"Rumıniya soyuq qış aylarında zərurət yaranarsa, Azərbaycan qazını öz ərazisindən Moldovaya ötürməyə hazırdır".
Musavat.com xəbər verir ki, bu barədə “Agerpres”ə Rumıniyanın energetika naziri Sebastyan Burduja açıqlama verərək, yalnız Moldovaya deyil, digər region ölkələrinə də qaz tədarük etməyə hazır olduqlarını bildirib: “Moldova və ya regionun digər dövlətlərindən xüsusi müraciətlərimiz olarsa, biz keçən ilin yazında Rumıniya tərəfindən təmin edilmiş Azərbaycanla opsionu aktivləşdirməyə hazırıq və onun vasitəsilə 1 milyard kubmetr qaza çıxışımız var. Əgər bu həcm kifayət etməzsə, Yunanıstan-Bolqarıstan-Rumıniya və ya Türkiyə-Bolqarıstan-Rumıniya marşrutu üzrə mayeləşdirilmiş təbii qaz idxal etmək imkanımız var”.
Qeyd edək ki, 2021-ci ilə qədər Moldova qazı yalnız “Qazprom”dan alırdı. Hazırda ölkənin Dnestr çayının sağ sahilindəki ərazilərinə qaz tədarükünü dövlət şirkəti “Enerqocom” təmin edir. O, Rumıniya Əmtəə Birjası platformasından və Polşa, Rumıniya və Bolqarıstan şirkətləri ilə birbaşa müqavilələrdən istifadə edir.
Moldova hökuməti “Energocom”un qarşısına istilik mövsümü üçün Rumıniya və Ukraynada ən azı 450 milyon kubmetr qaz almaq və saxlamaq vəzifəsi qoyub. Oktyabrın 7-nə olan məlumata görə, “Enerqokom” soyuq mövsümdə respublikada istehlakı tam ödəmək üçün ümumilikdə 500 milyon kubmetrdən çox qaz alıb və alışları davam etdirir.
Moldova Dnestryanı separatçı bölgə istisna olmaqla, ildə təxminən 1,3 milyard kubmetr qaz istehlak edir.
Musavat.com