terrorçularının PKK-çılardan daha çox olduğunu və müasir silahlarla silahlandığını xatırladan Heydər Oğuz bütün terrorçu təşkilatların xarici güc mərkəzləri tərəfindən maliyyələşdirildiyini və bunun hesabına ayaqda qaldıqlarını bildirib. Onun fikrincə, nə qədər ki, rus “sülhməramlıları” Qarabağdadır, erməni terrorçuluğunun kökü kəsilməyəcək. Məhz buna görə də Azərbaycan ilk növbədə rus ordusunun Qarabağdan çıxarılmasının yolunu tapmalıdır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com