Rəqabət Məcəlləsi üçüncü oxunuşda təsdiqləndi

Milli Məclis Rəqabət Məcəlləsi haqqında qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.

Musavat.com xəbər verir ki, komitə sədri Tahir Mirkişili qanun layihəsinə dəyişikliklər edildiyini bildirib və həmkarlarını məlumatlandırıb.

“Dəyişikliyə əsasən, qanunun 2024-cü il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. 5.6-cı maddədə “müvafiq bazarın sərhədlərinin” ifadəsinin “müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin” ifadəsi ilə əvəzlənməsi təmin olunur. Bu, çox önəmli dəyişiklikdir. Bir sıra maddələrdə “rəqibin təsərrüfat fəaliyyəti” ifadəsi “rəqibin sahibkarlıq fəaliyyəti” ifadəsi ilə əvəz edilir. 43.1.2-ci maddədə “dərc olunan” sözlərindən sonra “(yayımlanan)” sözləri əlavə edilir. 53.1-ci maddəyə görə, rəqabət orqanı tərəfindən zəruri hallarda tərcüməçi dəvət oluna bilər ifadəsi yazılıb. Həmin maddədən “zəruri hallarda” sözləri çıxarılır. Hal şahidlərinin iştirakı adlanan 54-cü maddə yeni redaksiyada verilir. Bununla da baxış və götürmə zamanı videoçəkilişdən istifadə məsələsi daha müasir üsullarla təmin ediləcək. Həmin maddənin mətni aşağıdakı kimidir.

Yeni redaksiyada “60.2. Rəqabət orqanı tərəfindən aparılan araşdırma və ya yoxlama çərçivəsində barəsində araşdırma aparılan bazar subyektinin hərəkətlərində bu Məcəllənin 77.1.1-ci maddəsində qeyd edilən qanun pozuntusu aşkar edildikdə bazar subyektinə həmin pozuntunun mahiyyəti izah edilir və onun aradan qaldırılması üçün 10 (on) gün vaxt müəyyən edilir. Pozuntunun könüllü aradan qaldırılması ilə bağlı əlavə vaxt tələb olunduğu halda bazar subyektinin müraciəti əsasında rəqabət orqanının qərarı ilə bu Məcəllənin 60.1-ci maddəsi tətbiq edilir” məzmunlu 60.2-ci maddə əlavə edilir. Bununla da 60.2 və 60.3-cü maddələr müvafiq olaraq 60.3 və 60.4 olacaq.

Yeni redaksiyada həmçinin “Rəqabət komissiyanın qərarlarının nəticələrinə dair məlumatlar rəqabət orqanının rəsmi internet səhifəsində dərc edilir” məzmunlu 66.5-ci maddə əlavə edilir.

Rəqabət qanunvericiliyinin pozulması və məsuliyyət tədbirlərinin tətbiqi adlanan 70-ci maddənin adı “Rəqabət qanunvericiliyinin pozulmasına və məsuliyyət tədbirlərinin tətbiqinə dair qərarlar” adlandırılır. 77.1.1-ci maddədə “bu Məcəlləyə əsasən tələb olunan hallarda və” sözlərindən sonra “bu Məcəllənin 60-cı maddəsi nəzərə alınmaqla” sözləri əlavə edilir. 77.2.3-ci maddədə “nisbi hökmran mövqe” ifadəsi “nisbətən yüksək bazar gücü” ifadəsi ilə əlavə edilir. Eyni zamanda, qanun layihəsində dəqiqləşdirici, o cümlədən istinad olunan maddəni dəqiqləşdirən düzəlişlər, redaktə və stilistik xarakterli düzəlişlər də edilib. Bütün dəyişikliklər qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə razılaşdırılaraq sizə təqdim olunan layihədə öz əksini tapıb”, - T.Mirkişili bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

E.Paşasoy,
Musavat.com

08.12.2023 12:53
669