Rəşad Məcid – 60: Hər zaman barışıqdan yana olan adamın ömür yolu

İLK yayım saatı: 08:15 

Erkən gəncliyində o, şair kimi tanınırdı. Özündən böyüklər onu gələcək vəd edən şair sayırdılar. Ədəbi nəşrlərdə şeirləri çıxırdı, kitabı çıxmışdı, şeirlərinə musiqi bəstələnirdi. Ancaq dövrün, zamanın diktəsi öz rolunu oynadı. Publisistika və qəzetçilik Rəşad Məcidi poeziyanın ağuşundan aldı.

Bəlkə də xeyir bundaymış. Kim bilir, qəzetçiliyə transfer etməsə şair Rəşad Məcid hara qədər inkişaf edəcəkdi, əvəzində Azərbaycan jurnalistikası “525-ci qəzet” kimi unikal bir nəşri, media mühiti Rəşad Məcid kimi publisisti, baş redaktoru və media menecerini itirəcəkdi.

Əslində Rəşad Məcid bu uzun illərdə poeziyadan, ədəbiyyatdan çox uzaqlaşmayıb, qəzetçiliklə məşğul olduğu dönəmdə şeirlər və hekayələr yazıb. Hazırda isə o, Azərbaycan Yazıçılar Birliyinin sədr müavinidir, ədəbiyyatın içindədir.

Rəşad Məcid 21 avqust 1964-cü ildə Ağcabədi rayonunda doğulub, Ağdamda böyüyüb. 1979-cu ildə Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi bitirib.

81740ff9-077c-45a5-b589-6a82d9f8f041.jpg (148 KB)

Maraqlıdır ki, fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyan, dəqiq elmlərə həvəs göstərən Rəşad Məcid gələcəyi ilə bağlı dönüş edərək humanitar sahəyə yönəlib, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub və 1988-ci ildə, köhnə sistemin laxladığı, yeni, keşməkeşli dövrün başlandığı dövrdə universiteti bitirib. 1985-ci ildə "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb,

18 il boyunca bu jurnalın baş redaktoru olmuş yazıçı Həsən Mehdiyev əməkdaşlarımızın biri ilə söhbətində öz keçmiş tələbəsi Rəşad Məcid haqqında danışarkən qürur duya-duya demişdi: “Rəşad qanacaqlı, tərbiyəli, böyük-kiçik yeri bilən gənc idi. Onun irəli gedəcəyi bəlliydi, bizdə korrektor kimi işə başlamşdı, sonra jurnalın müxbiri oldu”.

1990–1991-ci illərdə R.Məcid Azərbaycan Bədii Tərcümə Mərkəzində sədr müavini vəzifəsində çalışıb, 1991–1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində işləyib, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə o, "525-ci qəzet"i təsis edib və artıq 32 ildir həmin qəzetə rəhbərlik edir.

anarreaş.jpg (50 KB)

2003-cü ildə yaradılan Mətbuat Şurasının idarə heyətində təmsil olunan Rəşad Məcid hazırda Şuranın sədridir.

Onun daha bir ictimai vəzifəsi var - Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdür. Bundan əvvəl iki dəfə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında təmsil olunub.

R.Məcid xarakteri etibarı ilə mötədildir. El arasında belə adamlara “işin düzələninə çalışan adam” deyirlər. Bu, mübahisəli məsələlərdə öz üzərinə barışdırıcılıq funksiyası götürmək, qarşı duran tərəfləri kompromisə dəvət etmək, münaqişənin dərinləşməsinin qarşısını almaq işidir. Günümüzdə bu, olduqca ağır funksiyadır, ancaq o qədər də lazımlı, faydalıdır.

Hər halda, Rəşad Məcidin fəaliyyətindən, mövqeyindən razı olanlar olmayanlardan qat-qat çoxdur.

308843457_5630289720327476_9134355146144014247_n.jpg (96 KB)

Bu gün onun 60 yaşı tamam olur. Bir qəzetçi üçün 60 yaş irəli yaş kimi görünə bilər, amma yazıçı üçün yaradıcılığın çiçəkləndiyi yaşdır. 

60 illik yubileyi və mediada, ədəbiyyatda göstərdiyi üstün xidmətləri səbəbindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. 

“Yeni Müsavar” Media Qrupuna daxil olan yaradıcı kollektivlər təcrübəli həmkarımızı ürəkdən təbrik edir, ona yaradıcılıq uğurları, gümrahlıq arzu edir.

 bd4c9325-4da9-4f29-8b40-113cb85abe97.jpg (218 KB)

“Yeni Müsavat” Media Qrupu

21.08.2024 12:15
958