Bu gün Azərbaycanın prezident seçkiləri üzrə Rumıniyada yaradılan seçki məntəqələrində seçicilərin fəallığı müşahidə olunur.
Bu barədə Musavat.com-a Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov məlumat verib.
Onun sözlərinə görə, seçki məntəqələri Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin təşkilatçılığı qurulub və 66 nəfər seçici qeydiyyatdan keçib. Saat 12:00-dək olan məlumata əsasən, 23 nəfər səs verib. 15:00-a olan məlumata görə isə 30 nəfər səs verib ki, bu da ümumi seçicilərin 45%-ni təşkil edir.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.