Rumıniyada deputatlar Ukraynaya "Patriot" verilməsini təsdiqləyib

Sentyabrın 3-də Rumıniya parlamentinin aşağı palatası Ukraynaya "Patriot" raketdən müdafiə sistemi verilməsini təsdiqləyib.

2004-cü ildən NATO üzvü olan Rumıniyanın Ukrayna ilə 650 kilometrlik sərhədi var, Moskva Dunay çayı boyunca Ukrayna limanlarını hədəfə alanda Rusiya dronlarının qalıqları dəfələrlə onun ərazisinə düşüb.

Prezident Klaus İohannis qanunu imzalayandan sonra hökumət sistemin verilməsi üzrə sərəncam verəcək.

Rumıniya iki işlək "Patriot" sistemindən birini o şərtlə verməyə razılaşıb ki, müttəfiqlər daha sonra onun əvəzini versinlər. Bu, NATO-nun Kiyevə vəd etdiyi beş belə sistemdən və digər strateji havadan müdafiə sistemlərindən biridir.

Rumıniya Senatının müdafiə məsələləri üzrə komitəsinin sədri Nikoleta Paulyuk deyib ki, Ukraynaya "Patriot"un verilməsi Rumıniyanın müdafiəsiz qalacağı anlamına gəlmir.

Buxarestin daha beş belə sistemi var – ikisini silahla təchiz etməyə götürüblər, ikisi isə tezliklə gəlməlidir.

Rumıniya 2017-ci ildə "Patriot" almaqdan ötrü 4 milyard dollarlıq saziş imzalayıb. Bu, ölkənin indiyədək imzaladığı ən böyük alış kontraktıdır. /AzadliqRadiosu

04.09.2024 16:09
298