Rubl və lirə dəyərdən düşür, manatı nə gözləyir? - İqtisadçı AÇIQLADI

Bir müddətdir Rusiya və Türkiyənin milli valyutaları dollara nisbətən dəyər itirməkdə davam edir. Ötən bir ay ərzində rubl dollara nisbətən 7 faizə yaxın dəyər itirib. Qardaş ölkə Türkiyədə keçirilən seçkidən sonra hazırda 1 dollar almaq üçün 24 lirəyə yaxın vəsait ödəmək lazımdır.

Hər iki valyutaya edilən təzyiqlər fonunda manatın vəziyyəti ilə bağlı narahatlıqlar yaranıb.

elman-sadiqov.jpg (22 KB)

Musavat.com-un xəbərinə görə, bu barədə Metbuat.az-ın suallarını cavablandıran iqtisadçı-ekspert Elman Sadıqov bildirib ki, Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrin valyutalarının dəyər itirməsi Azərbaycan manatına müəyyən dərəcədə təzyiq formalaşdırır:

“Qeyd edim ki, bu təzyiq daha çox ikitərəfli əlaqələrdə və ticarət dövriyyəsində, yəni idxal, ixrac əməliyyatlarında ortaya çıxır. Rusiyada rublun dəyərdən düşməsi çox böyük bir itki deyil. Faktiki olaraq uzun müddət bir dollar 75-76 rus rublu olub. Ticarət əlaqələrində də bu kursa adaptasiya olunub. Yəni bu kurs Azərbaycan üçün ciddi bir təzyiq deyil. Ümumiyyətlə, rublun dəyərinin 85 rubla qədər olması Azərbaycan üçün ciddi bir təzyiq formalaşdırmır, əksinə, Rusiyadan idxal etdiyimiz taxıl məhsulları və digər məhsulların qiymətlərinə müsbət təsir göstərir”.

Türkiyə lirəsində vəziyyətin nisbətən fərqli olduğunu ifadə edən ekspert qeyd edib ki, Azərbaycanın Türkiyə ilə ticarət əlaqələri manata çox ciddi təzyiq formalaşdıracaq səviyyədə deyil:

“Azərbaycan Türkiyəyə ən çox enerji məhsulları - nef və qaz ixrac edir. Onların da qiyməti dollarla müəyyən olunur. Ona görə də lirənin hansı səviyyədə olması bizə az təsir edir. Çünki ödənişlər dollarla və yaxud həmin günün lirə kursu ilə ödənilə bilər. Amma Türkiyənin çətin vəziyyətə düşməsi, ödənişlərin gecikməsi isə tamam başqa bir məsələdir”.

Elman Sadıqov hesab edir ki, Türk lirəsinin və yaxud Rusiya rublunun dəyərdən düşməsinin manata ciddi təzyiq formalaşdıracağı fikri şişirdilmiş fikirlərdir:

“Ehtimal edilən xüsusi zərər ilə bağlı narahatlıqlar daha çox meyvə ixracında və digər kənd təsərrüfatı məhsulları ilə bağlı ola bilər. Amma bizim ixracımız, xüsusilə Türkiyəyə enerji məhsulları olduğu üçün bu təzyiqin çox yüksək olduğunu düşünmürəm.Türkiyədən idxal etdiyimiz məhsulların bir hissəsi ölkəmizdə istehsal olunmur. Hazırda lirənin dəyərdən düşməsi gündəlik tələbat malları, xüsusilə geyim məhsullarının qiymətlərinə müsbət təsir göstərir ki, bu da əhalinin rifahına uyğundur. Nəticədə bir az daha aşağı qiymətlə məhsul almış olacağıq”.

10.06.2023 22:58
1982