Rəsmi: inflyasiya dayanıb, bəs real?

Əhali “ucuzlaşma yoxdur” deyir, rəsmi qurumlar əksini, ekspertlər isə...

Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3 %, qeyri-qida məhsulları üzrə 101,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin aprel ayına nisbətən 100%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2%, qeyri-qida məhsulları üzrə 100,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102% olub. Bu  ilin aprel ayında istehlak qiymətləri indeksi ötən ilin aprel ayına nisbətən 100,0 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,0 faiz təşkil edib. 2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz olub. 

Dövlət Statistika Komitəsi xəbər verir ki, apreldə qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,3 faiz təşkil edib.

Apreldə əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma manna və qarabaşaq yarmalarının, makaronun, təzə balığın, südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, qozun, fındığın, pomidorun, xiyarın, göyərtinin, badımcanın, kartofun, bahalaşma isə əsasən limonun, bananın, almanın, armudun, kivinin, şabalıdın, ağ kələmin, şirin bibərin, süfrə çuğundurunun, sarımsağın qiymətlərində müşahidə olunub. 

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi marta nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma zərgərlik məmulatlarının, sementin, kəsilmiş taxtanın qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

2024-cü ilin aprel ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,4 faiz təşkil edib. Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadaxili istirahət turlarının, tibbi, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Əhali isə məhsulların qiymətinin artması ilə bağlı narazılıq edir. “Yeni Müsavat”a danışan paytaxt sakinləri qeyd edirlər ki, aylardır ki, yağların qiyməti dəyişmir, bahalaşmaqda davam edir. O cümlədən süd məhsulları da bahalaşıb. Ətin qiyməti də ucuzlaşmayıb, əksinə, quzu əti 19-20 manat civarındadır. Spirtli içkilərin qiymətinin də 30 faiz bahalaşdığı deyilir. Əvvəlki aylara nisbətən yalnız yumurtanın qiymətində ucuzlaşma var.  

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

Eyyub Kərimli

İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, mart-aprel ayı ilə müqayisə aparsaq, qiymət artımı ərzaq məhsullarında o qədər də hiss olunmur: “Bəzi ərzaq məhsulları var ki, onların qiymətində artım müşahidə edilir. Misal üçün, pomidorun, bananın qiymətində müəyyən artımlar var. Amma çiyələk, xiyar və bu qəbildən olan meyvə-tərəvəzin qiyməti aşağı düşüb. Bu da bir neçə amillə bağlıdır. Artıq kənd təsərrüfatında meyvə tərəvəzlərin yetişmə vaxtı çatıb. Kənd təsərrüfatı məhsulları bazarda tələbatı ödəyir. Bu da qiymətlərin enməsinə səbəb olur. Əgər biz əvvəlki aylara nəzər salsaq, mart ayı, bayram vaxtı süni qiymət artımı müşahidə edirdik. İndi artıq tələb-təklif sabitləşib. Bu da qiymət siyasətini tənzimləyir. Pomidorun qiymətinin artması subyektiv səbəblərdən idi. Məsələn, istixana pomidorlarının bitmə vaxtı yekunlaşıb, təbii üsulla tarlalarda bitən pomidor hələ istehsal olunmur. Həmçinin pomidorun ixracı da çoxalıb, bu da qiymətlərə təsirini göstərir. Fikrimcə, bu tendensiya növbəti aylarda da davam edə bilər. Əsasən də yerli istehsal məhsullarında. Belə ki, mövsümlə əlaqədar həmin məhsullarda təklif artacaq. Yəni yerli istehsal olan meyvələrin təklifi çoxalacaq. Bu da müəyyən mənada qiymətin sabit saxlanmasına təsir göstərəcək. Digər tərəfdən, 2023-cü ildə kəskin artım müşahidə etdik. Proqnozlaşdırılırdı ki, bu ilin inflyasiya həddi 5 faiz olacaq. Hazırda Mərkəzi Bankın məlumatlarına əsasən, bu il inflyasiya realda 3.5 faizdir. Düzdür, bu, reallığı tam əks etdirməsə də, reallığa yaxın rəqəmdir”. 

Azərbaycan BMT-yə komissiya yaradılması üçün müraciət edə bilər –

Vüsalə Əhmədova

İqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı dedi ki, ayrı-ayrı ərzaq məhsullarının qiymətlərinə nəzər yetirsək, düyü, qarabaşaq və makaron məmulatlarının, kolbasa məmulatlarının, mal əti, qoyun əti və toyuq ətinin, yumurtanın, bitki yağlarının, un və un məmulatlarının, pomidorun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, müxtəlif qənnadı məmulatlarının, qəhvə və çayın qiymətlərində bahalanma müşahidə olunur: “Qeyri-ərzaq məhsullarında da həmçinin benzinin, mebellərin, məişət avadanlıqlarının, yuyusu və gigiyenik vasitələrin qiymətlərində bahalaşma müşahidə olunur. Xidmət sektoruna da nəzər yetirsək, turizm, təhsil, səhiyyə, icarə və sərnişindaşıma xidmətlərində bahalanma mövcuddur. Qiymətləri azalan mallarla müqayisədə qiymətləri artan malların çəkisini göstərən diffuziya indeksi, xidmət sektoru üçün hesablandıqda tarixi orta göstəricini üstələyir. Araşdırmalarımız göstərir ki, hazırda ölkədə illik inflyasiya səviyyəsi 25-38% ətrafındadır. Ərzaq məhsullarında bu göstərici 40%-dən yüksəkdir. Bununla yanaşı, inflyasiya artan xətlə inkişafdadır”.

Ekspert əlavə edib ki, yaxın müddətli dinamikanı daha yaxşı başa düşmək üçün aylıq və ya rüblük və ya mövsümi düzəliş edilmiş inflyasiya məlumatlarını təkrar araşdırmaq tələb olunur.

Qeyd edək ki, Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2024-cü il üzrə Azərbaycan üzrə inflyasiya proqnozunu kəskin azaldıb. “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 3.1%-dən 1.6%-ə endirib. Bu isə korporasiyanın aprel proqnozu ilə müqayisədə 1.5% bəndi azdır. ING 2025-ci ildə inflyasiya proqnozunu 3.8%, 2026-cı il üzrə isə 4.2% müəyyən edib. Proqnozlara əsasən, 2024-cü ilin ikinci rübündə Azərbaycanda orta illik inflyasiya 0.1%, üçüncü rübündə 1.3%, dördüncü rübündə isə 2.6% səviyyəsində gözlənilir. 

Nəzərə çatdıraq ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5.3%, 2025-ci ildə 4.9% olacağını proqnozlaşdırıb. Dövlət Statistika Komitəsi isə bu ilin yanvar-aprel ayları üzrə inflyasiyanın 0.7% olduğunu açıqlayıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

15.05.2024 11:27
1009