3 qanunu qüvvədən salmış məcəllədən əsas gözlənti - inhisarçılıq, əsassız qiymət artımı aradan qalxacaqmı...
Artıq 3 gündür Azərbaycanda rəqabət mühitini tənzimləyən yeni sənəd - Rəqabət Məcəlləsi qüvvəyə minib. İlk layihəsi 2006-cı ildə hazırlanan, ondan ötən 17 ildə hökumətin kabinetindən keçib Milli Məclisə gəlib çata bilməyən bu sənəd nəyə görə vacibdir?
Uzun illər boyu xarici məsləhətçilərin, yerli ekspertlərin verdiyi rəylərə görə, Azərbaycanda ifrat həddə çatmış inhisarlaşmanın qarşısını almaq, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmaq üçün hüquqi bazanın bir sənəddə toplanması, konkret çərçivələrin müəyyənləşməsi Rəqabət Məcəlləsinin qəbulunu zəruri edirdi. Bu oturuşmuş rəy həm də cəmiyyətin fikrinə çevrilmişdi. İndi artıq hamının gözlədiyi sənəd qəbul edilib, iyulun 1-dən də qüvvəyə minib.
Rəqabət Məcəlləsində nələr var?
Rəsmi məlumata görə, 12 fəsil, 84 maddədən ibarət Rəqabət Məcəlləsi Azərbaycanda azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.
Məcəlləyə əsasən rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət orqanı tərəfindən rəqabət komissiyası yaradılır. Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
Bir təsərrüfat subyekti 50 faiz və daha çox bazar payına malik olduqda, müvafiq bazarda hərəkətləri birbaşa və ya dolayı yolla birgə xarakter daşıyan, hər biri 10 faizdən çox bazar payına malik olan 2 (iki) və daha çox təsərrüfat subyekti (ən çox paya malik olanlar əsas götürülməklə) iki və ya üç təsərrüfat subyektinin birgə bazar payı 50 faizdən çox olduqda; dörd və ya beş təsərrüfat subyektinin birgə bazar payı 70 faizdən çox olduqda hökmran mövqe tutmuş hesab edilir.
Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri (bazar payının hədləri və müəyyən edilməsi meyarları) rəqabət orqanı ilə razılaşdırmaqla Mərkəzi Bankın təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Bundan əlavə, müvafiq bazarda 50 faizdən az, lakin 35 faizdən çox bazar payına malik olan təsərrüfat subyekti müvafiq bazara təsir imkanına malik olduqda hökmran mövqe tutmuş hesab edilir. Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Məcəlləyə görə, haqsız rəqabətin formaları bunlardır: müştərilərə qarşı aqressiv davranış; rəqib təsərrüfat subyektinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; müştərilərin çaşdırılması və aldadılması; kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması.
Dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların normativ hüquqi aktlarla müəyyən edilmiş əsaslar olmadan rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya səbəb ola bilən), eləcə də təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinə toxunan (və ya toxuna bilən) hərəkətləri (hərəkətsizliyi) qadağan edilir. Bu hərəkət və hərəkətsizliklərə dövlət və bələdiyyə mülkiyyətində olmayan təsərrüfat subyektlərinə məhsulun istehsalı və satışı üzrə, həmçinin müəyyən kateqoriya müştərilərin üstünlük verilməklə təchiz edilməsi və ya bəzi müqavilələrin bağlanmasına üstünlük verilməsi üzrə birbaşa və dolayı göstərişlərin və (və ya) məcburi dövlət sifarişlərinin verilməsi, eyni zamanda müştərilərə müəyyən kateqoriya məhsulun xüsusi bazar subyektlərindən alınmasına dair məhdudiyyətlərin qoyulması; təsərrüfat subyektlərinin satdığı məhsulun qiymətləri üzərində nəzarətin həyata keçirilməsi; öz struktur bölmələrinə və tabeliyində olan qurumlara rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən səlahiyyətlərin verilməsi; fəaliyyəti rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən təsərrüfat subyektlərinin və idarəetmə orqanlarının yaradılması; Azərbaycan ərazisində məhsulun hərəkətinə qadağaların (məhdudiyyətlərin) tətbiqi, kapital qoyuluşlarına, habelə iqtisadiyyatın müxtəlif sahələri arasında maliyyə vəsaitinin sərbəst hərəkətinə maneələrin yaradılması; eyni sahədə fəaliyyət göstərən ayrı-ayrı təsərrüfat subyektlərinə rəqabətdə üstünlük verə biləcək güzəştli kreditlərin, subsidiyaların, vergi və digər ödənişlər üzrə güzəşt və azadolmaların verilməsi, dövlət və bələdiyyə mülkiyyətində olan vəsaitdən güzəştli şərtlərlə istifadə etmək imkanının yaradılması; müəyyən məhsulun alışı, satışı, istehsalı, idxalı və ixracının, müəyyən sahibkarlıq fəaliyyət növü ilə məşğul olmanın, habelə yeni müəssisələrin, o cümlədən maliyyə institutlarının yaradılmasının qadağan edilməsi və ya məhdudlaşdırılması, eləcə də yeni texnologiyaların işlənilib hazırlanması ilə bağlı maneələrin yaradılması; təsərrüfat subyektlərinin müstəqilliyinin, o cümlədən xarici iqtisadi fəaliyyətinin məhdudlaşdırılması; rəqabətin məhdudlaşdırılmasına yönəldiyi və müştərilərin mənafeyinə toxunduğu hallarda qiymətlərin yüksəldilməsi, aşağı salınması və ya bir səviyyədə saxlanılması məqsədilə məhsul, o cümlədən maliyyə xidmətləri bazarlarına əsassız müdaxilə edilməsi; rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması; tələb və təklif sahəsində informasiya resursları üzərinə nəzarətin qoyulması və ya bəzi təsərrüfat subyektlərinə belə informasiya resurslarına üstün çıxış imkanının yaradılması; dövlət satınalmaları sahəsində normativ hüquqi aktlara zidd olaraq müəyyən təsərrüfat subyekti üçün üstün şərait yaradılması; yeni təsərrüfat subyektlərinin bazara daxil olmasına maneələrin yaradılması; təsərrüfat subyektlərinin maddi ehtiyatlarla təchiz olunması üçün mərkəzləşdirilmiş qaydada təchizat kanallarının yaradılması; qarşılıqlı əvəz oluna bilən məhsulların istehsalına, idxalına və ixracına nəzarətin həyata keçirilməsi; az həcmdə gəlir əldə edən və ya zərərlə işləyən təsərrüfat subyektlərinə ictimai mənafe ilə bağlı olmayan, rəqabəti məhdudlaşdıran (məhdudlaşdıra bilən) güzəştlərin və əlverişli şərait yaradan üstünlüklərin verilməsi, yardım göstərilməsi; müştərilərin sərbəst seçim hüququnu məhdudlaşdıran (məhdudlaşdıra bilən) qərarların qəbul edilməsi; bələdiyyələrin öz səlahiyyətlərindən, bələdiyyə mülkiyyətində olan obyektlərin, yerli büdcənin, həmçinin büdcədənkənar fondların vəsaitindən ayrı-ayrı təsərrüfat subyektlərinə üstünlük yaratmaq məqsədilə istifadə etməsi; rəqabətin məhdudlaşdırılmasına səbəb olan (ola bilən) digər qanunsuz hərəkətlər (hərəkətsizlik) aiddir.
Rəqabət Məcəlləsi qüvvəyə mindikdən sonra əvvəlki qanunlar, yəni “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlar qüvvədən düşüb. Bildirilir ki, əvvəllər qüvvədə olan rəqabət qanunvericiliyindən fərqli olaraq, yeni Rəqabət Məcəlləsi rəqabəti, antiinhisar qanunvericiliyini, inhisarçılığı, bazar iştirakçılarının hüquq və vəzifələrini, rəqabət orqanını, sanksiyaları və cərimələri, rəqabəti məhdudlaşdıran şaquli və üfüqi müqavilələrə dair müfəssəl tələbləri, haqsız rəqabəti, iqtisadi təmərküzləşməni və digər əlaqədar məsələləri tənzimləyir, habelə Azərbaycanda biznesin tənzimlənməsi qanunvericiliyinə xeyli sayda yeni konseptlər, anlayışlar və qaydalar gətirir.
Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən gözləntilər həddən artıq böyükdür. Bu gözləntilərin mərkəzində dayanan isə aşağı-yuxarı eynidir: inhisarçılıq aradan qalxacaq, qiymətlərin əsassız bahalaşmasının qarşısı alınacaq, kiçik və orta sahibkarlar üçün fürsətlər yaranacaq. Bir çox sahibkarlar ən azı inhisarçıların addımlarından dövlət orqanlarına şikayət etmək üçün hüquqi əsas yarandığını deyirlər: indiyədək hansısa inhisarçının, tutalım, əsassız qiymət siyasətinə dair harasa müraciət edəndə istinad üçün hüquqi sənəd yox idi. İndi Rəqabət Məcəlləsi var, onun icrasına nəzarət edən konkret dövlət orqanı müəyyənləşdirilib.
Lakin Azərbaycan təcrübəsi dəfələrlə sübut edib ki, ən yaxşı hüquqi müddəalar belə icra olunmadan qalır. Və bu, uzun illər davam edə bilir. Məhz bu acı təcrübəni nəzərə alan təcrübəli mütəxəssislər Rəqabət Məcəlləsinin Azərbaycanda rəqabət mühitini necə dəyişəcəyini qiymətləndirmək üçün azı 1 il gözləməyin gərəkdiyini bildirirlər. Deyirlər ki, iqtisadiyyatın bütün əsas sahələrində inhisarlaşma kritik həddə çatıb. Bu cür oturuşmuş mexanizmi tərpətmək, hansısa formada dağıtmaq, zəiflətmək üçün nəzarətçi orqanın əlində çox ciddi rıçaqlar, həm də nüfuz və güc olmalıdır. Rəqabət Məcəlləsinin təsdiqlənməsinə dair Prezident İlham Əliyevin yanvar ayında imzaladığı fərmanda Nazirlər Kabinetinə 6 ay müddətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və təmin edilməsi ilə bağlı təkliflərini təqdim etmək tapşırılmışdı. Əgər fərmanın bu bəndi icra olunubsa, Prezidentin müvafiq sənədi yaxın vaxtlarda imzalaması gözləniləndir. Məhz həmin sənəddə Rəqabət Məcəlləsinin icrasına nəzarət edən orqanın - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əlavə səlahiyyətləri əksini tapacaq.
Beləliklə, Rəqabət Məcəlləsi qüvvəyə minsə də, onun keyfiyyətli icrasını təmin edəcək bir sıra addımlar hələ atılmayıb. Bu isə o deməkdir ki, məcəllənin nə qədər “işlədiyini” qiymətləndirmək üçün azı 1 illik vaxt tələb olunduğunu bildirən mütəxəssislər haqlıdılar...
Dünya SAKİT,
“Yeni Müsavat”