Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının analitikləri Ankaranın xarici siyasətinin əsas aspektlərini incələdi - nəyə hazırlıq?
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəsmi saytında Türkiyə ilə bağlı analitik material dərc olunub. Burada NATO-ya üzv ölkə daxilində baş verən proseslər, Ankaranın xarici siyasəti və digər məsələlərə toxunulur.
KTMT analitikləri Türkiyənin xarici siyasətindəki “vacib transformasiyalardan” bəhs edir. Qeyd olunur ki, 2000-ci illərin ortalarında Avropa İttifaqına daxil olmağın mümkünsüzlüyünü dərk edən Ankara Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz və Mərkəzi Asiyada öz təsirini artırmağa başlayıb.
“Xarici siyasətin bu istiqamətinin həyata keçirilməsi, xüsusilə qonşu Suriya və İraqda fəaliyyət göstərən türkyönlü qüvvələrə əhəmiyyətli hərbi-siyasi dəstək, bu ölkələrdəki kürd qüvvələrinə qarşı mübarizə, Azərbaycanla əlaqələrin gücləndirilməsi və genişlənmək istəyində ifadə olunur”, - KTMT qeyd edir.
Materialda bildirilir ki, Mərkəzi Asiyada Türkiyə Çin və Rusiya tərəfindən ciddi siyasi və iqtisadi rəqabətlə üzləşir. Bununla belə, onun regiondakı mövcudluğu genişlənir, bunu xüsusilə Qırğızıstan və Tacikistan nümayəndələri arasında danışıqlarda vasitəçi qismində çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidanın son uğurlu missiyası haqqında məlumatlar sübut edir. Nəticə danışıqlar prosesində, o cümlədən dövlətlərarası sərhədin növbəti hissəsi üzrə razılaşmada mühüm irəliləyiş oldu.
“Ankaranın digər KTMT-yə üzv dövlətlərlə əlaqələri də ciddi diqqətə layiqdir. Rusiya ilə təmaslarda həm sıx əməkdaşlıq, həm də rəqabət elementləri var. Problemli məsələlər əsasən Ankara və Moskvanın münaqişənin müxtəlif tərəflərini dəstəklədiyi Suriyadakı ziddiyyətlərlə bağlıdır. Bunun fonunda iqtisadi əməkdaşlıq kifayət qədər uğurla inkişaf edir”, - materialda qeyd olunur.
Bildirilir ki, Qafqaz məsələlərində Türkiyə ənənəvi olaraq Azərbaycanla ortaq mövqedən çıxış edir. “Ermənistanla sərhəd hələ də bağlıdır, Ankara Ermənistan-Azərbaycan münaqişəsinin Bakının şərtləri ilə həllində israrlıdır. Türkiyənin Avropa və ABŞ-la münasibətlərində qıcıqlandırıcı faktorlar qalmaqdadır”, - deyə məqalədə qeyd edilir.
Hesabat nə məqsədlə hazırlanıb, Türkiyənin həm bölgədə, həm Mərkəzi Asiyada artan rolundan narahatdırlar?
Fikrət Yusifov
İqtisadçı alim Fikrət Yusifov Türkiyənin xarici siyasətində özünə bir yol seçdiyini vurğuladı: “Dövlətlər arasında münasibətlərin kökünü dərindən araşdırdıqda, ortada bütün maraqların iqtisadi müstəvidə kəsişdiyini görəcəksiniz. Bu bir gerçəkdir. Tarixən belə olub, bu gün də belədir və bundan sonra da belə olacaqdır. Türkiyə illər öncə Avropa Birliyinə üzv olmaq üçün çox çalışdı və həqiqətəndə bu istiqamətdə çox işlər gördü. Lakin sonda bütün bu çalışmalar nəticəsiz qaldı.
Sual oluna bilər ki, Avropa Birliyinə daxil olmaq üçün Türkiyə nədən bu qədər ciddi səylər göstərirdi? Türkiyənin bu birliyə daxil olması, ilk növbədə onun iqtisadi inkişafı üçün geniş perspektivlər vəd edirdi. Lakin öncədən məlum idi ki, Türkiyənin güclənməsini və Avropada onsuz mövcud olan nüfuzunun daha çox artmasını Qoca qitənin dayaq ölkələri heç vaxt istəməyəcəklər. Onlar, sadəcə, Türkiyəyə dünyanın gözləri qarşısında - biz sizi heç vaxt öz ailəmizə üzv qəbul etməyəcəyik deyə bilmədilər. Qərb üçün imtinanın ən yaxşı yolu, müxtəlif yersiz bəhanələrlə üzvlük məsələsini uzadıb, sonda Türkiyəni bezdirmək idi - bunu da etdilər. Türkiyə isə bütün dünyaya göstərdi ki, Qərbin Osmanlıya 100 il öncəki münasibətində bu gün də elə bir dəyişiklik yoxdur, onun demokratiyası da, insan haqları da, söz və mətbuat azadlığı da maraqlarını reallaşdırmaq üçün alətdən başqa heç nə deyil. Avropa İttifaqının dayaq ölkələrinin bu münasibətini görən Türkiyə xarici siyasətində əsaslı dönüş etməklə özünə yeni bir yol seçdi. Bu yolla Türkiyə həm NATO üzvü olaraq bölgədə Qərbin hərbi dayaq ölkəsi statusunu saxladı və eyni zamanda prinsipial məsələlərdə Qərbin deyil, özünün maraqlarından çıxış etməyə başladı. İlk öncə Türkiyə öz sərhədlərindəki kürd təhdidini neytrallaşdırmaqla ölkəsində davamı şəkildə baş verən terror aktlarına demək olar ki, son verdi. Bunun ardınca Qərbin hərbi müdaxiləsi nəticəsində İraqdan və Suriyadan qaçıb gəlmiş milyonlarla insanın Avropaya axınının qarşısını almaq missiyasını öz üzərinə götürüb Avropanı bir növ özündən asılı vəziyyətə saldı.
Türkiyənin Rusiya ilə hərbi müstəvidə yaxınlaşması isə Qərbi yetərincə qıcıqlandırdı. NATO üzvü ola-ola Türkiyə Rusiyadan S400 hava hücumundan müdafiə silahları aldı. Bu, Qərbi və ilk növbədə ABŞ-ı nə qədər qıcıqlandırsa da, Türkiyə bu məsələdə öz seçimini dəyişmədi və bununla da Qərbin Avropa Birliyinə üzvlük məsələsində sərgilədiyi ikiüzlü siyasətə layiqli cavab verdi. Bu gün Türkiyə yerləşdiyi regionda və dünyanın digər bölgələrində lazım bildiyi siyasi və hərbi gedişləri edir. Təbii ki, Türkiyənin bu addımları Qərbin xoşuna gəlmir. Lakin Qərbin bununla barışmaqdan başqa çarəsi də yoxdur. Qərb bacarsa, Ərdoğan hakimiyyətini bu gün dəyişər. Lakin o, bunu bacarmır. 2016-cı ildə etdikləri hərbi çevriliş cəhdi fiaskoya uğradıqdan sonra Qərb bu məsələdə geriyə çəkildi. Qərbin Türkiyəyə basqıları qırmızı xətti keçən kimi Türkiyə onu NATO-da çıxmaqla təhdid edir. Türkiyə isə NATO üzvü kimi Qərbə Yaxın və Orta Şərqdə çox lazımdır. Əks halda, Qərb Türkiyənin bu şıltaqlığına dözüm nümayiş etdirməzdi".
Sabiq nazir qardaş ölkənin hazırda yürütdüyü vacib bir siyasətə də diqqət ayırdı: “Bu gün Türkiyənin sərgilədiyi xarici siyasətin bir mühüm qolu Turan ölkələri birliyinin yaradılması və onun gerçəkdən böyük bir iqtisadi və hərbi gücə çevrilməsidir. Bu artıq Rusiyanı da, Çini də rahatsız edəcək və onlarda qıcıq yaradan ciddi bir məsələdir. Lakin türkdilli dövlətlərin Türkiyənin moderatorluğu ilə atılan bu addımlardakı maraqları yaranan bu qıcığı neytrallaşdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən Türkiyəyə də, türkdilli dövlətlərə də Qərbin də, Şimalın da Şərqin də basqıları davamlı olacaq. Lakin bütün bu basqılara baxmayaraq Türkiyə və Turan yolu seçmiş dövlətlər öz yolu ilə uğurla getməkdədir...”
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya və “rus-NATO-su”nun istəyinə çatmayacağını düşünür: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının saytında Türkiyə ilə bağlı analitik məqalənin bir neçə hədəfi var. Birincisi, təşkilat Türkiyənin bir sıra bölgə ilə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyada möhkəmləndiyini etiraf edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının isə bu iki bölgədə üzvləri var. Təşkilat yazıda Türkiyə-Azərbaycan ittifaqının da reallıq olduğunu etiraf edib. Bu, Ermənistana da növbəti mesajdır ki, İrəvan siyasətində həm Türkiyənin Cənubi Qafqazda artan rolunu, həm də Türkiyə-Azərbaycan İttifaqının gücünü nəzərə almalıdır. İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Türkiyəni rəqib ölkə kimi deyil, tərəfdaş kimi qiymətləndirməyə meyllidir. KTMT eyni zamanda bu yazı ilə Türkiyənin ABŞ və Avropa İttifaqı ilə ittifaqdan uzaqlaşmasında maraqlı olduğunu göstərməyə çalışıb. Əlbəttə, Türkiyə Ermənistan xaric, başda Rusiya olmaqla, KTMT-nin digər üzvləri ilə tərəfdaş münasibətlərinə malikdir. Buna baxmayaraq, NATO üzvü olan Türkiyə ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıqdan da imtina edən deyil. Əksinə, Türkiyənin ABŞ-dan "F-16" hərbi təyyarələrini ala bilməsi iki ölkə arasında hərbi əməkdaşlığa təkan verəcək. Bu arada, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri və Vaşinqtonda bu ölkənin prezidenti Cozef Baydenlə görüşü planlaşdırılır. Bu baxımdan Moskva və KTMT Türkiyənin Qərb ölkələri ilə arasını vura bilməyəcək”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”