Revanşist politoloq: Mirzoyanın sözləri Ermənistanın kimliyini təhlükə altına alır

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “erməni soyqırımının” tanınması məsələsinin Ermənistanın xarici siyasətinin gündəliyində prioritet olmadığını bəyan edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli revanşist politoloq Sergey Melkonyan bu açıqlamaya kəskin reaksiya verib. O, yazısında bildirib ki, onilliklər ərzində Ermənistanın xarici siyasətində prioritet məsələlər “erməni soyqırımı”nın və Qarabağdakı separatçı rejimin tanınması uğrunda mübarizə olub.

Melkonyan, birinci məsələnin erməni kimliyinin fundamental elementi, ikincisinin isə dövlətçilik olduğunu vurğulayıb. O, İrəvanın dövlət və milli kimliyi dağıtmaq məqsədilə Bakı və Ankaranın iki əsas tələbini yerinə yetirdiyini, bunun da Qarabağdan imtina etməklə və “soyqırımın” tanınması uğrunda mübarizədən vaz keçməklə mümkün olduğunu qeyd edib.

Revanşist politoloq, “O zaman Bakı və Ankaranın yeni tələbləri yerinə yetiriləcək: Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi (bu hansısa yeni ölkə yaratmaq məqsədi daşıyacaq, lakin Ermənistan deyil), atom elektrik stansiyalarının bağlanması, kilsənin və diasporun rolunun zəifləməsi, tarix dərsliklərindəki dəyişikliklər və s.” – deyə əlavə edib.

Musavat.com

31.10.2024 13:39
284