Rəsmi Bakının Gürcüstan seçkilərində tutduğu mövqenin arxasında yatan SİRR

Rəsmi olaraq elan edilməsə də, Azərbaycan Gürcüstan seçkilərində iqtidarda olan “Gürcü Arzusu”nu dəstəklədi. Xarici mediada rəsmi Bakıya ünvanlanan tənqidlərdə də bu var; Azərbaycan hakimiyyəti iqtidar partiyasını aşkar və gizli şəkildə dəstəklədi, seçkilərdən dərhal sonra Azərbaycan prezidenti hakim partiya sədrini təbrik etdi. Başqa sözlə, hər kəsə mövqeyini açıq bəyan etdi.

Əslində, sirr deyil ki, Azərbaycan hakimiyyətinin hazırkı Gürcüstan müxalifəti ilə hər hansı problemi yoxdur. Bunun bariz nümunəsi, uzaq olmayan keçmişdə Saakaşvili hakimiyyəti ilə olan münasibətlərdir. O da gizlin deyil ki, əgər seçkilərin nəticəsində müxalifət qalib gəlsəydi, Bakı ilə Tiflis münasibətlərində, hökumətlər arasında hər hansı problem olmayacaqdı. Necə ki, Saakaşvili və İlham Əliyev arasında münasibətlər çox yaxşı idi. Problem daha dərində idi.

Gürcüstanda hakimiyyət dəyişikliyi, yəni Qərbyönlü müxalifətin hakimiyyətə gəlməsi Cənubi Qafqazda “siyasi tarazlığın” Qərbin xeyrinə pozulmasına səbəb ola bilər. Bu isə Bakını çıxılmaz vəziyyətdə qoyacaq. Ümumilikdə isə bu baş verərsə, Qafqazda Rusiya-Qərb toqquşmasını daha sərt müstəviyə keçirə bilər.

Yeni ticarət yolları Cənubi Qafqazda münaqişələrin aradan qaldırılmasına  kömək edəcəkmi? » Reyting.az

Məsələ ondadır ki, Cənubi Qafqazda post-sovet dövrü, xüsusən də son 20 ildə mövcud konfiqurasiya Qərb və Rusiya arasında balanslı nizam hökm sürüb. Yəni Ermənistan Rusiyanın təsir dairəsində olub, Gürcüstan isə Qərbin. Azərbaycan isə hər iki qütblə, həm Rusiya, həm də Qərb arasında məsafəli, yumşaq dostluq siyasəti yürütməyə üstünlük verib. Bakı, Ermənistanla müttəfiq və tərəfdaş olmasına rəğmən, Moskva ilə yaxşı dostluq münasibətlərini saxlayıb. Eyni zamanda Qərblə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edib. Nəticədə Azərbaycan nefti və qazı dünya bazarına çıxıb, Qərb şirkətləri Azərbaycana sərmayə yatırıb və sair. Yəni Bakı faktiki olaraq Cənubi Qafqazda heç bir qütbün tam təsiri altına düşməkdən qaçıb.

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir - YENİLƏNDİ 3/FOTOLAR -  Şafaqna Azərbaycanca

Lakin indi regional və qlobal siyasi situasiya sürətlə dəyişir. Bir tərəfdən, Cənubi Qafqaz sürətlə qütbləşən dünyada rəqabət və toqquşma məkanına çevrilir, digər tərəfdən, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra mövcud balans pozulub, daha doğrusu dəyişməyə başlayıb. Yəni Ermənistanda Paşinyan hakimiyyəti Qərbə doğru sürətlə irəliləyir, Gürcüstanda isə İvanişvili hakimiyyəti yaranmış siyasi situasiyanın təsiri altında Qərbdən getdikcə daha çox qoparaq Rusiyanın orbitinə doğru sürüklənir. Bu proses isə ağır keçir. Çünki daha əvvəldən necə deyərlər, “seçimini etmiş” ölkələrdə hakimiyyətlərin mövqe dəyişməsi elə də asan proses deyil. Qərb İvanişvilidən, Rusiya isə Paşinyandan onun təsir dairəsində qalmasını tələb edir, buna görə onlara təzyiqlər edir. Bu mənada Bakının işi daha rahatdır, çünki əvvəldən bağlandığı qütb olmayıb.

Qafqazda böyük savaş: Azərbaycan son döyüşə hazırlaşır - GlobalInfo.az

Hər kəsə aydındır ki, həm Rusiya, həm də Qərb bu mübarizədə Cənubi Qafqazın hər üç respublikasını ələ keçirməyə çalışır. Bu isə Bakı üçün əlverişli deyil, hətta arzuolunmazdır. Azərbaycan üçün əlverişli olan Qafqazda “köhnə qaydanın” davam etməsidir. Yəni Qərb və Rusiya arasında güc balansı davam edir, Azərbaycan isə hər iki tərəflə normal münasibətlərini davam etdirir.

Vəziyyətin daha bir mürəkkəb tərəfi ondadır ki, 44 günlük müharibədən sonra Qərbdən Azərbaycana erməni məsələsi ilə bağlı təzyiqlər artıb, Rusiya isə bu vəziyyətdən Azərbaycanı “qazanmaq” üçün istifadə edir. Büruzə verilməsə də, Rusiya ilə həddən artıq yaxınlaşma Bakını məmnun etmədiyi hiss olunur.

Gürcüstanda seçkilər: Avropa İttifaqını istəyənlər niyə “Gürcü arzusu”na  səs verdi? - BBC News Azərbaycanca

Bakıda əsas narahatlıq həm də onunla bağlıdır ki, Gürcüstanda hakimiyyətə Qərbyönlülər gələcəyi təqdirdə Cənubi Qafqazda balans Qərbin xeyrinə dəyişəcək. Bu isə birincisi, Cənubi Qafqazda Rusiya-Qərb toqquşmasını şiddətləndirəcək, ikincisi isə Bakı tərəf seçməyə məcbur ediləcək. Nəticədə Azərbaycan iki tərəfdən birini seçməli, digərinə isə arxa çevirməli olacaq ki, bu da Azərbaycan üçün təhlükəlidir. Bu səbəbdən də Azərbaycan belə bir seçim qarşısında qalmaq istəmir. Həm də nəzərə almaq lazımdır ki, indiki regional siyasi situasiyanı nəzərə aldıqda Qərbin Qafqazda güclənməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki Qərbin Cənubi Qafqazın, belə desək, iki respublikasını ələ keçirməsi Azərbaycanı faktiki olaraq təkləməyə aparacaq. Azərbaycan Qərbi seçərsə, Rusiyanın sərt təpkisi ilə üzləşəcək, əksinə, Rusiyanın orbitinə daxil olarsa, o zaman Qərblə əlaqələri qopa bilər.

Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq

Bu səbəbdən də Bakı hələ ki, iki qütb arasında manevr etməyə, eləcə də Qafqazda balansı qorumağa çalışır. Digər tərəfdən, Qarabağ məsələsində Qərbin tutduğu qeyri-sağlam mövqe Bakının hazırkı anti-Qərb siyasətini arqumentləşdirməyə xidmət edir. Yəni Qərbin Ermənistanı dəstəkləyən siyasəti Azərbaycanda anti-Qərb ritorikasına xidmət edir. Amma Bakı Qərblə ipləri tamamilə qoparmağa çalışmır.

Bu səbəbdən də Azərbaycan nəyin bahasına olursa-olsun Cənubi Qafqazda güclər balansının pozulmaması üçün çalışır. Çünki balans pozulacağı təqdirdə ən böyük zərbə Azərbaycan hakimiyyətinə dəyəcək. Bu mənada indi Cənubi Qafqazda sabitlik və sabitliyin qorunması üçün ən çox maraqlı olan və bunu istəyən Azərbaycandır. Yaşadığımız regionda tarazlığı qoruyub saxlamaq isə getdikcə daha da çətinləşir.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

30.10.2024 19:09
1805